Qanunla.Az  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, bu məlumatlar deputat Qüdrət Həsənquliyevə düzgün verilməyib:

“Bununla bağlı rəqəmləri nəzərinizə çatdırmaq istəyərdim. 2021-ci ilin statistikasına əsasən, ölkəmizdə 76 878 nəfər dünyasını dəyişib. Onlardan 40 261 nəfər kişilər, 36 min 617 nəfəri isə qadınlardır. Kişilərin 18 min 922 nəfəri 65 yaşa qədərdir və 47% təşkil edir. 21 min 339 nəfəri isə 65 yaşdan yuxarı kişilər olub ki, bu da 53 faizdir. Yəni, 47% anlamına yalnız bu göstərici gəlir. Ümumilikdə, statistikaya görə ölkəmizdə kişilərin sayı 5 milyondan çoxdur. Onlardan 65 yaşdan yuxarı olanların sayı 341 min nəfərdir, yəni 6,7%-dir. 65 yaşına çatmayan kişilərin sayı isə 4 milyon 733 min nəfər, yəni, 93,3 faizdir. Beləliklə, əhalinin 65 yaşadək yaşayan hissəsinin müəyyən edilməsi hansısa statistik məlumatlarla deyil, demoqrafik hesablamalara əsasən müəyyən edilməlidir. Yaşı 65-dən çox olan 341 min nəfər kişidən 21 min nəfəri dünyasını dəyişib ki, bu da 6% təşkil edir. Hörmətli Qüdrət müəllim, son illərin ölüm ehtimallarına əsasən, aparılan qiymətləndirmələr göstərir ki, yeni doğulan əhalinin 79,5 faizi 65 yaşına çatır. Kişilər üzrə bu göstərici 75,5%, qadınlar üzrə isə 83,5%-dir. Bununla bağlı məsələnin düzgün təqdim edilməsi, hər hansı yozumlara şərait yaratmamalıyıq”, – deyə nazir qeyd edib.

Xatırladaq ki, deputat Qüdrət Həsənquliyev Milli Məclisin noyabrın 17-də keçirilən iclasında bildirmişdi ki, ölkə üzrə kişilərin 47 faizi 65 yaşa çatır.