image-qanunla-reklam
image-_fkh2988_89_90_tonemapped

Azərbaycan dəfələrlə öz xəbərdarlığını vermişdir

image-lady-day-az

Azərbaycan dəfələrlə öz xəbərdarlığını vermişdir

İkinci Qarabağ müharibəsindən dərhal sonra ölkəmiz haqlı narahatlığını ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək deyirdik ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır. Həmçinin Üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulması, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməməsi və digər bu kimi mənfi hallar yaxın gələcəkdə bölgədə yenidən hərbi əməliyyatların başlanmasını, zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi.

Nəhayət, 2023-cü il sentyabrın 19-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə ordumuzun təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşımızın şəhid olması son damla olaraq ölkəmizin səbr kasasını daşırdı. Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı.

24 saatlıq lokal xarakterli antiterror əməliyyatı Azərbaycan tarixinə qızıl həriflərlə yazıldı. Təəssüf ki, şəhidlərimiz və yaralılarımız oldu. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm. Ordumuzun Qarabağdakı separatçı rejimə və oradakı qeyri-qanuni erməni silahlı qüvvələrə qarşı apardığı 24 saatlıq lokal xarakterli anti-terror əməliyyatı növbəti dəfə Azərbaycan dövlətinin möhtəşəm zəfəri ilə nəticələndi. 1 günlük lokal xarakterli antiterror əməliyyatı Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrin təslim olmasına kifayət etdi. 2023-cü ilin sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. Razılığa əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyub, döyüş mövqelərindən və hərbi postlardan çıxdı, tam şəkildə tərksilah olundular.

Lokal xarakterli antiterror tədbirləri ordumuzun hərbi gücünün, yüksək döyüş hazırlığının və səriştəsinin göstəricisi oldu.  Azərbaycan Ordusu antiterror tədbirləri zamanı ləyaqətli şəkildə, beynəlxalq səviyyədə qəbul edilmiş mövcud hərbi qayda və qanunlar çərçivəsində davranaraq heç bir halda mülki əhalini hədəfə almamışdı. Əksinə, istər antiterror tədbirləri çərçivəsində, istərsə də sonrakı dövrdə qadınlara, uşaqlara, qocalara, fiziki məhdudiyyətli şəxslərə, xəstələrə, hətta yaralı silahlılara belə, zəruri tibbi və digər yardımlar göstərilmiş, dövlətimiz tərəfindən onlar içməli su və ərzaqla təmin olunmuşdular. Həmçinin mülki əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri də yaradılmışdı.

Kəmalə Məmişova- Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktoru

 

 

“Laçın” Nəzarət–Buraxılış Məntəqəsi.

23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü tam təmin olundu. Beləliklə, xalqımız ölkə sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi.

Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbi idi. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addım idi.  Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işi hesab olunur. “Laçın” sərhəd-buraxılış məntəqəsinin böyük strateji əhəmiyyəti vardır. Məntəqənin yaradılması Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyırdı. Azərbaycanın fəaliyyəti bölgədə sülhün bərqərar olmasına şərait yaradır və separatçıların növbəti təxribatlarının qarşısını alırdı. “Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları istər Azərbaycan ərazisinə daxil olan ermənilərin, istərsə də ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yükləri yoxlayır, ölkə ərazisinə qanunsuz malların daşınmasının qarşısını alırlar.

Azərbaycanın suverenliyinin və təhlükəsizliyinin təminatında mühüm rol oynayan məntəqə həmçinin Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş hərbiçilərin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının, eyni zamanda  ərazidən təbii sərvətlərin qanunsuz çıxarılmasının qarşısını alır.

Məntəqənin daha bir müsbət fəaliyyəti 30 il əvvəl azərbaycanlılara qarşı qanlı faciələrin törədilməsində iştirak edən cinayətkarların saxlanılaraq ədalət məhkəməsinə təhvil verilməsi olmuşdur. Xalqımıza qarşı cinayətlərdə iştirak edən, soyqırım hadisələrinin təşkilatçıları, birbaşa iştirakçıları, onların siyasi ideoloqları öz cəzasız qalacaqlarında  arxayın idilər, özlərini qəhrəman kimi aparırdılar. Lakin “Laçın” sərhəd-buraxılış məntəqəsinin açılması bu məsələdə də müsbət nəticələr əldə edilməsinə şərait yaratdı. Bu da Azərbaycan dövlətinin haqlı siyasətinin bariz nümunəsidir.

Tamam Xaspoladova- Zərdab rayon Şahhüseynli kənd tam orta məktəbin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki