image-qanunla-reklam
image-404467503_901201531359626_2999432935463052800_n

İraq Prezidentinin səfəri ölkələrimiz arasında əməkdaşlıqda yeni səhifə açacaq

image-lady-day-az

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət Azərbaycanın dünya birliyindəki nüfuzunu getdikcə artırır. Xüsusilə, Ermənsitan üzərindəki tarixi Qələbəmizdən sonra  ölkəmizin dünya miqyasındakı mövqeyi daha da möhkəmlənmiş, reytinqi yüksəlmişdir. Son illər Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı xeyli artıb. Bir neçə gün əvvəl İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana səfəri ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir göstəricisidir. Onu da qeyd edək ki, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin daha da güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq.

İraq və Azərbaycan BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında və digər nüfuzlu beynəlxalq qurumların tədbirlərində daim həmrəylik nümayiş etdirir. Dövlətimizin başçısı görüş zamanı Ermənistan – Azərbaycan münasibətlərinin hazırki vəziyyəti, ümumiyyətlə, 1990-cı ildən bəri baş verənlər barəsində məlumat verdi. Bu da ondan irəli gəlirdi ki, İraq Prezidenti ölkəmizə səfərini başa vurduqdan sonra Ermənistana səfər edəcəkdi. Ona görə də o, əsl həqiqətləri bilməli idi. Qonağın diqqətinə çatdırıldı ki, keçən əsrin 90-cı illərinin əvvəlində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı. Bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələndi və etnik təmizləmə siyasəti həyata keçirildi. Nəticədə bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulması dünya ictimaiyyətinə də bəllidir. Müxtəlif  beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun  vasitəçilik səylərinə baxmayaraq, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən ordusunu çıxarmadı. Lakin Azərbaycan bu işğalla barışa bilməzdi. Nəhayət, 2020-ci ildə Ermənistanın 30 illik işğalına son qoyuldu  və Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

Görüş zamanı Qarabağdakı qeyri-qanuni rejimin  süquta uğramasından da söhbət açılıb. Bununla da, Azərbaycan  öz suverenliyini bərpa edib. Hazırda işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycan Bayrağı  dalğalanır: “Buna baxmayaraq, Qərbin və Avropann bir sıra ölkələrinin, xüsusilə Fransanın beynəlxalq hüquqa zidd hərəkətləri Cənubi Qafqazda yeni münaqişə ocaqlarının alovlanması ehtimalını yaradır. Dövlətimizin başçısı bu məsələ barəsində də məlumat verərək dedi ki, Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar Ermənistan hökumətində və ola bilsin, ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən, müstəmləkə siyasəti yeridən Fransa kimi ölkələrin ambisiyaları üzərində qurmamalıdır.

Fransanın müstəmləkəçi olması artıq beynəlxalq ictimaiyyətə də bəllidir. Bugünlərdə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən “Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişafı” mövzusunda konfransın iştirakçlarına ünvanlanmış müraciətində dövlətimizin başçısı bildirmişdir ki, Fransa digər ölkələrdə etnik təmizləmə siyasəti həyata keçirir. Tədbiri yüksək qiymətləndirən Prezident İlham Əliyev belə müzakirələrin kolonializmə qarşı mübarizəni daha da dəstəkləyəcəyini vurğulayıb. Qeyd edib ki, Fransa öz müstəmləkəçilik tarixinə görə üzr istəməlidir.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda birgə əməkdaşlıq həyata keçirir və həmrəylik nümayiş etdirir

Siyasi dialoqa hər zaman çox önəm verən, regionda və dünyada sülhün tərəfdarı olan ölkəmizin dünya dövlətləri  ilə səmərəli və qarşılıqlı əməkdaşlığı inkişaf etməkdə davam edir. Son dövrlərdə istər cənab Prezidentin xarici ölkələrə işgüzar və rəsmi səfərləri, istərsə də digər dövlətlərin dövlət və hökumət başçılarının Bakıya rəsmi səfərləri Azərbaycanın xarici dövlətləri ilə yüksələn xətt üzrə inkişaf edən münasibətlərinin və yaxın əlaqələrinin göstəricisidir. Noyabr ayının 19-da ölkəmizə daha bir dövlət başçısının səfəri baş tutmuş, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. 

Ölkələr arasında ikitərəfli qarşılıqlı münasibətlərin formalaşmasında və inkişaf etməsində rəsmi səfərlərin, xüsusən dövlət başçıları səviyyəsində həyata keçirilən səfərlərin rolu çox böyükdür. Prezident Əbdüllətif Camal Rəşidin səfəri diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Əslində bu həm İraq, həm bizim dövlətimiz üçün tarixi hadisədir. Ona görə, şübhəmiz yoxdur ki, cari səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq.

İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda birgə əməkdaşlıq həyata keçirir və həmrəylik nümayiş etdirir. BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, ən əsası isə bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik. Həmçinin onu da qeyd etməliyəm ki, ölkələrimiz tarixən dini və mədəni əlaqələr baxımından bir-birinə çox yaxındır.

Cari səfər zamanı ölkə başçılarının görüşü baş tutmuş, Azərbaycan ilə İraq arasında siyasi əlaqələrin, iqtisadi-ticarət əlaqələrinin, parlamentlərarası və regional əməkdaşlığın və mədəni mübadilələrin davamlı şəkildə inikişaf etdirilməsi üçün faydalı müzakirələr və danışıqlar aparılmış, eyni zamanda “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu” da daxil olmaqla bir sıra mühüm əməkdaşlıq sazişləri imzalanmışdır.

İraqla beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək mexanizmlərini bundan sonra da davam etdirəcəyik və qarşılıqlı səfərlərin intensivləşdirilməsi də planlaşdırılıb. Artıq yaxın günlərdə ölkəmizin nümayəndə heyətinin hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcəyi də məlumdur. Enerji sahəsində əməkdaşlıq, müdafiə sənayesi və turizm sahələrində əməkdaşlıq imkanları, nəqliyyatın, eləcə də hava nəqliyyatının inkişafı  xüsusi müzakirə edilən məsələlərdir. Çünki bütün bu sahələrdə ölkələrimiz arasında qarışlıqlı faydalı əməkdaşlığın artırılması üçün yüksək potensial var. Faktiki olaraq gələcək əməkdaşlığımız üçün əsas istiqamətlər müəyyənləşdirilib, aparlan danışıqlar və imzalanmış sazişlər bunun bariz nümunəsidir.  Bu səfər həm də onun göstəricisidir ki, dost dövlətləri Azərbaycanın qələbəsini, onun regionda yaratdığı reallıqları tanıyır və qəbul edir.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Afrikadan qovulan Fransa indi də Cənubi Qafqaza göz dikib və çirkin niyyətini Ermənistanı silahlandırmaqla həyata keçirmək istəyir

Cənubi Qafqazda destruktiv rol oynayan, Ermənistanı öz marionetinə çevirməyə çalışan Fransa, ABŞ kimi bəzi ölkələrin regionda sülhü,  sabitliyi pozmaq cəhdlərinə ölkəmiz dünya dövlətlərinin başçılarını qəbul etməklə, siyasi dialoqu rəhbər tutmaqla cavab verir. Biz heç vaxt müharibənin tərəfdaşı olmamışıq, düzdür İkinci Qarabağ Müharibəsi baş tutdu, lakin bunu əsla digər dövlətlə aparılan beynəlxalq müharibə kimi qələmə vermək olmaz, biz öz ərazimizdə vuruşduq və torpaqlarımızı azad etdik, suverenliymizi bərpa etdik, Qarabağdakı qeyri-qanunu rejimi süquta uğratdıq. Bundan sonra heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin güclü iradəsinə təsir göstərə bilməz. Azərbaycan sülhə hazırdır və heç bir pozucu qüvvə bizi bu yoldan çəkindirə bilməyəcək. Bütün dünya ictimaiyyətinə məlumdur ki, artıq  bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təkliflərimiz ilə Ermənistana müraciət etmişik və  təkliflərimizə cavab verilməsini gözləyirik.

Ümid edirik ki, Ermənistan, onun dövlət və hökumət başçıları müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyalarına yox, öz milli maraqlarına üstünlük verəcək və bütün regionumuz üçün davamlı sülhün əldə edilməsi fürsətini qaçırmayacaq. Azərbaycan isə öz yolundan dönməyərək,  hər zaman ilk növbədə öz milli maraqlarını rəhbər tutmaqla, eyni zamanda beynəlxalq sülh və əmin-amanlıq naminə  digər dövlətlərlə əməkdaşlığı davam etdirəcək.

Afrikadan qovulan Fransa indi də Cənubi Qafqaza göz dikib və çirkin niyyətini Ermənistanı silahlandırmaqla həyata keçirmək istəyir. O, dövlətimizin başçsının İraq Prezidenti ilə görüşündə  Azərbaycanın qəti mövqeyini bir daha ortaya qoyduğunu xatırladıb: “Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Azərbaycan sülhə hazırdır. Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq”.

Görüşdə iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan-İraq əməkdaşlğının daha da möhkəmləndirilməsindən, əlaqələrin genişləndirilməsindən xəbər verir.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

 

Azərbaycanla İraq arasındakı münasibətlərin qədim kökləri var

Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasət kursu multiregional səciyyə daşıyır. Respublikamız region və Avropa İttifaqı məkanına daxil olan ölkələrlə əlaqələri dərinləşdirməklə yanaşı, geniş İslam coğrafiyasında həmrəyliyin möhkəmlənməsində də mühüm rol oynayır. Bu da Azərbaycan dövlətinin xalqımızın bağlı olduğu milli-mənəvi dəyərərə böyük önəm verməsinin təsdiqidir. Bu baxımdan, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin noyabrın 20-də Azərbaycana rəsmi səfərə gəlməsi də mühüm əhəmiyyət daşıyır.

Azərbaycanla İraq arasındakı münasibətlərin qədim kökləri var. Tarixən bizi birləşdirən dini, mədəni əlaqələrimiz olub. Yaxşı haldır ki, hazırda həm Azərbaycan, həm də İraq tarixi zəmin üzərində qarşılıqlı münasibətlərin genişləndirilməsinə böyük maraq göstərirlər. İraq 2 yanvar 1992-ci il tarixində Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il martın 30-da qurulub. 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi baş konsulluq səviyyəsindən səfirlik statusuna qaldırılıb. 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlayıb.

İndiyədək Azərbaycanla İraq müxtəlif beynəlxalq platformalarda sıx əməkdaşlıq ediblər. O cümlədən hər iki ölkə BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında daim sıx təmaslar qurublar və bir-birinin  suverenliyini, ərazi bütövlüyününü dəstəkləyiblər. Azərbaycan müstəqillik qazandıqdan sonra İraqın dövlət başçısı respublikamızda rəsmi səfərə gəlməmişdi. Bəhs olunan səfərin reallaşması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevdən gəlib. Dövlətimizin başçısı bu ilin əvvəlində Qoşulmama Hərəkatının Zirvə görüşü ilə bağlı ölkəmizə gələn İraq Prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib və bu dəvət qarşı tərəfdən məmnunluqla qəbul olunub.

Dost ölkənin dövlət başçısının ölkəmizə reallaşan  ilk rəsmi səfəri kifayət qədər məhsuldar keçib. Belə ki, təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə hər iki ölkənin gündəliyinin mühüm məsələləri qarşılıqlı olaraq təqdim edilib, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında İraqın dövlət başçısının ölkəmizə rəsmi səfərinin böyük əhəmiyyət daşıdığına diqqət çəkərək vurğulayıb: “Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Yeri gəlmişkən, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə də bu, tarixi səfərdir”.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

 

İraq yaxın keçmişdə bir sıra problemlər yaşayan ölkədir.

Bununla belə İraq Prezidenti Əbdüllətif Camal Rəşidin mətbuata verdiyi bəyanatında bildirdiyi kimi, ölkə imkanlarını və resurslarını səfərbər edərək dirçəlir. Təsadüfi deyil ki, o, ölkəsini “yeni İraq” kimi təqdim edib. Çətinliklərin geridə qaldığını bildirən dövlət başçısının məlumatına görə, artıq  İraq yaxşı, sağlam vəziyyətdədir, ölkədə sülh, təhlükəsizlik hökm sürür, eyni zamanda, xalq tərəfindən seçilmiş hökumət var, geniş parlament fəaliyyət göstərir. Bütün bunlar isə xarici əlaqələri genişləndirmək üçün münbit zəmin yaradır.

Azərbaycanla İraq arasında əməkdaşlıq perspektivləri kifayət qədər genişdir. Bildirildiyi kimi, əməkdaşlığımız keçmişdəkindən daha da güclü olmaq üzrədir. Təsadüfi deyil ki, səfər çərçivəsində aparılan müzakirələrdə tərəflər  bir çox fəaliyyət sahələrində, o cümlədən infrastrukturun inşası, ticarət, neft və qaz, transmilli layihələr, eyni zamanda, İraqa investisiyalar, eləcə də turizmin, təhsilin və digər sahələrin təşviqi ilə bağlı xoş niyyətlərini ifadə ediblər. Müdafiə sənayesi sahəsində geniş əməkdaşlıq imkanları var. İki ölkənin paytaxtları  arasında birinci birbaşa uçuş baş tutub. Növbəti həftələrdə Azərbaycandan Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərin həyata keçiriləcəyi gözlənilir. “Bizim ikitərəfli əlaqələrimizə gəldikdə demək istəyirəm ki, biz iqtisadi əməkdaşlıq məsələsini geniş şəkildə əhatə etdik. İki həftədən sonra nümayəndə heyətimiz hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcək. Bizim qarşılıqlı ticarətin necə artırılması ilə bağlı böyük planlarımız var. Həmçinin bu gün enerji sahəsində əməkdaşlıq məsələsini də müzakirə etdik. Növbəti ay nümayəndə heyətimizin səfəri zamanı bu məsələ yenə müzakirə olunacaq”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Səfər çərçivəsində imzalanan sənədlər hər iki tərəfin əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bir daha təsdiqləyir. Bu sənədlər aşağıdakılardır:

– “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”,

– “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”,

– “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”,

– “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

 

Bu gün Azərbaycan İraqda iqtisadiyyatın bərpasına dəstək göstərir

Noyabrın 20-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Görüş çərçivəsində qonaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşləri keçirilib, Azərbaycan və İraq arasında bir sıra sənədlər imzalanıb.

Görüşdə qeyd edilib ki, bu səfər iki ölkə arasında diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir və bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaqdır.

Bildirilib ki, beynəlxalq səviyyədə hər iki ölkənin maraqları qarşılıqlı şəkildə müdafiə olunur. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirərək BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəkləyir, bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirlər.

Bu gün Azərbaycan İraqda iqtisadiyyatın bərpasına dəstək göstərir.  İraqla Azərbaycan arasında səmimi dostluq münasibətləri mövcuddur. Bu ölkə ilə iqtisadi əlaqələrimiz də genişləndirilib. İraqda hazırda 44 milyon əhali yaşayır. Əhalisinin sayına görə dünyada 36-cı yerdə olan İraq ərazisinin böyüklüyünə görə 58-ci yeri tutur. 19 vilayətdən və ayrıca Kürdüstandan ibarət olan İraqda əsasən ərəblər, kürdlər, eyni zamanda bir neçə azsaylı xalq yaşayır. İraq çox zəngin bir ölkədir.

Görüşlər zamanı iqtisadi əməkdaşlıq məsələləri də geniş şəkildə müzakirə edilib. Xüsusilə qarşılıqlı ticarətin artırılması, enerji sahəsində əməkdaşlıq məsələlərinə diqqət yetirilib. Bildirilib ki, bu məsələlər yaxın günlərdə ölkəmizin nümayəndə heyəti hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcək, səfər çərçivəsində bu və digər məsələlər yenə müzakirə olunacaqdır.

Görüşdə həm də müdafiə sənayesi və turizm sahələrində əməkdaşlıq imkanları da müzakirə edilib. Artıq Bakı və Bağdad arasında birinci birbaşa təyyarə reysinin uçuşu baş tutub. Gələn həftə Bakıdan Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslər həyata keçiriləcəkdir. Bu da hər iki istiqamətdə səyahət edən turistlərin sayının artmasına səbəb olacaqdır. Bununla əlaqədar görüş zamanı vizaların verilməsi prosesini sadələşdirilməsi üçün növbəti addımların atılması da müzakirə edilib.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

 

Azərbaycan və İraq əməkdaşlığında yeni səhifə

İraq Prezidentinin Azərbaycandan sonra Ermənistana səfər edəcəyini bildirən cənab İlham Əliyev açıqlamasında Cənubi Qafqazda mövcud olan hazırkı vəziyyətdən, Hayastanın Azərbaycana qarşı təcavüzündən, işğalçı dövlətin etnik təmizləmə siyasətinə məruz qalan soydaşlarımızın üzləşdikləri dəhşətlərdən, bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən və ətraf rayonlardan zorla qovulmasından, ölkəmizə qarşı ikili standartlarla yanaşmanını haqq işimizə verdiyi zərərlərdən, artıq tarixin arxivinə atılmış ATƏT-tn Minsk qrupunun səmərəsiz fəaliyyətindən ətraflı bəhs etdi: «Faktiki olaraq sıfır nəticələrə gətirib çıxarmış müxtəlif beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, Ermənistan bizim torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. Mandatı işğala son qoymaq üçün həll yolu tapmaqdan ibarət olan ATƏT-in Minsk qrupu yaradılandan 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkandan istifadə edərək işğaldan azad etdi.» Vurğulandı ki, İkinci Qarabağ müharibəsini uğurla başa çatdıraraq torpaqlarını Ermənistanın işğalından azad edən Azərbaycanın son üç ildə də sülh sazişinin imzalanması istiqamətində bütün vasitələrdən istifadə etməsinə baxmayaraq işğalçı Ermənistan hələ də öhdəliklərini yerinə yetirmir.

Vətən müharibəsindən sonrakı 3 ildə belə Qərbdəki havadarlarına qulaq asan Ermənistan imzalanmış bəyanatlarda göstərilən şərtlərə əməl etmir. Azərbaycanın ərazilərində yerləşən qanunsuz silahlı birləşmələrini ölkəmizdən çıxarmaq istəmirdi. «Bizim səbrimiz bu ilin sentyabrında tükəndi və biz beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazimizdə antiterror əməliyyatını apardıq. Bu əməliyyat 24 saatdan az davam etdi və mülki əhali arasında itkilər olmadı. Düşünürəm ki, indi Yaxın Şərqdə müşahidə etdiklərimizə münasibətdə bu antiterror əməliyyatı mülki əhali arasında hərbi əməliyyatları itkisiz necə aparmaq lazımdır nöqteyi-nəzərdən bir örnək hesab olunmalıdır» sözləri ilə erməni havadarlarının ölkəmizə qarşı qərəzli təbliğatlarının heç bir əsası olmadığını diqqətə çatdıran dövlət başçımız İlham Əliyev iraqlı həmkarına Azərbaycanın Ermənistana sülh sazişinin şərtləri ilə bağlı təklifinin hələ də cavabsız qaldığını xatırlatdı. Bölgədə gərginliyi artıran, marionet dövlət olan Ermənistanı silahlandıran Amerika Birləşmiş Ştatlarının, Fransanın Cənubi Qafqazdakı destruktiv rolunu təhlükə mənbəyi adlandırdı. Azərbaycan rəsmi olaraq dəfələrlə bildirib ki, bizə müharibə lazım deyil. Ermənistanı növbəti müharibəyə şirnikləndirən havadarlarının niyyətləri ən çox işğalçıya zərər verəcək. Buna görə də Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalı, qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyalı çağırışlarından uzaqlaşmalıdır.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

 

Azərbaycan və İraq arasında əlaqələrin genişlənməsinə xidmət edən səfər

Noyabrın 19-da İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.   Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib, Azərbaycan və İraq arasında bir sıra sənədlər imzalanıb. Daha sonra hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış ediblər.

Öz çıxışında Prezident İlham Əliyev ölkələrimiz arasında  diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk səfərini tarixi səfər adlandırıb, bu səfərin ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcəyinə və əməkdaşlığımızda yeni səhifə açacağına əminliyini bildirib.

Səfər çərçivəsində keçirilən təkbətək və nümayəndə heyətləri ilə geniştərkibli görüşlərdə bir çox məsələlər müzakirə edilib,  gələcək əməkdaşlıq üçün əsas istiqamətlər müəyyənləşdirilib. Bu gün İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir və hər iki dövlət beynəlxalq təsisatlarda bir-birini dəstəkləməyə davam edəcəklər. Azərbaycan və İraq BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəkləyir, bir-biriminin suverenliyini və ərazi bütövlüyünü müdafiə edir.

Görüşlər zamanı iqtisadi əməkdaşlıq məsələləri də geniş şəkildə müzakirə edilib. Xüsusilə qarşılıqlı ticarətin artırılması, enerji sahəsində əməkdaşlıq məsələlərinə diqqət yetirilib. Bildirilib ki, bu məsələlər yaxın günlərdə ölkəmizin nümayəndə heyəti hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcək, səfər çərçivəsində bu və digər məsələlər yenə müzakirə olunacaqdır.

Görüşdə həm də müdafiə sənayesi və turizm sahələrində əməkdaşlıq imkanları da müzakirə edilib. Artıq Bakı və Bağdad arasında birinci birbaşa təyyarə reysinin uçuşu baş tutub. Gələn həftə Bakıdan Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslər həyata keçiriləcəkdir. Bu da hər iki istiqamətdə səyahət edən turistlərin sayının artmasına səbəb olacaqdır. Bununla əlaqədar görüş zamanı vizaların verilməsi prosesini sadələşdirilməsi üçün növbəti addımların atılması da müzakirə edilib.

Prezident İlham Əliyev İraq dövlət başçısının qonşu Ermənistana da səfər edəcəyini qeyd edərək Azərbaycan və Ermənistan arasında   hazırkı vəziyyət və münaqişənin tarixi ilə bağlı qonağı məlumatlandırıb.

Ölkə başçısı öz Bəyanatında bildirib ki, “Biz Ermənistandan təklifimizə dair qeydləri gözləyirik. Biz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik. Lakin indi biz sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib”.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki