image-qanunla-reklam
image-media-6tygbejtxn_038_-cv8wk04zahy2l7ofexrb

Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti

image-lady-day-az

Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti.

Həyatının  məqsədi, başlıca amalı Azərbaycanın müstəqilliyi, doğma xalqının xoşbəxtliyi olan Ulu Öndər  Heydər Əliyev bütün mənalı ömrünü bu məqsədə nail olunmasına sərf edib. Ulu Öndər öz soy-kökünə, milli-mənəvi dəyərlərimizə söykənərək misilsiz xidmətlər göstərib, bu müqəddəs missiyanı uğurla, şərəflə, cəsarət və mərdliklə yerinə yetirib.

Torpaqlarımızın işğalı, on minlərlə şəhid və döyüş əlillərinin olması, yüz minlərlə azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi, iqtisadiyyatın çökməsi səriştəsiz idarəçiklərinin məntiqi nəticəsi idi. Orta və yuxarı yaşlı nəslin nümayəndələri Ulu Öndər Heydər Əliyevin bu problemlərin həlli üçün hansı əziyyətlərə qatlaşdığının şahidi olublar. Məhz Ulu Öndərin idarəetmə səriştəsi, liderlik ustalığı nəticəsində sosial kataklizmlərin prioritetləri seçildi, bu yönümdə ardıcıl məqsədyönlü addımlar atıldı. Atəşkəsin əldə olunması, ölkədə ictimai siyasi-sabitliyin yaranması, tarixi neft kontraktlarının imzalanması, ilk növbədə, Azərbaycanın dövlət müstəqilliyi təhlükələrini aradan qaldırdı. Eyni zamanda bu missiya sabitlikdən sosial rifaha sürətli keçidi təmin etdi. Hər bir qələbəni, hər bir uğuru tarix və şərait yetişdirir. Ümummilli Lider Heydər Əliyev üçün həyatının ən böyük mükafatı xalqın ona göstərdiyi inam və etimadı idi. Ulu Öndər bu etimadı doğrultmaq üçün yaşadı və uğurlu fəaliyyət göstərdi. Heydər Əliyev bütün həyatını xalqının inkişafına həsr edən nadir şəxsiyyət və dövlət başçısı kimi insanların qəlbində özünə əbədi yer tutdu.

İkinci Qarabağ savaşında istər hərbi, istər diplomatik cəbhələrdə qələbəyə gedən yolun təməli hələ Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə qoyulmuşdu. Ulu Öndər Azərbaycanın inkişafında qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün böyük fədakarlıq göstərib. Bunun ən bariz nümunələrindən biri də Ulu Öndərin özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qazanılan uğurların davamlılığını təmin edəcək, xalqın alternativsiz liderinə çevriləcək davamçı-varis yetişdirməsindədir. Ümummilli Lider Azərbaycan xalqına son müraciətində İlham Əliyevi özünün siyasi varisi olduğunu bəyan edərək demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu Öndərin xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdur.  Prezident İlham Əliyev Azərbaycanın haqq savaşındakı qalibiyyəti xəbərini o sayğı duruşundakı sükutu, qürur və fərəh dolu baxışları ilə Ulu Öndərin bu tarixi günlərimizdən şad olan ruhuna yetirdi. Ən böyük Ata vəsiyyətinin, Ümummilli Liderin ən ülvi arzusunun artıq həyata keçməsi müjdəsini çatdırdı. Hiss olunurdu ki, bu vəsiyyəti, zamanında az qala əlçatmaz görünən bu diləyi yerinə yetirmək Prezident İlham Əliyevin də ən böyük arzusu olub Ulu Öndər Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləmişdir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru  Vəfa Bayramova

 

 

 

Tarixi Qələbə.

Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı.
Azərbaycanın İkinci Qarabağ, 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, uzun illərdən bəri Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz, xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Həmçinin bu qələbə  qonşusunun torpağına göz dikən, xalqımızın humanistliyindən, qonaqpərvərliyindən, etimadından, etibarından sui-istifadə edən ermənilərin iç üzünü, əsl simasını dünyaya bir daha göstərdi. Hər kəs gördü ki, ermənilər yalan iddialarla bəşəriyyətə fəlakət və bəla gətirən faşist ideologiyasını utanıb çəkinmədən həyata keçirirlər. Bir daha dünyaya məlum oldu ki, tarix boyu ermənilər azərbaycanlılara və türklərə qarşı amansız olmuş, insanlığa sığmayan terror aktları, dəhşətli soyqırımları törətmişlər. Bu millətin mayası sanki qəddarlıqdan tutulmuşdur. Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad edilməsi, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müddət ərzində Azərbaycan xalqı ilə yanaşı, bütün dünya ermənilərin nə qədər vandal, vəhşi xislətə malik olduqlarının bir daha şahidi oldu. Yaşanan dəhşətli hadisələr bütün dünyanı sarsıtsa da, xalqımız döyüş ruhunu, birliyini və iradəsini itirməyərək daha da əzmlə və mərdcəsinə Ali Baş Komandanı və ordumuzu dəstəkləməyə davam etdi. Həyatını itirmiş mülki həmvətənlərimizin qisasını isə rəşadətli ordumuz döyüş meydanında müvəffəqiyyətlə aldı. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və Böyük Zəfərimizi xalqımızın tarixinə həkk etdi. Azərbaycan sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi. 2020-ci ilin 8 noyabr tarixi – Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər günü kimi günü yadda qaldı. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır. Azərbaycan xalqı tamamilə dağıdılmış ərazilərdə yeni həyat qurur. Dövlət başçısı cənab İlham Əliyevin və birinci xanım Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri yeni obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bütün şəhər və kəndlərimiz müasir tələblər səviyyəsində qurulur. Dövlət başçısı cənab İlham Əliyev həmişə əminliklə ifadə edir ki, bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

Cənubi Qafqazın ən böyük siyasi partiyası.

Yeni Azərbaycan Partiyasının yarandığı 21 noyabr 1992-ci il günü ən əlamətdar, unudulmaz təqvimlərindən biri kimi ictimai-siyasi tariximizə əbədi həkk olunub. Yeni Azərbaycan Partiyasının yaradılmasının bu il  32 ili tamam olacaq. Partiyanın keçdiyi keşməkeşli yola nəzər saldıqda ötən illər ərzində onun ümumxalq partiyası kimi Azərbaycan dövlətinin və xalqının həyatında mühüm əhəmiyyətli rol oynadığının şahidi olarıq. 1993-cü ildən başlayaraq, ölkədə keçirilən bütün seçkilərdə xalqın etimadını qazanan Yeni Azərbaycan Partiyasının əldə etdiyi uğurlar təşkilatın qarşısına qoyduğu məqsədlərin respublikamızın daxili və xarici siyasətinin həyata keçirilməsində yaxından iştirak etməsi ilə sıx şəkildə bağlıdır. Ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrinin inkişafında partiyanın qarşısına qoyduğu vəzifələr Heydər Əliyev yoluna sadiqliyi ilə layiqincə yerinə yetirilib.

Azərbaycan müstəqilliyini elan etsə də, ölkə köhnə sovet qanunları ilə idarə olunurdu. Ziyalılar dövlət idarəçiliyinə yaxın buraxılmır, savadsız, dövlət idarəçiliyində səriştəsi olmayanlar müxtəlif vəzifələrə təyin edilirdi. Tanınmış ictimai-siyasi ziyalılar, mədəniyyət və incəsənət xadimləri Azərbaycanı tərk edib xarici ölkələrə üz tuturdular. Ölkədə yaranmış qarşıdurma getdikcə geniş vüsət alırdı. Belə bir şəraitdə xalqı arxasınca apara biləcək dövlət idarəçiliyində zəngin təcrübəsi olan liderə böyük ehtiyac yaranmışdı. Həmin dövrdə xalqın qərarı yekdil oldu. Azərbaycanı düşdüyü vəziyyətdən yalnız Ulu Öndər Heydər Əliyev xilas edə bilərdi. 1992-ci il oktyabrın 16-da ölkəmizin bir qrup tanınmış ziyalısı Heydər Əliyevə müraciət edərək bildirmişdi ki, Azərbaycan Sizin sözünüzü gözləyir. Müraciətin əvvəlində müstəqilliyini yeni bərpa etmiş Azərbaycanda mövcud vəziyyət, onun başvermə səbəbləri öz əksini tapmışdı. Ziyalılar müraciətlərində qeyd edirdilər ki, uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübənizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın, demək olar bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq, belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər.

Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və dünya şöhrətli siyasi xadim Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdi. Həmin vaxtdan başlayaraq, Azərbaycanın ictimai-siyasi həyatında mühüm əhəmiyyətli dəyişikliklər bir-birini əvəz etdi. Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Müdrik şəxsiyyət cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan YAP qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.

Yeni Azərbaycan Partiyasının 2005-ci il martın 26-da keçirilmiş III qurultayında partiyanın yeni Sədri – Prezident İlham Əliyev seçilib. Bu, Heydər Əliyevin siyasi irsinə sadiqliyin bariz nümunəsi idi. Həmin vaxtdan başlayaraq, YAP yeni inkişaf mərhələsinə qədəm qoydu, beynəlxalq əlaqələri daha da genişləndirildi və Cənubi Qafqazda ən böyük və nüfuzlu siyasi partiyaya çevrildi.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Bir yumruq kimi səfərbər olmuş Azərbaycan xalqı.

Prezident cənab İlham Əliyev müdrik rəhbər və Müzəffər Ali Baş Komandan kimi Vətən müharibəsinin qəhrəmanıdır. Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Bu qalibiyyət Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan, ötən 17 ildə isə Prezident İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ordu quruculuğunun mühüm nəticəsi kimi tarixə yazıldı.

Yeni Azərbaycan Partiyasının əsas hədəflərindən biri Azərbaycan həqiqətlərini, artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq, tarixi ədalətin bərpasına, ərazi bütövlüyümüzün təmin edilməsinə nail olmaq idi. Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrün uğurlarının, keçilən yolun bələdçisi olan Yeni Azərbaycan Partiyasının hər bir üzvü İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gündə Azərbaycan Ordusunun yazdığı tarixə  şahidlik etdi. Bu Qələbə harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların, o cümlədən siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq hər kəsin birliyinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə həmrəyliyinin nümayişi oldu. Bu Qələbə həqiqətlərə də yeni işıq saldı. Belə ki, ordumuz döyüş meydanındakı əməliyyatları ilə dünyanın hərb tarixində yeni nümunələr yaratdı. Bir çox ölkələr bu gün ordumuzun döyüş təcrübəsi ilə yaxından maraqlanmağa başlayıblar. Bununla da Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 17 ildə İlham Əliyevin xüsusi diqqəti altında həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı. Vətən müharibəsi onu da təsdiq etdi ki, işğalçı dövlət Azərbaycanla hərb meydanında mübarizə aparmağa qadir deyil. İşğal siyasətinin qurbanı olan Ermənistan 30 il əvvəl necə idisə, elə də qalıb və inkişaf baxımından bir addım belə addımlaya bilməyib. Ermənistanın məğlubedilməz ordusunun olması barədə deyilənlər tamamilə əfsanə imiş. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi ilk gündən dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi. Dünyanın harasında olmasından, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz dövləti, onun zəfərləri ilə haqlı olaraq qürur duyur, azərbaycanlı olmağı ilə fəxr edir. Bu xoşbəxtliyi, bu qüruru bizə Prezident İlham Əliyev və güclü Azərbaycan Ordusu yaşatdı. Bu qələbə Azərbaycan xalqının birliyini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı. Azərbaycan xalqının qalibiyyət salnaməsinin müəllifi olan İlham Əliyev Vətən müharibəsinin qəhrəmanına çevrildi. Ona görə də həm hərb meydanında, həm də siyasi-diplomatik sferada qalib olan Prezident, Ali Baş Komandan İlham Əliyev ən ali dövlət təltiflərinə layiqdir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova  

 

 

 

Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq olan insanları birləşdirən partiya.

Hər kəsə məlumdur ki, Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevlə bağlıdır. Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən illər ərzində böyük inkişaf yolu keçib. Fəaliyyəti dövründə YAP çoxşaxəli fəaliyyət göstərməklə yanaşı, islahatlara da böyük önəm verib. Yarandığı ilk gündən ölkə həyatında baş verən bütün proseslər partiyanın diqqət mərkəzində oldu. Problemlərə həssaslıqla yanaşıldı, onların həlli istiqamətində müəyyən addımlar atıldı, dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Dahi rəhbər Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq arenaya çıxmasına təkan olan, müstəqil ölkəmizin iqtisadiyyatına töhfələrini verən nəhəng iqtisadi layihələr reallaşdı.

Müstəqillik, dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət kimi ideoloji prinsipləri proqramında rəhbər tutan partiyanın əsas məqsədi hüquqi, demokratik, dünyəvi dövlətin və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatının inkişafı, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycanın dünya birliyində özünə layiqli yer tutması olub.

Xalqını, millətini və bütövlükdə, Vətənimizi bəlalardan qurtaran, ölkəmizin sürətlə inkişafı üçün hər cür şəraitləri yaradan, Vətənini, dövlətini böyük məhəbbətlə sevən Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən kursu hazırladı, Yeni Azərbaycan Partiyasına böyük nüfuz qazandırdı. Xalqın sevə-sevə üz tutduğu partiya Ulu Öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasətin həyata keçirilməsində yaxından iştirak etməklə dövlət müstəqilliyinin dönməzliyinin təmin edilməsinə böyük töhfələr verdi. Bu islahatlar partiyanın sədri, ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq davam etdirilib. Yeni Azərbaycan Partiyası bundan sonra da milli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına, Azərbaycanın qüdrətinin artmasına və strateji hədəflərə çatmasına müstəsna töhfə verəcək.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki