image-qanunla-reklam
image-1731418803_c9f3d880e139a9836f02c4a1217f3785

COP29 Azərbaycan dövlətinin və xalqının növbəti möhtəşəm uğuru oldu

image-lady-day-az

COP29 Azərbaycan dövlətinin və xalqının növbəti möhtəşəm uğuru oldu

Genişmiqyaslı, planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına, eləcə də təxribatlara, siyasi-psixoloji təzyiqlərə baxmayaraq, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a uğurla ev sahibliyi etdi və iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. Qısa müddət ərzində bütün hazırlıq işlərini ən yüksək səviyyədə həyata keçirən Azərbaycan dünya birliyinin növbəti dəfə etimadını və inamını doğrultdu. Mübaliğəsiz demək mümkündür ki, 80 dövlət və hökumət başçısının, ümumilikdə 196 ölkə üzrə qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29 tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdü.

Çünki COP29 rahat və hər kəsin həmrəy olduğu ümumi məsələlərin müzakirə edildiyi platforma deyildi. COP29 inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə yüz milyardlarla dollar kimi böyük məbləğlərdə yardım etməsi ilə bağlı fövqəladə maliyyə məqsədli konfrans idi. Burada qeyd olunan məqsədə nail olmaq isə dünyanın inkişaf etmiş ölkələrindən, xüsusilə də ABŞ, Avropa İttifaqı dövlətləri və Çin kimi qlobal aktorların qərarlarından asılı idi. Əlbəttə ki, Azərbaycanın üzərinə düşən missiya bu cür kəskin qlobal qütbləşməyə baxmayaraq, müzakirələrin axarını ortaq mövqeyə doğru yönləndirə bilmək və məntiqi sonluğa gətirib çatdırmaq idi. Bu mənada, Azərbaycan COP29-a sədrlik edən ölkə kimi yüksək peşəkarlıq və fədakarlıq göstərdi. Beləliklə də, Azərbaycanın COP29 sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi. COP29-da müzakirələrin ilkin olaraq 200 milyard dollar rəqəmi ətrafında getməsinə baxmayaraq, Azərbaycanın uğurlu moderatorluğu ilə 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu. Məhz belə bir mürəkkəb maraqlar labirintinin içindən ildə 300 milyard dollarlıq maliyyə qərarı ilə çıxmaq iqlim diplomatiyasının ən üst səviyyəsi sayılmalıdır. Bununla da Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı.

“Geosiyasi parçalanmanın müşahidə edildiyi bir ildə əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyərək 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi barədə qərarın qəbulu Azərbaycanla bağlı şübhəsi olan hər kəsi yanıltdı” – deyən Ramil Vəlibəyov əlavə edib ki, COP29-da qəbul edilmiş qərarlar qlobal iqlim maliyyəsi arxitekturasını həmişəlik dəyişəcək: “Onu da əlavə edək ki, COP29-da qəbul edilmiş Bakı Maliyyə Məqsədi ilə yanaşı yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair Paris Sazişinin 6-cı maddəsi üzrə danışıqların yekunlaşması üçün on il davam edən gözləntiyə də son qoyuldu və bu məsələ tam şəkildə Bakıda razılaşdırıldı. Eyni zamanda, Azərbaycan COP29 çərçivəsində Zərər və İtki Fondunu işə salmağa, fondun 2025-ci ildə maliyyə vəsaitini paylaşdırmağa hazır olmasına müvəffəq oldu. Bütün deyilənlərlə yanaşı COP29 çərçivəsində yaşıl enerji və yaşıl iqtisadiyyata keçidlə bağlı bir çox razılaşmalar əldə olundu. Bütövlükdə, Azərbaycan COP29-a uğurlu sədrliyi ilə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu”.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

Bədxah dairələr düşünürdülər ki, COP29 sammiti yaxşı alınmasa, bu, Azərbaycanın reputasiyasına zərbə olacaq.

Noyabrın 11-dən 24-nə (01.00-a) qədər Bakıda keçirilən COP29 iqlim sammiti həm Azərbaycan, həm də ümumilikdə dünya üçün uğurlu beynəlxalq tədbir kimi yaddaşlara həkk olunmaqdadır.

Sammitin yekunları, xüsusilə də gərgin müzakirələrdən, açıq şəkil alan mübahisələrdən sonra əldə olunan razılaşmalar bir sıra dünya liderlərinin təqdirini qazanıb və onlar COP29-un işini yüksək qiymətləndirirlər. Bu sırada ABŞ-nin prezidenti Cozef Baydendən tutmuş beynəlxalq üstqurum təşkilatlarının liderlərinə qədər məşhur liderlər var.

Uzun illərdən bəri bu səviyyədə olmasa da, böyük beynəlxalq tədbirlərə (“Eurovizion” yarışması, Avropa oyunları, “Formula-1” yarışması, İslam oyunları, forumlar, konfranslar, festivallar, simpoziumlar, qurultaylar və s.) təşkilatçılıq etmək baxımından böyük təcrübə toplamış Azərbaycan hökuməti COP29-u da yüksək səviyyədə keçirməklə Azərbaycanın, necə deyərlər, qonaq qarşısına üzüağ çıxmaq mərifətini göstərdi və böyük tədbirləri təşkil etmək sahəsində nümunə oldu.

COP29-dan aylar öncə, eləcə də tədbirin başlanması ərəfəsində ölkədə bütün təbəqələrdə bəlli bir həyəcan vardı. Çünki bu beynəlxalq tədbirin keçirildiyi günlərin atmosferi ölkənin, xüsisilə də paytaxtın bütün sakinlərinin həyatına təsir edəcəkdi. Elə də oldu. Zəruri tədbirlər hamının həyatına təsir etdi, ancaq xüsusi gərginlik və problemlər yaratmadı.

Üstəlik, Azərbaycanın uğurlarını həzm edə bilməyən, hər fürsətdə ölkəmizin reputasiyasına zərbə vurmağa çalışan xarici dairələrin mövcudluğu, məqsədyönlü fəaliyyəti göz önündə idi. COP-29 sammitinə Azərbaycan ev sahibliyi etsə də, bu, BMT-nin bayrağı altında keçirilən tədbir idi, ancaq bədxah dairələr bu sammitə ona görə maneçilik törətmək, problem yaratmaq istəyirdilər ki, ortada Azərbaycanın adı vardı. Onlar düşünürdülər ki, COP29 sammiti yaxşı alınmasa, bu, Azərbaycanın reputasiyasına zərbə olacaq. Bir sözlə, suyu bulandırıb balıq tutmaq tutmaq istəyənlər vardı.

Ancaq onların xəyalları suya düşdü, Azərbaycan tərəfinin öz üzərinə düşən işləri hərtərəfli peşəkarlıqla görməsi bədxahlara “təşkilatçılıq zəif idi”, “təhlükəsizlik qaydalarında boşluqlar vardı” kimi demaqoqluqlar etməyə imkan vermədi.

Bir sıra xarici və yerli dairələrin ən çox toxunduqları məqam COP29-da iştirak edən ölkələrin və onların təmsilçilərinin sayı ilə bağlıydı. Açılış günündən sonrakı günlərdə məlum oldu ki, narahatlığa əsas yoxdur, qonaqların sayı kifayət qədərdir, hətta dünyanın o başından, məsələn, Kapo Verdedən, Zambiyadan, San Tome və Prinsipi dövlətindən də yüksək vəzifəli təmsilçilər gəlib.

Az tanınan və inkişaf etməkdə olan ölkələrin nümayəndələrinin sammitdə və müzakirələrdə həvəslə iştirak etmələrinin bir səbəbi də o idi ki, bu sammitin nəticələrindən asılı olaraq onlar böyük maliyyə yardımları ala bilərdilər.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Bütün dünya üçün böyük əhəmiyyət daşıyan COP29 sammiti öz ritmi, ahəngi ilə, müsbət nəticələri ilə başa çatdı

İqlim dəyişikliklərinin fəsadları ilə bağlı belə bir hesabalama mövcuddur ki, yaxın illərdə bunun üçün 10 trilyondan çox vəsait lazım olacaq. Təbii kataklizmlərin müxtəlif ölkələrə vurduğu zərər bundan az olmayacaq. COP29-da qəbul olunan ən önəmli qərarlardan biri də məhz bu istiqamətdədir. Əldə olunan razılaşmaya əsasən hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi hədəfləyir. Bakı Maliyyə Məqsədi varlı ölkələrin 2035-ci ilə qədər kasıb dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir.

COP29 sədarətinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək. Bu vəsait, lakonik desək, kasıb ölkələrin iqlim dəyişikliklərinə uyğunlaşmasını təmin edən layihələrə yönəldilməlidir.

COP29-un ən böyük uğurlarından biri 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da “Paris sazişi”nin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirilməsi oldu. Bununla bağlı razılığın əldə olunması COP29 sədarətinin xüsusi önəm verdiyi məsələlərdən biri idi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq.

Bu xüsusda yayılan rəsmi açıqlamada bildirilir ki, 6-cı maddə üzrə əməkdaşlıq qlobal olaraq emissiyaların azaldılmasını tənzimləyə biləcək. Bir ölkədə emissiyaların azaldılması hesabına karbon bazarları vasitəsilə digər dövlətdə emissiyaların çox olmasını tarazlaşdırmaq mümkün olacaq. Kömürlə işləyən elektrik stansiyalarının fəaliyyəti dayandırılacaq, külək enerjisi ilə işləyən elektrik stansiyalarının tikintisi artıralacaq, meşələrin qırılmasının məhdudlaşdırılması ilə yanaşı yeni meşə massivlərinin bərpası və salınması işi gücləndiriləcək.

Bir sözlə, bütün dünya üçün böyük əhəmiyyət daşıyan bu sammit öz ritmi, ahəngi ilə, müsbət nəticələri ilə başa çatdı. Xoşbəxtlikdən, ölkəmizin adına xələl gətirə biləcək hər hansı xoşagəlməz hadisə baş vermədi, qonaqlar bizdən razı getdilər. Azərbaycan da dünya şöhrəti qazandı, öz imzasını imzalar içində bir daha təsdiqlədi. Bundan sonra ölkəmiz hansı beynəlxalq tədbirə ev sahibliyi etmək istəsə, böyük ehtimalla qərar verən dairələr seçim qarşısında çox da tərəddüd etməyəcəklər.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

 

COP29-un yekununda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Rəsmi Bakı noyabrın 11-də start götürən və qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusi ilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etmişdi. Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir.

COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək.

Bundan başqa, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. Bununla bağlı razılığın əldə olunması COP29 Sədrliyinin önəm verdiyi əsas prioritet məsələlərdən biri idi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq. Digər tərəfdən, 6-cı maddə üzrə əməkdaşlıq qlobal olaraq mitiqasiya tədbirlərini, yəni emissiyaların azaldılmasını tənzimləyə biləcək. Bir ölkədə emissiyaların azaldılması hesabına karbon bazarları vasitəsilə digər dövlətdə emissiyaların çox olmasını tarazlaşdırmaq mümkün olacaq. Həmçinin bu qərarlar real, əlavə, təsdiqlənə və ölçülə bilən emissiya azalmaları və aradan qaldırılmaları vasitəsilə onların qlobal iqlim investisiyalarını təşviq etmək potensialını da ortaya çıxaracaq.

COP29-da əldə olunan əsas nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrimin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunub. Bu baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin böyük uğuru oldu.

COP29-un yekununda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Həmçinin növbəti COP sessiyaları çərçivəsində adaptasiya üzrə yüksək səviyyəli Bakı dialoqu çağırılacaq. Bu, inkişaf etməkdə olan ölkələrinin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirə olunmasını təmin edəcək.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

 

COP29-un Azərbaycanda keçirilməsi təkcə təşkilatçılıq baxımından deyil, həm də nəticələri baxımından tarixi hadisə idi

COP29-un təsirli nailiyyətlərinin arxasında aylarla davam edən geniş hazırlıq işləri və bəşər övladının həyatını dəyişən iki həftəlik gərgin və çətin müzakirələr dayanırdı. Danışıqların müəyyən seqmentlərinin gərgin xarakterini nəzərə alsaq, iqlim sammitinin nəticələrini, şübhəsiz ki, təsirli adlandırmaq olar, bəzi qərarlar hətta gözləntiləri üstələdi. Belə ki, konfrans iqlim dəyişikliyi ilə mübarizə üçün ildə 300 milyard dollar ayırmaq barədə tarixi razılaşma ilə başa çatdı. Lakin bu razılaşmanın əldə edilməsi prosesi məsuliyyətli inkişaf etməkdə olan ölkələr və Qərbin öz öhdəliklərini yerinə yetirmək cəhdləri arasında döyüş meydanına çevrildi. Lakin bəzi bədnam qüvvələrin manipulyasiyalarına baxmayaraq, beynəlxalq ictimaiyyət fikir ayrılıqlarını aradan qaldırmaq bacarığını nümayiş etdirdi.

COP29-un Azərbaycanda keçirilməsi təkcə təşkilatçılıq baxımından deyil, həm də nəticələri baxımından tarixi hadisə idi. Dövlətlərin belə bir-birindən fərqli maraqlarını birləşdirmək və məhsuldar danışıqları təmin etməkdə Bakının unikal bacarığı digər ölkələr üçün nümunə sayılmalıdır. Azərbaycan nümayiş etdirdi ki, konstruktiv dialoq və planetin gələcəyi üçün məsuliyyət dar siyasi ambisiyalardan üstün olmalıdır. Bütün bunlar onu göstərir ki, COP29-un məqsədlərinə nail olunub. Azərbaycan gələcək COP-ların uğuru üçün müsbət presedent yaratdı və Bakıda qəbul edilən qərarları qlobal iqlim dəyişikliyi ilə mübarizədə dönüş nöqtəsi hesab etmək olar. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Bakıda keçirilən COP29 tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək.

Çoxtərəfliliyin təntənəsinə çevrilmiş COP29 ölkələr arasında körpülərin qurulması və qlobal problemlərdən əziyyət çəkən xalqların nümayəndələri üçün mötəbər tribuna oldu. Bu tribunada müstəmləkəçilik, onun fəsadları və yaşatdığı dəhşətli problemlərdən qurtulmağın yolları, əziyyət çəkən xalqlara həmrəyliyin nümayişi hər şeydən qabaq insanlığın qorunmasına töhfə idi. Təkcə öz vətəndaşına deyil, bəşər övladına sevgi ilə yanaşan Azərbaycan dövləti narahat dünyamızın qorunması istiqamətində Prezident İlham Əliyevin bəyan etdiyi kimi iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. COP29-da dünya buna bir daha şahidlik etdi.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki