image-qanunla-reklam
image-putin-valday-yeni

Seçki bitdi: Putin nələri dəyişəcək?

image-lady-day-az

Rusiyada prezident seçkisi arxada qaldı. Nəticə əvvəlcədən bəlli idi.

Qanunla.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun fikrincə, Vladimir Putinin davam edən hakimiyyəti zamanı daxili və xarici siyasətində ciddi dəyişiklik olmayacaq:

“Rusiyanın enerji resurslarının satışında isə çətinlikləri artacaq. Rusiya Ukrayna müharibəsinə görə Avropaya sata bilmədiyi neft və qazını Çin və Hindistana yönəldib. Ancaq Hindistan Rusiya neftinin alışını azaldıb, Çin isə Rusiya qazını ucuz qiymətə almağa çalışır. Bu amillər Rusiyanın gələcək illərdə gəlirlərini azaldacaq.

Vladimir Putin və onun hökumətinin işini çətinləşdirən Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələrdir. Putin Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməkdə “qətiyyətini” nümayiş etdirirsə, müharibənin Rusiyaya vurduğu zərərləri də hesablamaq məcburiyyətində qalacaq. Rusiyanın müharibədə itkiləri yüzminlərlədir, maliyyənin böyük hissəsi savaşa xərclənir, sosial məsələrin həlli arxa plana keçib. Digər tərəfdən ABŞ və Avropa Birliyi müharibəni Rusiyanın xeyrinə bitirməyə imkan verməməyə çalışacaq. Bu isə o deməkdir ki, Putin müharibə tələsindən hələ uzun müddət çıxa bilməyəcək”.

Ekspert atırladıb ki, Putin hakimiyyətdə olduğu dövrdə Rusiyanın Qərb ölkələri ilə münasibətləri normallaşmayacaq:

“Putin Qərb ölkələrindən heç birinə səfər edə bilməyəcək. Rusiya vətəndaşları üçün də Qərb ölkələrinə səfərlər və bu ölkələrdə iş qurmaq məhdudiyyətləri qüvvədə qalacaq. Bu, Rusiya vətəndaşları və biznesmenləri üçün diskomfort yaratsa da, onlar Vladimir Putinin hakimiyyətinə qarşı çıxmağı düşünmürlər. Rusiyada 1990-cı illərdən fərqli olaraq, alternativ fikir yürütmək, hakimiyyətin siyasətini tənqid etmək həyat üçün risklidir. Buna görə də Moskva və Sankt-Peterburq kimi iri şəhərlərdə Putinin siyasəti barədə fərqli düşünənlər olsa da, Rusiya cəmiyyətinin əksər hissəsi Putinlə yola davam etmək istəyir. Rusiyada yaxın illərdə inqilabi dəyişikliyin olmayacağını Qərbdə də qəbul ediblər”.

Politoloq Vladimir Putinin Cənubi Qafqaz siyasətinin də olduğu kimi davam edəcəyini düşünür:

“Putin Azərbaycanla tərəfdaşlıqda maraqlıdır, ortaq layihələr var. Kreml sahibi Rusiyadan uzaqlaşmaq istəyən Ermənistan hakimiyyətinə isə çətinliklər yaradacaq. Putin gələcək illərdə Ermənistanda güc yolu ilə hakimiyyət dəyişikliyinə nail olarsa, Kremlin Cənubi Qafqaz siyasətində yenidən Ermənistana ağırlıq verəcəyi mümkündür. Azərbaycan həmin günü gözləmədən Rusiya hərbi kontingentinin Qarabağdan çıxarılmasına nail olmalıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki