image-qanunla-reklam
image-cek-300x169

Haqqı tapdanan özəlləşdirmə çekləri sahibləri: “Vauçerlər tədavülə buraxılmalıdır”

image-lady-day-az

Özəlləşdirmə çekləri ilə bağlı məsələ bu gün  də qanunla qüvvədədir. İqtisadçılar, hüquqşünaslar və bir sıra ictimai nüfuzlu şəxslər də bu məsələdə vətəndaşların tərəfindədirlər və özəlləşdirmə paylarının yenidən tədavülə buraxılmasının vacib olduğunu deyirlər.

Məlumdur ki, o vaxtı ölkəyə 32 milyon özəlləşdirmə çeki və 19 210 570 ədəd opsion gətirilmişdi. Ölkə vətəndaşlarının onilliklər boyu milyonların zəhməti hesabına yaradılan dövlət əmlakından pay alması üçün özəlləşdirmənin əhəmiyyətli hissəsini çeklərlə aparmaq qərara alınmışdı.

Qeyd edək ki, Azərbaycanda dövlət əmlakının özəlləşdirmə çekləri ilə vətəndaşlara satılması prosesinə 01.08.1996-cı ildə başlandı. Bu proses bir neçə dəfə uzadıldıqdan sonra 01.01.2011-ci ildə başa çatdı. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bununla bağlı KİV-lərə verdiyi müsahibədə dövriyyəyə buraxılmış özəlləşdirmə çeklərinin 80 %-nin prosesdə iştirak etdiyini rəsmən elan etmişdi. İqtisadçılar hesab edirlər ki, o vaxtı vətəndaşların məlumatsızlığından dolayı bəzi şəxslər vəziyyətdən sui-istifadə edərək öz maraqlarını təmin etdilər. Ona görə də ekspertlər hesab edirlər ki, Azərbaycanda çeklərlə özəlləşdirməni rəmzi olaraq iki mərhələyə bölmək olar:

1.Özəlləşdirmənin “qızıl dövrü”– çeklər dövriyyəyə buraxıldıqdan, yəni 1996-cı ildən 2000-ci ilə qədər olan dövr.

2.Özəlləşdirmənin “zorən və kütləvi saxtakarlıqla müşayiət olunan dövrü”, yəni 2000-ci ildən 2011-ci ilə qədər olan dövr.

Hüquqşünas alimlərin elmi-praktiki araşdırmasından məlum olur ki, hələ 2000-ci ildə yeni özəlləşdirmə qanunu qəbul olunan zaman Prezident Adminstrasiyası başçısının köməyi ilə yeni təyin olunmuş Əmlak Məsələləri Komitəsinin rəhbəri oliqarx məmurlar vasitəsilə o vaxtkı deputatların hüquqi savadsızlığından, qiymətli kağızlar barədə məlumatsızlığından istifadə edərək “Özəlləşdirmə haqqında” qanuna Konstitusiyanı pozan və qanunlara zidd maddələr salmaqla, bu problemi yaratdılar. Konstitusiyaya zidd olan maddə ondan ibarətdir ki, I Dövlət Proqramı qanunla qəbul olunmuşdu və Özəlləşdirmə Qanununda da göstərilirdi ki, dövlət proqramı qanunla qəbul olunmalıdır.  Lakin 2000-ci ildəki “Özəlləşdirmə haqqında” qanun qəbul olunanda maddə saldılar ki, dövlət proqramı fərmanla qəbul olunsun. Bu isə düzgün olmayan addımdır. Çünki dövlət proqramı mülkiyyət məsələlərini, əmlak bölgüsünü, qiymətli kağızların dövriyyəsi məsələsini tənzimləyirdi. Bu səlahiyyətlər isə ancaq Konstitusiyaya görə, qanunverici orqana yəni  Milli Məclisin səlahiyyətlərinə aiddir. Bu səlahiyyətlər prezidentin səlahiyyətinə aid deyil. Belə fərmanları imzalatdıranların məqsədi əsas məqsədi Konstitusiya, qanunları və beynəlxalq insan hüquqlarını pozmaqla özəlləşdirmənin aparılmasında maraqlı olan oliqarx məmurların gələcəkdə öz cinayətlərini Cənab Prezidentin üzərinə qoymaq hiyləsi dayanır. Ulu Öndər Heydər Əliyevin və dövlətin siyasətinin, tarixi sosial ədalət yolunun pozulması, həm də Konstitusiya və qanunların, Beynəlxalq İnsan Hüquqlarının pozulması faktlarının cinayət olması “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 9 və 11-ci maddələrində öz əksini tapır.

Bütün hallarda bu FAKTI hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan Özəlləşdirmə Çekləri – QANUNLA verilib!

Heydər Əliyevin “ÖZƏLLƏŞDİRMƏ QANUNU”nun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli fərmanı isə qanunla qoyulmuş qaydada hər vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərini dövlət öhdəliyi olaraq vətəndaşlara paylayaraq 1-cili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu fərmanla təsdiq olunmuş “Özəlləşdirmə Çekləri haqqında Əsasnamə”nin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman NƏ hüquq verə, NƏ DƏ qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən fərmanla özəlləşdirmə çeklərini dövriyyədən çıxarmaqla aparılan özəlləşdirmə xalqa qarşı CİNAYƏTDİR!

Qeyd: Yüz minlərlə ailənin mənafeyini ifadə edən “Özəlləşdirmə Çekləri Qrupu” imzası ilə Prezident İlham Əliyevə müraciət dərc olunub. Müraciətlə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133

Mövzu ilə bağlı sabiq dövlət müşaviri Qabil Hüseynli Xeberaz.org-a açıqlamasında bildirib ki, 6,38 milyon özəlləşdirmə çeki istifadə olunmayıb. Hətta çeklərin istifadə müddəti başa çatandan sonra da onların “qara bazar”da qeyri-leqal alış-satışı həyata keçirilirdi:

“Bu gün ölkəmizdə kiçik və orta özəlləşdirmə prosesi artıq başa çatmaqdadır. Fikrimcə, növbəti mərhələdə daha böyük müəssisələrin özəlləşdirilməsinə start veriləcək. Bu prosesdə özəlləşdirmə çeklərindən istifadə edilməsi arzuolunandır və bunun baş verəcəyini düşünürəm. Bu baxımdan əlində çeki qalan vətəndaşlar bir qədər də səbirli olmalı və çeklərini ucuz qiymətə satmamalıdır. Çünki böyük özəlləşmə prosesində vauçerlərə ehtiyac yüksək olacaq. Vətəndaşlar öz haqqlarını qorumalı və çalışmalıdır ki, hansısa şəxslər onların sahib olduqları imkanı əllərindən almasınlar. Biizm evdə də özəlləşdirmə çeklərimizi var, onların yenidən tədavülə buraxılacağı günü səbirsizliklə gözləyirik”.

Milli Məclisinin sabiq deputatı Gülər Əhmədova isə öz növbəsində qeyd edib ki, özəlləşdirmə çekləri qiymətli kağızlardır və bu qiymətli kağızlardan istifadəyə şərait yaradılması müsbət təsirlərə malik ola bilər:

“O vaxtı vətəndaşların sahib olduqları çeklərdən düzgün istifadə edə bilməməsi, daha doğrusu buna imkan yaradılmaması təəssüf doğurur. Ona görə də ölkə vətəndaşlarının müəyyən hissəsi özəlləşmə prosesindən faktiki olaraq kənarda qaldı. Daha sonra bəzi şəxslər əlində olan çeki ucuz qiymətə “qara bazar”da satsa da, əksər insanlar hələ də vauçerlərini saxlamağa davam edirlər. Çeklərini qoruyub saxlayan vətəndaşlar öz hüquqlarını yaxşı bilirlər və özəlləşdirmə çeklərinin hansı nominal dəyərə malik olması barədə məlumatlıdırlar. Bütün hallarda indiki məqamda çeklərin nominal dəyəri yenidən hesablanmalı və vətəndaşın özəlləşdirmə prosesində iştirakı müvafiq dəyərə uyğun təyin edilməlidir. Əgər çeklər yenidən tədavülə buraxılmasa, bu halda hüququ tapdanan çek sahiblərinə kompensasiya ödənilməli və onların hüquqları bərpa olunmalıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki