“Maqnit Rezonans Tomoqrafiyasının (MRT) nəticəsindən asılı olaraq dünya çempionatında iştirak edib-etməyəcəyim bilinəcək”.
Bunu “Report”a açıqlamasında Serbiyada keçirilən “Belqrad qış turniri”ndə zədələnən Azərbaycan atleti Nazim Babayev deyib.
Uzunluğa tullanma növündə mübarizə aparan 26 yaşlı idmançı bu gün MRT müayinəsindən keçəcəyini bildirib:
“Səhər saatlarında Bakıya çatmışam. Həkim baxışından keçməsəm də, əvvəl də zədələrlə üzləşmişəm. Deyə bilərəm ki, bu, aşağısəviyyəli zədə olmalıdır. İnanıram ki, elə də olacaq. Amma hər şey sabah daha dəqiq bilinəcək”.
Babayevin sözlərinə görə, Belqrada yollanmamışdan əvvəl heç bir problemi yox idi:
“Son məşqlərdə pik formada olduğumu hiss edirdim. Yarışdan 4 gün əvvəlki məşqlərdə nəticələr yüksək idi. Turnirə də yüksək əhvali-ruhiyyə ilə yollanmışdıq. Orada məşq edəndə də problem yox idi və özümü yaxşı hiss edirdim. Yarış günü arenada isinmə hərəkətləri etdim, qaçış məsafəsini ölçdüm, birinci tullanmada heç bir problem olmadı. İkinci cəhddə ayaq budumun arxasında ağrılar hiss etdim. Bundan sonra ağrı kəsdi. Daha əvvəl də belə ağrılar hiss etmişdim. Yenidən isinmə hərəkətlərinə başlayanda şiddəti artdı. Bütün mövsüm boyu heç bir narazılığım yox idi. 4-5 ay idi ki, zədədən əziyyət çəkmirdim. Olimpiya ili olduğu üçün risk etməməyi qərara aldıq. Turnirə davam etsəydim, əzələm yırtıla da bilərdi. Olimpiya mövsümüdür və mənə də lisenziya qazanmaq lazımdır”.
Qeyd edək ki, qış dünya çempionatı martın 1-3-də Şotlandiyanın Qlazqo şəhərində təşkil olunacaq.