Şəki Şəhər –Rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Qanunla.Az-a verilən məlumata görə, rayonun Turan qəsəbə sakini, əvvəllər də dəfələrlə oğurluq cinayətlərinə görə məhkum olunmuş Sahib Yaqubovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs odlu silahı satmaq məqsədilə aparan zaman saxlanılıb. Onun üzərinə baxış keçirilərkən atəşə yararlı “Makarov” markalı tapança, sərnişin qismində olduğu taksidən isə ona məxsus bağlamada gizlətdiyi “Kalaşnikov” avtomatı, eləcə də həmin silahlara məxsus daraqlar, 17 ədəd patron və süngü-bıçaq aşkar edilərək götürülüb. S.Yaqubov ifadəsində silahları bir müddət əvvəl tapdığını və 3200 manata satmaq məqsədilə Mingəçevir şəhərinə aparmaq istədiyini bildirib.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Məhkəmənin də qərarı ilə S.Yaqubov barəsində həbs-qətimkan tədbiri seçilib.