image-qanunla-reklam
image-b8af7d0f159211842652545923811035784

Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq olan insanları  birləşdirən partiya

image-lady-day-az

Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq olan insanları  birləşdirən partiya

Ulu Öndər Heydər Əliyevin maraqlarının reallaşması yolunda YAP-nın böyük tarixi naliyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən ilə genişlənir. YAP ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyasının ideyalarına Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq olan insanları  birləşdirən partiya olaraq Heydər Əliyevin ətrafında yaradılmışdır. Ulu Öndərin siyasi təcrübəsi xalq qarşısında göstərdiyi xidmətlər naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanları onun ətrafında birləşdirir.Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Həmin dövrdə xaos və qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan dövlətimizi xilas etmək məqsədilə xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, o cümlədən ziyalılar Ulu öndər Heydər Əliyevə müraciət etdi. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan… ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.
Xalqın Ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. YAP-ın sıralarında gənclər də böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib.
Beləliklə, Ulu öndərə böyük inam və etimad göstərən Azərbaycan gəncliyi tezliklə dövlətin və hakim Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşdi. Ümummilli lider gənclərin cəmiyyətin fəal və aparıcı qüvvəsinə çevrilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə aktiv cəlb olunması yönündə əməli addımlar atdı. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması gənclərimizin dövlət quruculuğu prosesindəki iştirakına əsaslı təkan verdi. Ulu öndər Heydər Əliyevin gənclərə qayğısı geniş və əhatəli idi. Müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu xüsusi rol oynadı. 1996-cı il fevralın 2-də keçirilən forum Ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi oldu. Təsadüfi deyil ki, məhz həmin vaxt Ulu öndərin Sərəncamı ilə 2 fevral tarixi Gənclər Günü kimi Azərbaycan tarixinə düşdü. Bu gün Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərir.

Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Əvəz Soltanov

 

 

Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti.

Hər bir qələbəni, hər bir uğuru tarix və şərait yetişdirir. Bu baxımdan İkinci Qarabağ savaşında istər hərbi, istər diplomatik cəbhələrdə qələbəyə gedən yolun təməli hələ Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə qoyulmuşdu. Fəxrlə deyə bilərik ki, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmizdə başlanan dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün gücü ilə qürurlandığımız, suverenliyimizin və ərazi bütövlüyümüzün yeganə təminatçısı olan Azərbaycan Ordusudur. 1994-cü ildə atəşkəs sazişinin imzalanmasından sonra Azərbaycanda ordu quruculuğu, ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində görülən işlər yeni fazaya daxil oldu. Vahid komandanlıq əsasında hərbi hissələrin formalaşdırılması tezliklə başa çatdırıldı. Heydər Əliyev fəaliyyəti boyu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində bütün dünyaya çatdırır, beynəlxalq hüquq normaları əsasında regionda sülhün təmin edilməsi üçün həmin təşkilatların təsir imkanlarından istifadə etməyə çalışırdı. Bu zaman Ulu Öndərin istinad etdiyi əsas sənədlər BMT-nin 4 qətnaməsi idi. Bununla yanaşı, Heydər Əliyev hər bir beynəlxalq təşkilatın Zirvə görüşünün yekun sənədində Azərbaycanın ərazi bütövlüyünü təsbit edən müddəanın salınmasına xüsusi diqqət yetirirdi. Heydər Əliyev çevik və dəqiq diplomatik addımları ilə Azərbaycanın dünya birliyi tərəfindən müdafiə olunmasına nail oldu.  Ulu Öndər Azərbaycanın inkişafında qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün böyük fədakarlıq göstərib. Bunun ən bariz nümunələrindən biri də Ulu Öndərin özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qazanılan uğurların davamlılığını təmin edəcək, xalqın alternativsiz liderinə çevriləcək davamçı-varis yetişdirməsindədir. Ümummilli Lider Azərbaycan xalqına son müraciətində İlham Əliyevi özünün siyasi varisi olduğunu bəyan edərək demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.  Ümummilli Liderin axıra çatdıra bilmədiyi işlərin biri və birincisi isə torpaqlarımızı düşmən tapdağından azad etmək, məcburi köçkünlərin öz doğma yurd-yuvasına qayıtmasını təmin etmək olmuşdur. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli ötən 20 ildə daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Xüsusilə qeyd etməliyik ki, cənab İlham Əliyev məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması işini sistemləşdirdi, mərhələlərlə ən ağır şəraitdə yaşayan məcburi köçkünləri yeni evlərlə təmin etdi. Şəhid ailələri və müharibə əlillərinin mənzillə təmin edilmə proqramı da ildən-ilə gücləndirilir. Bu həssas sosial məsələlərlə bağlı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr respublika ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Qarabağ döyüşlərində sağlamlığını itirmiş vətəndaşlarımızın sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası məsələləri də Mehriban Əliyevanın xüsusi diqqətindədir. Ermənistana qarşı hücum diplomatiyası ilə yanaşı, müasir, yeni döyüş texnologiyaları ilə zəngin ordu quruculuğu ötən 20 ildə Prezident İlham Əliyevin fəaliyyətinin ardıcıl, sistemli prioritet istiqamətini təşkil edib. Bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusunun döyüş imkanları dünyanın ən güclü orduları ilə bir sırada dayanır. Möhtərəm Prezident İlham Əliyev torpaqlarımızın güc yolu ilə azad edilməsinin mümkünlüyünü həmişə bəyan edib. Hər bir qələbəni, hər bir uğuru tarix və şərait yetişdirir. Bu qələbənin müəllifi isə düzgün və düşünülmüş qərarlar qəbul edən lider olur. Fəxarət hissi ilə qeyd etməliyik ki, İlham Əliyev elə bir uğurlu siyasət irəli sürdü ki, ordumuz öz missiyasını layiqincə həyata keçirdi. Torpaqlarımızı azad etmək istəməyən Ermənistan güc yolu ilə ərazilərimizdən qovuldu, darmadağın edildi. İlham Əliyevin 44 gün davam edən müharibə günlərində beynəlxalq təzyiqləri diplomatik peşəkarlıqla dəf etməsi, 30-a yaxın beynəlxalq KİV-ə verdiyi müsahibələrdə dünya erməniliyinə vurduğu zərbələr də bu qələbəni şərtləndirən amillərdir. Möhtərəm Prezidentimizin həmin günlərdə xalqa müraciətləri hamının sevə-sevə dinlədiyi el ifadələri, şirin milli terminologiyalarla zəngin nitqlər idi. Prezidentə məhəbbət, ona sıx bağlılıq Vətən müharibəsi dövründə özünü daha bariz şəkildə göstərirdi.  Artıq ərazi bütövlüyünü təmin edən Azərbaycan vətəndaşları öz torpaqlarına geri dönür. Bu dönüş möhtəşəm olacaq və işğaldan azad edilmiş ərazilərimiz ən qısa vaxtda öz inkişafları ilə yeni nümunələr yaradacaqlar. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması xəbərini verdiyi gün xalqa müraciətində demişdir: “Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada – Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm… Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bununla da sübuta yetdi ki, Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev həm ata vəsiyyətini yerinə yetirən övlad, həm də onun memarı olduğu dövlətin rəhbəri, qurduğu qüdrətli ordunun Ali Baş Komandanı kimi Heydər Əliyev ucalığının parlaq təcəssümüdür.

Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı-Ehtiram Osmanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki