image-qanunla-reklam
image-fotojet-2022-03-09t103735-528

Cavabdeh kimdir, Qırmızı Xaç?

image-lady-day-az

Azərbaycan ordusu Fərrux dağı və ətrafdakı yüksəklikləri qanunsuz erməni silahlı birləşmələrindən təmizlədikdən sonra aparılan mühəndis-istehkam işləri zamanı ərazidə insan qalıqları aşkarlandı.

Onların Birinci Qarabağ savaşında itkin düşən azərbaycanlı hərbçilərə aid olduğu ehtimal edilir. Qalıqların 30-70 sm-lik dərinlikdən tapılması, üstəlik, kəllə nahiyələrinin zədəli olması, qabaq dişlərinin yoxluğu ona dəlalət edir ki, ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlılar öldürülməmişdən qabaq işgəncəyə məruz qalıblar.

Hüquq-mühafizə orqanlarımız, ekspertlər Fərrux dağının yaxınlığından başqa, Qarabağın daha iki nöqtəsində – Şuşanın Daşaltı və Xocavəndin Edilli kəndlərində də aşkarlanmış kütləvi məzarlıqlara dair araşdırmalarını davam etdirirlər. Tapılan bu məzarlıq ermənilərin azərbaycanlıları xüsusi işgəncələrə məruz qoyduğunun və kütləvi şəkildə qətl etdiyinin, qətliam törətdiyinin bariz sübutudur.

Artıq mediadan da məlum olduğu kimi, Quba rayonundan olan hərbi qulluqçu Novruzov Laçın Əhməd oğlunun 1994-cü ildə əsirlikdə olarkən Qırmızı Xaç vasitəsi ilə evlərinə göndərdiyi məktub üzə çıxıb. Əsirin məktubu sosial şəbəkələrdə yayılıb. Məktubda hərbçimiz valideynlərinə əsirlikdə olduğunu bildirir və tezliklə qurtarılmasını istəyir. Yox, sadəcə istəmir – ata-anasına yalvarır. Bir övladın əsirlikdən valideynlərinə yalvarış dolu məktub yazması nə deməkdir?

Sonra Laçından heç bir xəbər gəlmir. Onunla əsirlikdə olan və qurtulan soydaşlarımızın dediyinə görə, Laçın qətlə yetirilib. Çox güman ki, həmin Edilli kəndinin yaxınlığındakı məzarlıqda da dəfn edilib. Çünki məktubunda bu kənddə saxlanıldığını yazıb.

Vətən müharibəsinin bitməsindən ilyarım vaxt keçib. Qərbin hüquq müdafiəsi təşkilatları kimi tanınan, əslində isə siyasi oyunların, geosiyasətin alətləri olan qurumlar, müxtəlif konqresmen və senatorlar, siyasətçilər, beynəlxalq təşkilatlar, şuralar hər gün bir tribunadan, media orqanından “Azərbaycanın saxladığı erməni əsirləri” mövzusunda hay-küy salırlar. Ancaq hələ Birinci Qarabağ savaşından itkin düşmüş, hansıları ki, biz indi azad edilmiş ərazilərimizdəki kütləvi məzarlıqlardan tapırıq, 4 min soydaşımızın aqibətini qulaqardına vurub, görməzdən gəlirlər. Biz özümüz ermənilərin, Ermənistanın, onun rəhbərlərinin cinayətlərini üzə çıxarıb sübut edəcəyik.

Ancaq sual olunur: Laçının məktubunu valideynlərinə çatdıran Qırmızı Xaç sonra onun taleyi ilə maraqlanıbmı? Axı məktubun mövcudluğu, çatdırılması əsirin faktiki olaraq Qırmızı Xaçın nəzarətində, himayəsində olması deməkdir! Haradadır Novruzov Laçın Əhməd oğlu? Qırmızı Xaç bu suala cavab verə bilərmi?!

Ancaq gəlin bunu da kənara qoyaq. Qərbdə, Avropada fəaliyyət göstərən, özünü azərbaycanlı sayan, guya xalqımızın güzəranı, dərdi-səri üçün “mübarizə” aparan, insan hüquqlarından, demokratiyadan ağız dolusu danışan soydaşlarımız hara baxır? Tapılan qalıqlar onlarla bir qana, bir genetik koda sahib olan həmvətənlərinə məxsus deyil? Bəyəm Novruzov Laçın Əhməd oğlu başqa millətin nümayəndəsidir? Niyə susursunuz?

Elnur Allahverdiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki