image-qanunla-reklam
image-bez-nazvaniya-4

27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl

image-lady-day-az

27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” adı altında əks-hücum əməliyyatına başladı. Dövlətimizin başçısının qətiyyətli sərkərdəliyi, əsgər və zabitlərimizin şücaəti və igidliyi nəticəsində tarixə qızıl hərflərlə həkk olunan möhtəşəm Zəfər əldə edildi və bununla da təxminən otuzillik işğala son qoyuldu.

Torpaqlarımızın hər qarışının azad edilməsi böyük əzm və hünər tələb edirdi. Bəzən bir yaşayış məntəqəsinin alınması günlərlə davam edən qanlı döyüşlər bahasına başa gəlirdi. Çətin relyef və iqlim şəraitinə baxmayaraq, erməni tərəfinin qurduğu istehkamlardan ibarət müdafiə səddini yaran döyüşçülərimiz hər gün üçrəngli bayrağımızı yeni bir kənddə, yeni bir yüksəklikdə, yeni bir yaşayış məntəqəsində ucaltdı. Hər bir şəhərin, rayonun, kəndin azad edilməsi xalqımıza böyük sevinc bəxş etdi.

2020-ci il 27 sentyabr tarixdə Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixdə Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixdə Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Burada Cəbrayıl əməliyyatının da xüsusi əhəmiyyəti var idi. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumunuz mümkün olmuşdur. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edilmişdir. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi.

Əlbəttə fəxrlə qeyd edirik ki, bizim Böyük Qayıdışımız məhz Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır. Bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki İkinci Qarabağ müharibəsindəki qələbəmiz tarixi qələbədir. Bütün xalq bu qələbəni əldə etmək üçün birləşdi, Ordumuzun arxasında durdu və Ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin əmrlərini hünərlə yerinə yetirərək, torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu.

Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktoru

 

 

2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi

44 günlük Vətən  müharibəsinin  Azərbaycanın hərb tarixində ən parlaq səhifə təşkil etdiyi birmənalıdır. Cəmi 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən ordusunu daramadağın edən Azərbaycan Silahlı Qüvvələri işğaldakı torpaqları erməni faşistlərindən azad etmiş, ölkəmizin suverenliyinə nail olmuşdur.

Vətən müharibəsi və onun nəticələrinin təhlili göstərir ki, bu müharibədə Azərbaycanın qələbəsi sadəcə ölkəmiz üçün deyil, bütövlükdə bəşəriyyət üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanın faşizm üzərindəki zəfəri  illər ərzində işğalda saxladığı torpaqlardan cinayətkar məqsədlərlə istifadə edən Ermənistanı öz bəd əməllərini davam etdirmək imkanından məhrum etmiş, bu torpaqları bəşəriyyət üçün təhlükə mənbəyi olmaqdan çıxarmışdır.

Ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları, eləcə də Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş igidlər cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.

2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.

Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Tamam Xaspoladova- Zərdab rayon Şahhüseynli kənd tam orta məktəbin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki