image-qanunla-reklam
image-ab687196-b079-313f-b061-7df96d6e05d3

Xocalı soyqırımı – xalqımızın unutmayacağı faciə

image-lady-day-az

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından otuz bir il ötür. Erməni faşizminin iç üzünü dünyaya açıb göstərən bu qanlı hadisə, təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir.

Erməni terrorçularının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində törətdikləri qanlı cinayətlər, qətliamlar arasında Xocalı faciəsi xüsusi amansızlığına görə seçilir. Təkcə bir gecədə Xocalı şəhərinin yerlə-yeksan edilməsi, qadın, uşaq və qoca demədən günahsız insanların məhz azərbaycanlı olduqlarına görə qətlə yetirilməsi bu qətliamın soyqırımı olduğunu təsdiqləyir. Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən verilib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edərək dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayıb. Məhz bu istiqamətdə aparılan genişmiqyaslı məlumatlandırma işinin nəticəsində artıq dünya ictimaiyyəti bu faciənin soyqırımı olmasını qəbul edir. Belə ki, Xocalı soyqırımı beynəlxalq hüquq normalar müstəvisində tanınıb. ABŞ-nin iyirmidən artıq ştatının qanunverici orqanlarında Xocalı soyqırımını pisləyən müvafiq qətnamələr qəbul olunub.

Bu gün qürurla deyə bilərəm ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki möhtəşəm Qələbəsi terrorçu ermənilərə onların unutmayacaqları dərs oldu. Müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

 

Xocalı faciəsi – insanlığa qarşı terror və vəhşilik

Ötən əsrdə xalqımıza qarşı Erməni şovinistlərinin törətdiyi ən qanlı və faciəvi soyqırım hadisəsi olan Xocalı  soyqırımından 31 il keçir. 1992-ci il  ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

Bu soyqırım nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 76 nəfəri uşaq olmaqla 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi.

Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi və digər tarixi və mədəni abidələr dağıdılıb.  Qeyd edək ki, hazırda Xocalıdan olan məcburi köçkünlər ölkənin 50 şəhər və rayonunda müvəqqəti məskunlaşıblar.

Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında yaşayır. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir.

Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb.

Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir. “Xocalıya ədalət” kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir.  Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və 100 minlərlə şəxs və 115-dən çox təşkilat onun fəaliyyətini dəstəkləyir.

2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “Dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi:  “Xocalı şəhidlərinin qanı yerdə qalmadı”.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Xocalı soyqırımı: Erməni vəhşiliyinin kuliminasiya nöqtəsi

Ötən əsrin 1905-1907-ci illərində, 1918-ci ilin 30-31 mart tarixlərində daşnakların törətdikləri soyqırımlarda, 1948-1953-cü illərdə Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyasında, 1988-ci ildən başlayaraq ən vəhşi üsullarla öldürülən, atəşkəs rejimində belə qətlə yetirilən azərbaycanlılar qana həris ermənilərin etnik təmizləmə siyasətinin qurbanlarıdırlar. 20 Yanvar faciəsi zamanı sovetlərin qırmızı ulduzlu ordusunun tərkibində Bakıya gələrək azadlıq uğrunda mübarizə aparan azərbaycanlıları vəhşicəsinə güllələyənlər də ermənilər idi. Qəribəsi bu idi ki, 20 Yanvar qırğınından əvvəl imperiya qüvvələrinin Vilnüsdə və Tbilisidə törətdikləri hadisələri pisləyən beynəlxalq ictimaiyyət, ABŞ və onun Avropadakı müttəfiqləri daha dəhşətli olan Bakı qırğınını SSRİ-nin daxili işi adlandıraraq susdu. 1988-1993-cü illərdə 20 min soydaşımız ermənilər tərəfindən qətlə yetirilmiş, 100 min dinc azərbaycanlı yaralanmış, 50 min nəfər əlil olmuşdur. Artıq tarixin arxivinə göndərilmiş «Dağlıq Qarabağ münaqişəsi» illərində 4853 nəfər itkin düşmüş, onlardan 1357-si azad olunmuş, 439 nəfər ermənilərin vəhşiliklərinə tab gətirməyərək həyatdan köçmüşlər.

Ötən əsrin ən qanlı qətliamını, Xocalı soyqırımını da səssizcə izləyən Avropanın münasibəti ikili standartlar siyasətinin daha bir nümunəsi oldu. Sovetlərin 336-cı motoatıcı alayının və erməni hərbi birləşmələrinin birgə iştirakı ilə 26 fevral 1992-ci ildə Xocalı soyqırımı törədildi. Tarixə bəşərin faciəsi kimi yazılan, Sonqmi, Ruanda qırğınları ilə eyni səviyyədə dəhşətli olan soyqırımı zamanı Xocalı şəhəri tamamilə yandırıldı. Qocalar, uşaqlar, qadınlar da daxil olmaqla dinc sakinlər diri-diri tonqallara atıldılar, körpələr süngüyə keçirildilər. Belarus üçün Xatın, Çexiya üçün Liditse, Polşa üçün Treblinka hadisələri nə qədər ağırdırsa, Azərbaycan üçün də Xocalı dəhşətləri xalqımızın sağalmayan yarası kimi hələ də sızıldayır. Həmin gün 613 nəfər- 106 qadın, 70 ahıl, 63 uşaq olmaqla Xocalı sakini ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi. 487 nəfər əlil oldu. Girov götürülən 1275 nəfər ermənilərin ağılasığmayan zülmünə, təhqirlərə məruz qaldı. 8 ailə bütünlükdə məhv edildi. 24 uşaq hər iki valideynini, 130-u isə bir valideynini itirdi. Dığalara diri-diri qurban kəsilən azərbaycanların sayı isə 60-ı ötmüşdü. Belə ki, Xocalı soyqırımı daşnakların azərbaycanlılara qarşı 200 ildən bəri apardığı etnik təmizləmə siyasətinin ən faciəli səhifəsi kimi tarixə yazıldı. O zaman Azərbaycanda hökm sürən hərc-mərclik, hakimiyyətin nüfuzsuzluğu, lidersizlik bu qanlı fəlakətin baş verməsinə şərait yaratdı. İqtidarda olan səbatsızların susqunluğu, Kremlin əmrlərinə tabeçilikləri, Ermənistanı dəstəkləyən anti-Azərbaycan dairələrin apardığı kampaniyalar səbəbindən Xocalı soyqırımı ilə bağlı əsl həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırılmadı. Bu mənfur siyasət xalqımıza saysız-hesabsız müsibətlər və əzab-əziyyətlər yaşatdı. Müxalifət isə faciədən, narazı xalqın etirazlarından hakimiyyətə gəlmək üçün istifadə etdi.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Yalnız 1994-cü ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Milli Məclisin sessiyasında Xocalı faciəsi soyqırımı kimi tanındı.

Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin təşəbbüsü ilə hazırlanan «Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş genosidin etiraf edilməsinə dair» deklarasiya təşkilatda təmsil olunan Böyük Britaniya, Lüksemburq, Polşa, Türkiyə, Bolqarıstan, Albaniya, Norveç və Makedoniyadan olan deputatlar tərəfindən təsdiq edildi. Artıq Türkiyənin, ABŞ-ın 20 ştatının, Meksikanın, Pakistanın, Kolumbiyanın, Çexiyanın parlamentlərində, Honduras Milli Konqresində, Tehranda keçirilən İƏT-in Parlamentlər İttifaqının sessiyasında iştirak edən 53 ölkənin Xocalıda törədilənləri soyqırım kimi tanıması ermənilərin saxta ideoloji təbliğatına vurulan zərbə, Azərbaycan həqiqətlərinin təsdiqi oldu. Erməni vandalizmini pisləyən Paraqvay Respublikasının Deputatlar Palatasında Xocalı soyqırımının pislənilməsi, bununla bağlı bəyanatın qəbulu, qətlə yetirilən soydaşlarımızın xatirəsinin anılması ölkəmizlə həmrəyliyin ifadəsi, Azərbaycan diplomatiyasının uğuru, xarici siyasətimizin dəstəklənməsi idi. Heydər Əliyev Fondu tərəfindən hazırlanan, soyqırımını əks etdirən yüzlərlə foto albomlar, məlumat kitabçaları, açıqcalar, «Leyla Əliyeva: Xocalıya ədalət» kitabı, «Böyüməyən uşaqlar», «1992-ci ilin qarı» kimi sənədli filmlər, Türkiyənin Uşak şəhərində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş abidə… bütünlükdə dünya ictimaiyyətinin Xocalıda qətliam törədən ermənilərə ictimai nifrətin ifadəsi idi. Xocalı soyqırımının «Beynəlxalq Müharibə Qurbanları Memorialı»na daxil olunması da Azərbaycana dəstək kampaniyasının nümunəsidir. Ötən illərdə Böyük Britaniyanın parlamenti qarşısında Xocalı qurbanlarının adları yazılmış 613 şar göyə buraxılaraq şəhidlərin xatirəsi yad olunmuşdur.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın işğalından azad edilmiş ərazilərdə aşkarlanan, erməni vəhşiliklərinin izlərini yaşadan kütləvi məzarlıqların hər biri elə Xocalı faciəsi qədər dəhşətlidir. Quba soyqırımı məzarlığı erməni vandalizminin canlı şahidi, soydaşlarımızı kütləvi şəkildə qətlə yetirən daşnaklara məxsus qaniçənliyi illərdən bəri saxlayan tarixi abidə kimi qorunur.

1990-cı il martın 24-də Qazax rayonunun Bağanis Ayrım kəndində ermənilər tərəfindən törədilən qırğın nəticəsində 7 nəfər kənd sakini ocağa atılaraq yandırılıb, 2 nəfər isə güllələnib. Kənddə 17 ev qumbaraatanla dağıdılıb, 11 ev isə qarət edilib. Bir ailənin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra üstlərinə benzin tökülərək yandırılıb. Kənd sakini Alməmməd Məhərrəmov isə ot tayasına atılaraq diri-diri yandırılıb. Qətlə yetirilənlərin ən yaşlısı 75 yaşında, ən kiçiyi isə beşikdə olan 39 günlük körpə olub. 1991-ci ilin oktyabr ayının sonunda və noyabr ayında ermənilərin vəhşiliklərinin növbəti ünvanı Qarabağın Malıbəyli, Kərkicahan, Meşəli, Quşçular kəndləri olub. Həmin kəndlərdə erməni silahlıları azərbaycanlılara qarşı amansızlığı ilə qandonduran ağlasığmaz işgəncələr törətmişlər.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi

Erməni vandallarının Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndlərinə hücumları nəticəsində 12 nəfər qətlə yetirilmiş, 15 nəfər isə yaralanmışdır. Kütləvi məzarlıqların aşkarlandığı ərazilərdən biri də Kəlbəcər rayonunun Ağdaban kəndidir. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni qaniçənləri bu kəndin 779 dinc sakinə divan tutublar .67 sakin müxtəlif işgəncələrlə qətlə yetirilib. Həmin gün 90-100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 12 nəfərə ağır bədən xəsarətləri yetirilib.

Daha dəhşətli hadisə 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya yaylağında baş verib. Laçınlıların qətlə yetirildikləri Ballıqaya faciəsi tarixə ermənilər tərəfindən törədilmiş ən dəhşətli qətliamlardan biri kimi yazılıb. Ermənistan silahlı qüvvələrindən ibarət təxribatçılar yaylaqdakı alaçıqları atəşə tutaraq 24 soydaşımızı qətlə yetiriblər.

1992-ci ilin 25-26 yanvarında uğursuz Daşaltı əməliyyatı zamanı 90-a yaxın azərbaycanlı həyatını itirib. Erməni vəhşiliklərinin, faşizminin əyani sübutu Ağdamda, Ağdabanda, Fərrux yüksəkliklərində, Xocavəndin Edilli kəndində aşkar edilən kütləvi məzarlıqlardakı cəsədlər üzərindəki vəhşiliklərdir. Bu cür tükürpədici mənzərələri xarici mütəxəssislər ürək ağrısı ilə seyr ediblər.

Erməni silahlılarının, terrorçularının insanlığa sığmayan vəhşilikləri Vətən müharibəsindən sonra da davam edir. İşğal altında saxladıqları ərazilərə yüz minlərlə mina yerləşdirən erməni millətçiləri İkinci Qarabağ müharibəsindən sonra onların qanunsuz olaraq yerləşdikləri əraziləri tərk etmələri üçün verilən humanitar müddətdə belə «minalanma əməliyyatları»nı davam etdiriblər. Hələ də işğaldan azad edilən ərazilərdə partlayan minalar nəticəsində həyatlarını itirən azərbaycanlıların sayı artmaqdadır. Ölkəmizdə olan çoxsaylı xarici KİV-lərin əməkdaşlarının, qonaqların erməni vandallarının işğalı altında qalan Azərbaycan torpaqlarında törətdikləri dağıntıları, vəhşilikləri Xirosima ilə müqayisə etmələri də təsadüfi deyil. İllərdən bəri Ermənistanın separatizm, işğalçılıq, etnik təmizləmə siyasətinə səssiz qalan, sözdə insan hüquqlarını müdafiə edən Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar hələ də bu reallaqları görmürlər, daha yüksək səslə deyilən həqiqətləri duymurlar.

«Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, soyqırıma beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə nail olmaq xalqımızın insanlıq və vətəndaşlıq borcudur. Azərbaycan xalqı əmindir ki, dünya dövlətləri tərəfindən dəstəklənən diplomatiyamız sayəsində Xocalı soyqırımı beynəlxalq ictimaiyyət tərəfindən əsl qiymətini alacaq, şəhidlərimizin ruhu rahatlıq tapacaq.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki