image-qanunla-reklam
image-666666666666

Şuşanın azad edilməsi tarixi hadisə olaraq, eyni zamanda, İkinci Qarabağ müharibəsinə son qoydu

image-lady-day-az

Şuşanın azad edilməsi tarixi hadisə olaraq, eyni zamanda, İkinci Qarabağ müharibəsinə son qoydu

2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirirdi.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və Azərbaycanın İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi. Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində deyib: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”.

Azərbaycan Prezidentinin dekabrın 3-də imzaladığı Sərəncama əsasən, noyabrın 8-i bayram günləri sırasına daxil edildi və hər il Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur. Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Prezidentin Sərəncamında vurğulanır ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsinin taleyində həlledici gün məhz 2020-ci il noyabrın 8-i oldu. Şuşa şəhərinin işğalçılardan azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə çox ciddi təsir göstərdi və Azərbaycanın hərb meydanında olduğu kimi diplomatiya meydanında da uğurlarını şərtləndirirdi.

Şuşa – Qarabağın tacı, Qafqazın sənət məbədi, Şərqin konservatoriyası, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, doğma şəhər, əziz bir torpaq, hərbi-strateji əhəmiyyətli qala və müqəddəs abidədir. Azərbaycanın tarixən mədəni mərkəzi olmuş bu abidəni dünyanın ən gözəl şəhərlərindən birinə çevirməli və göz bəbəyimiz kimi qorumalıyıq ki, bizim Şuşaya, əziz və doğma şəhərə bir daha kimsə yad gözlə belə baxa bilməsin.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

 

 

Antiterror əməliyyatı qaçılmaz idi

İkinci Qarabağ – Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda məhz Ermənistan tərəfinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın tələblərinə etinasız yanaşması uzunmüddətli və davamlı sülhün təmin olunması istiqamətində aparılan bütün səyləri puça çevirdi. Vətən müharibəsindən ötən son üç il ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı. Ancaq aydın məsələ idi ki, bölgəmizdə daimi sülh və sabitliyə nail olmağın yeganə yolu məhz erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi.

Nəhayət, bütün bu qanunsuz əməllərin qarşısının alınması üçün ölkəmiz tərəfindən Laçın rayonunda Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması, eyni zamanda humanitar məqsədlə paralel olaraq, Ağdam-Xankəndi yolunun təklif edilməsi Ermənistan tərəfinin bütün xain planlarını alt-üst etdi. Eyni zamanda, bütün xəbərdarlıqlara rəğmən, qanunsuz rejimin qorunub saxlanılması üçün maliyyələşdirmə prosesi də məhz birbaşa Ermənistan Respublikasının rəsmi dövlət büdcəsi hesabına həyata keçirilirdi. Belə ki, bu məqsədlə hər il yüz milyonlarla dollar vəsait qondarma rejimin büdcəsinə ötürülürdü. Ermənistan hökuməti tərəfindən göstərilən bu dəstək təkcə maliyyə sahəsini deyil, eyni zamanda hərbi, siyasi, ideoloji və digər sahələri də əhatə edirdi. Əlbəttə, bütün bunlar ölkəmizin ərazi bütövlüyünə, onun suverenliyinə və təhlükəsizliyinə tamamilə zidd addımlar idi.

Nəhayət, sentyabrın 19-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə ordumuzun təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşımızın şəhid olması son damla olaraq ölkəmizin səbr kasasını daşırdı. Nəticədə düşmənin pozuculuq fəaliyyətinin önlənməsi, eyni zamanda bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq, ölkəmiz öz suveren əraziləri daxilində – Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirməyə başladı. Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı. Bu davranış ordumuzun arsenalında müasir tipli silahlara və yüksək texniki imkanlara malik olmasına rəğmən, ümumilikdə ölkəmizin yüksək humanizm prinsiplərinə sadiqliyini və zəngin mənəvi keyfiyyətlərə sahib olduğunu əyani şəkildə nümayiş etdirdi. Belə ki, ordumuz mülki şəxslərə dəyə biləcək zərərlərdən maksimum yayınmaq üçün mülki əhali və infrastruktur obyektlərinin yaxınlığında məqsədli şəkildə yerləşdirilmiş legitim hərbi obyektlərə belə, zərbələr endirməkdən çəkindi.

Beləliklə, sentyabrın iyirmisində 24 saatdan da az müddətdə yekunlaşan lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi.

Bununla da ölkəmiz sübut etdi ki, qüdrətli dövlətdir və onun sarsılmaz, qətiyyətli mövqeyə, dəmir iradəyə malik rəhbəri – Ali Baş Komandanı vardır. Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qəti qələbə qazanaraq, yüz ildən bəri bizə “miras” qalan bu ağrılı-acılı problemi birdəfəlik həll etdi. “Dağlıq Qarabağ” probleminin həllinə öz imzasını, möhürünü atdı.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru Rasif Qaçayev

 

 

Seçkilər bir dövrə yekun vurdu

Ölkə başçımız cənab İlham Əliyev 2003-cü ildə ilk dəfə seçiləndə xalqı əmin etmişdir ki, qarşıda duran bütün vəzifələri icra edəcəkdir. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir. 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər ikinci Qarabağ müharibəsi olmaya bilərdi. Sanki kimsə hesab edirdi ki, Azərbaycan xalqı bu işğalla barışmalı olacaq. Biz döyüş meydanında cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın etmişdik. Azərbaycan bütün dünyada Ermənistanın uzun illər ərzində yaratmağa çalışdığı mifləri darmadağın etdi, erməni ordusunu qorxaq və təslimçi ordu kimi təqdim etdi. Bunu bizim cəsur döyüşçülərimiz qan tökərək sübut etmişlər. Şuşanın azad edilməsi tarixi hadisə olaraq, eyni zamanda, İkinci Qarabağ müharibəsinə son qoydu. Çünki ondan sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuşdur, bizim qarşımızda ağ bayraq qaldırmışdır, təslim olmuşdur və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatdı.

7 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar Prezident seçkiləri Zəfər seçkisidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı. Suverenliyimiz tam bərpa olundu. 2023-cü ilin sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki,  Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Bütün amilləri – siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirilmişdir. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün bütün ərazilərdə keçiriləcək birinci seçkilər prezident seçkiləri olmalı idi. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin 20 ilinin tamamlanması bir dövrdür. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur. Fevralın 11-i Mərkəzi Seçki Komissiyası “2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vurulması və Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında” Qərar qəbul etmişdir. Fevralın 13-ü Konstitusiya Məhkəməsi Prezident seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda əks olunmuş nəticələri təsdiq etmiş və Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlunun Azərbaycan Respublikasının Prezidenti seçildiyini elan etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində etdiyi geniş və proqram xarakterli nitqi ilə ötən dövrə yekun vurdu, dövlətimizin qarşısında duran hədəfləri, prioritetləri açıqladı, ölkəmiz üçün yeni dövrün başlandığını elan etdi.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki