Quru Qoşunlarının 2023-cü tədris ilinin hazırlıq planına əsasən hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib.
“Qanunla.az” xəbər verir ki, bu barədə MN məlumat yayıb.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Yarışlara cəlb edilən komandalar kompas və xəritədən istifadə etməklə ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayıblar. Təyin olunmuş məsafə və vaxt ərzində nəzarət nöqtələrinin müəyyənləşdirilməsi, xəritə üzərində hədəflərin aşkar edilməsi üzrə tapşırıqların icrası zamanı iştirakçılar fəallıq göstəriblər. Həmçinin hərbi qulluqçular fərdi birincilik uğrunda da mübarizə aparıblar.
Sonda Quru Qoşunlarının hakimlər komissiyasının üzvləri yarışın yekun nəticələrinə əsasən qalibləri müəyyən ediblər.
Hakimlərin qərarına əsasən “Hadrut” yığma komandası qalib gələrək yarışın kubokunu qazanıb. “Bakı” və “Kəlbəcər” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar. Qaliblər fəxri fərman, kubok və medallarla mükafatlandırılıblar.
Qeyd edək ki, 8 komanda üzrə 32 hərbi qulluqçunun iştirak etdiyi yarışda fərdi olaraq ən yaxşı nəticə əldə etmiş iştiakçılar Azərbaycan Ordusunda keçiriləcək səmti müəyyənetmə birinciliyində Quru Qoşunlarını təmsil edəcəklər.