image-qanunla-reklam
image-810441852a444d7fbebd246d73d9e0be_17768420072942310880_1200x630

Biz elə bunun əsasında tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışmışıq

image-lady-day-az

Biz elə bunun əsasında tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışmışıq

Aprelin 22-də Bakıda Azərbaycan Prezidenti cənab İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs arasında keçirilən görüş və mətbuata verilən bəyanatlar iki ölkə arasında əlaqələrin yalnız siyasi çərçivədə deyil, eyni zamanda iqtisadi, humanitar və təhlükəsizlik sahələrində də inkişaf etdiyini göstərir. Səfər çərçivəsində aparılan geniş müzakirələr və imzalanan sənədlər münasibətlərin daha praktik və nəticəyönümlü mərhələyə keçdiyini təsdiqləyir. Tərəflər arasında mövcud olan münasibətlərin əsasını doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə təşkil edir. Həmin sənəd iki dövlət arasında əlaqələrin hüquqi və siyasi çərçivəsini formalaşdıraraq əməkdaşlığın uzunmüddətli və sabit inkişafına imkan yaradıb. Bu baza üzərində qurulan əlaqələr müxtəlif sahələrdə ardıcıl şəkildə genişlənməkdədir. Təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən müzakirələrdə həm ikitərəfli gündəlik, həm də beynəlxalq və regional proseslər ətrafında fikir mübadiləsi aparılıb. Bu amillər tərəflərin qlobal məsələlərdə oxşar yanaşmalara malik olduğunu və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğunu göstərir.

Görüşün əsas istiqamətlərindən biri iqtisadi əlaqələrin genişləndirilməsi olub. Şuşada keçirilmiş Birgə Hökumətlərarası Komissiyanın iclası bu sahədə konkret planların mövcudluğunu ortaya qoyub və gələcək əməkdaşlıq üçün yol xəritəsi rolunu oynayır. Burada müzakirə olunan layihələr qarşılıqlı sərmayə axınının artırılmasına, birgə istehsal sahələrinin yaradılmasına və ticarət dövriyyəsinin genişləndirilməsinə xidmət edir. Bakıda keçirilən biznes-forum isə iqtisadi əməkdaşlığın praktiki mərhələyə keçidini sürətləndirən əsas platforma kimi çıxış edib. Hər iki tərəfdən geniş işgüzar nümayəndə heyətlərinin iştirakı biznes əlaqələrinin inkişafına real marağın olduğunu göstərir. Bu platforma çərçivəsində formalaşan əməkdaşlıq mexanizmləri gələcəkdə konkret müqavilələrin imzalanmasına zəmin yarada bilər. Dövlətimizin başçısının vurğuladığı kimi, bu gün keçiriləcək biznes-forum işgüzar əlaqələrin qurulmasında, qarşılıqlı sərmayələr üçün imkanların tapılmasında, birgə istehsalın və bir sıra digər işlərin qurulmasında çox böyük potensialın növbəti təzahürüdür.

Əsgərxan İsazadə – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki