image-qanunla-reklam
image-aynur-camalqizi-yeni

Aynur Camalqızı: Bu qanun xaosu aradan qaldıracaq

image-lady-day-az

“Media haqqında” qanunu hər bir jurnalistin peşəkar fəaliyyətində və şəxsi həyatında yeni mərhələnin başlanğıcı olaraq qiymətləndirə bilərik.

Qanunla.Az xəbər verir ki, bu barədə Publika.az-a açıqlamasında “Teleqraf” media qrupunun rəhbəri Aynur Camalqızı “Media haqqında” qanunun qəbul edilməsi və qanundan irəli gələn məsələləri şərh edərkən deyib.

Aynur Camalqızı hesab edir ki, qanun Azərbaycan mediasında onilliklərdir davam edən xaosun aradan qalxmasına şərait yaradacaq:

“Texnologiyanın inkişafı medianın iş prinsiplərini dəyişdi və artıq sosial şəbəkələrin də daxil olduğu yeni media anlayışı yaranıb. İstənilən şəxs bir smartfonla jurnalistlik edə bilir və bu, faktiki olaraq, qarmaqarışıq vəziyyətin yaranmasına gətirib çıxardı. Beynəlxalq təcrübədə olduğu kimi, bütün bunları tənzimləyəcək qanuna ehtiyac var idi. Çünki əvvəlki qanunda əsasən çap mediasının fəaliyyətinin tənzimlənməsi əks olunurdu. Halbuki, indi multimedia əsridir. Qanunun olmaması həm qeyri-peşəkar fəaliyyətə, həm “reket jurnalistikası”na geniş imkanlar yaradırdı. Təsadüfi deyil ki, vaxtilə çap mediası üzərindən fəaliyyət göstərən “reket jurnalistlər”in son illər onlayn mediaya kütləvi axını müşahidə olunur, çünki əvvəlki qanun onlayn medianın fəaliyyətini tənzimləyə bilmədiyi üçün burada cəzasızlıq mühiti yaranmışdı. Hesab edirəm ki, “Media haqqında” qanun məhz bu xaosun qarşısını almağa, peşəkarla qeyri-peşəkarı ayırmağa kömək edəcək”.

A.Camalqızı qeyd edir ki, qanun media sahəsinə aid informasiya bankının yaradılmasına da imkan yaradacaq:

“Azərbaycanda indiyə qədər nə qədər media orqanının fəaliyyət göstərməsi, onun neçəsinin çap, neçəsinin onlayn resurs olduğu, eləcə də jurnalistlərin sayı, neçə jurnalistin vəsiqəsinin olduğu, bu jurnalistlərin hansının peşəkar, hansının “reket” olduğu bilinmir. Qanunda nəzərdə tutulan Media Reyestrinin yaradılması ilə buna nail olunacaq”.

Onun sözlərinə görə, bu metodun tətbiqi jurnalistlərin peşəkar fəaliyyətinə müsbət təsir göstərir və medianın “reket jurnalistlər”dən təmizlənməsinə, hər smartfonu olanın özünü bu peşənin sahibi kimi aparması tendensiyasının qarşısının alınmasına nail ola biləcəyik.

Media qrupunun rəhbəri qanunun jurnalistlərin şəxsi həyatına təsirlərindən də danışıb.

Onun fikrincə, qanuna uyğun olaraq Media Reyestrinin yaradılması və bu reyestrə daxil olan jurnalistlərə ipoteka krediti ala bilmək imkanının yaradılması media sahəsində inqilabi dəyişikliklərdəndir.

“Jurnalistlərimiz bu peşəyə ömürlərini sərf edirlər, lakin həmişə şəxsi həyatlarının, xüsusilə mənzil problemlərinin həllində çətinlik yaranıb. Dövlət indiyə qədər bu problemin həlli üçün addımlar atıb. Prezidentin jurnalistlərə mənzillər hədiyyə etməsi böyük qayğı idi. Lakin etiraf etməliyik ki, mənzilə ehtiyacı olan jurnalistlərin sayının çox olması dövlətin bu yükün altına girməsini də çətinləşdirir. O cümlədən, təcrübə də göstərdi ki, bu prosesdə kimlərsə narazı qalır və müəyyən qüvvələr bundan manipilyasiya edirlər. İpoteka kreditinin verilməsi bu məsələnin həllinə böyük dəstək verəcək. Heç kimin narazı qalmayacağı və hər kəsin mənzil problemini həll edə bilməsi şəraiti yaradılır”, – media qrupunun rəhbəri vurğulayıb.

A.Camalqızı xatırladıb ki, jurnalistlərə ipoteka kreditinin ayrılması məsələsi uzun illər müzakirə mövzusu olub:

“Dövlət rəhbərliyi tərəfindən jurnalistlərlə bağlı bu qərarı qəbul etməsini səbirsizliklə gözləyirdik. Dövlət başçısı həmişə biz jurnalistlərə münasibətində həssas və diqqətli mövqe ortaya qoyub və jurnalistlərə güzəştli ipoteka kreditlərinin verilməsi həmin o həssas münasibətin, qayğının nəticəsidir. Mətbuat sahəsində çalışan əksər insan kirayələrdə yaşayır, çox ciddi əziyyət çəkir. Bir qisim insanlarımız ailə qurmaq istəyir, amma mənzil probleminə görə bunu edə bilmirlər. Digər tərəfdən, şəxsi həyatda yaranan belə problemlər peşəkar fəaliyyətə də təsirsiz ötüşmür. Fikrimcə, Prezidentin ipoteka kreditinin ayrılması ilə bağlı qərarı jurnalistlərin həyatında böyük dönüş yaradacaq”.

A.Camalqızı dövlət tərəfindən ipoteka kreditinin ayrılmasının jurnalistlərin peşəkar fəaliyyətinə mənfi təsir edəcəyinə dair iddiaları yersiz adlandırıb. Qeyd edib ki, bu cür iddialar zaman-zaman gündəmə gətirilir və Azərbaycanda media mühitinə dair mənfi rəyin formalaşdırılmasına hesablanıb.

“Halbuki, illərini bu peşəyə həsr edən və mənzil problemi yaşayan hər bir jurnalist bu qərarın əhəmiyyətini çox yaxşı anlayır”, – A.Camalqızı diqqətə çatdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki