COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!
Xalqımız bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a evsahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan bu mötəbər tədbirin rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri hazırlıq işlərini həyata keçirməyə nail oldu. COP29 ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Azərbaycan 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. Prezident cənab İlham Əliyev də çıxışlarında bu məsələni yüksək qiymətləndirərək deyib: “COP29-a evsahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik”.
“Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış oldu. Çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Bununla yanaşı, müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirildi. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.
Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Dövlətimizin başçısı Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirdi. Qeyd etdi ki, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Cənab Prezident, həmçinin COP29-a gedən yolda Azərbaycana göstərdikləri dəstəyə görə bütün Tərəflərə, Birləşmiş Millətlər Təşkilatına və UNFCCC-yə minnətdarlığımı bildirdi”.
Bakı Maliyyə Məqsədi əhəmiyyətli artım nümayiş etdirərək 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qoyur. Buraya əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi daxildir. Azərbaycanın COP29 Sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi.
COP29 Sədrliyinin Fəaliyyət gündəliyi daha geniş qrup maraqlı tərəfləri qlobal iqlim fəaliyyətinə töhfə verməyə çağırıb. Fəaliyyət Gündəliyinin Təşəbbüsləri bəzi aktual problemlərə qarşı mübarizə aparır, unudulmuş prioritetlərə işıq salır, ev sahibi ölkənin təcrübəsinə və perspektivinə əsaslanan unikal həllər təklif edir və ardıcıllığı və COP-dan-COP-a davamlılığı möhkəmləndirir. Bu təşəbbüslər bütün maraqlı tərəflərlə məsləhətləşmələr əsasında inklüziv və şəffaf şəkildə hazırlanıb. Onlar mövcud təşəbbüsləri tamamlayır və iqlim çağırışlarına yeni, yaradıcı yanaşmalar gətirir. Bu Təşəbbüslər birlikdə ambisiyalı iqlim fəaliyyətinin həyata keçirilməsini dəstəkləyəcək.
Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı.
Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova
Bakı Maliyyə Məqsədi əldə edə biləcəyimiz ən yaxşı razılaşmadır
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını bu günə qədərki COP sammitlərinin ən möhtəşəmi adlandırmaq olar. Sammitdə iştirak edən siyasi liderlər də bunu etiraf edirlər. Dünyanın nüfuzlu konfransının məhz Azərbaycanda keçirilməsi ölkəmizə və onun liderinə göstərilən yüksək ehtiramın nəticəsidir. Mötəbər konfranslara ev sahibliyi etmək kimi böyük təcrübəsi olan Azərbaycanda bu dəfə dünya liderləri qlobal iqlim böhranının həlli yollarını axtarırlar. Azərbaycanın uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bəşəriyyətin iqlim dəyişmələrinə qarşı mübarizəsində dönüş nöqtəsi hesab edilir. MCOP29 sayəsində iqlim böhranına qarşı dünya ölkələrinin mübarizə imkanları yenidən, özü də daha güclü bir şəkildə səfərbər edilir. Burada ən mühüm məqamlardan biri də odur ki, iqlim dəyişmələrinin təsirinə məruz qalan, lakin buna qarşı mübarizə aparmaq üçün lazımi imkanlara malik olmayan yoxsul, inkişaf etməkdə olan ölkələrin üzləşdiyi problemlərin aradan qaldırılmasına daha çox maliyyə və resurs sərf ediləcək. Bu, COP29-un ədalət prinsipinin gözlənilməsi baxımından da tarixi nailiyyətinin təzahürü oldu. Qeyd edilməlidir ki, zəngin ölkələr COP29-un yekununda qəbul edilən Bakı Maliyyə Məqsədi adlı qərara müvafiq olaraq, iqlim dəyişikliyinə hazırlaşmaq və qarşısını almaq üçün inkişaf etməkdə olan ölkələrə hər il rekord məbləğdə vəsait – 300 milyard ABŞ dolları verəcəklərini öhdəlik kimi götürüblər. Bu qərar 2035-ci ilə qədər qüvvədədir. COP29-a qədər bu məbləğ 100 milyard ABŞ dolları təşkil edirdi və heç də əlverişli şərtlərlə verilmirdi. COP29-da tamam yeni nəticələr əldə olundu, ayrılan məbləğ indiyədək baş tutan COP-ların tarixində əldə olunmuş rekord məbləğdir. Ayrılan vəsait artıq qlobal miqyasda yaşıl enerjiyə keçid prosesini sürətləndirəcək, ətraf mühitin çirkləndirilməsi prosesinin templərini aşağı salacaq.
COP29-da ən mühüm yeniliklərdən biri İtki və Zərər Fondu ilə bağlı oldu. Sözügedən Fond artıq gələn ildən fəaliyyətə başlayacaq və bu, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələrinə qarşı mübarizəsində həyati əhəmiyyət kəsb edəcək. Artıq faktdır ki, iqlim dəyişmələrinin nəticələri kiçik ada dövlətləri üçün ölüm-dirim həddinə çatıb. Bu səbəbdən onlara problemin öhdəsindən gəlmək üçün müvafiq köməkliklərin, o cümlədən maliyyə yardımının göstərilməsi müstəsna önəmə malikdir. Xüsusi qeyd edilməlidir ki, kiçik ada dövlətlərinin iqlim böhranı ilə bağlı olaraq üzləşdikləri problemlərin həlli istiqamətində müvafiq fəaliyyətin həyata keçirilməsi Prezident cənab İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən edilmişdi. Azərbaycanın xüsusi səyləri nəticəsində İtki və Zərər Fondu artıq gələn ildən kiçik ada dövlətlərinə iqlim böhranına qarşı mübarizə üçün vəsaitlərin ödənilməsinə başlayacaq. Söhbət burada yüz milyonlarla dollardan gedir. İtki və Zərər Fonduna donor ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur.
COP29 çərçivəsində əldə olunan möhtəşəm uğurlardan biri də Paris İqlim Sazişində yer alan 6-cı maddə üzrə on il davam edən danışıqların yekunlaşması oldu. Xatırlatmaq lazım gəlir ki, Qlazqoda, Şarm əl-Şeyxdə və Dubayda keçirilən COP-larda karbon bazarları üçün mühüm qaydalar, şərtlər və prosedurlar müəyyən edilsə də, 6-cı maddənin yekun əsas elementləri həll edilməmiş qalırdı. Amma Azərbaycanın səyləri nəticəsində onillik bir problem çözüldü. 6-cı maddə iqlim məqsədlərinə nail olmaq istiqamətində əməkdaşlıq münasibətində olan ölkələr üçün möhkəm və şəffaf karbon bazarları təmin edir. Məhz bunun nəticəsində karbon bazarlarından maliyyə axınlarının qarşıdakı 25 il ərzində ildə 1 trilyon ABŞ dollarına çatması gözlənilir.
Bu konfrans, planetimizin gələcəyini təhlükə altına alan ekoloji problemlərə qarşı birgə tədbirlər görmək və davamlı inkişaf hədəflərinə uyğun qəti addımlar atmaq üçün dövlətləri bir araya gətirdi.
Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova