image-qanunla-reklam
image-14848932682966554767_1200x630

Qanlı Yanvar qırğını

image-lady-day-az

Qanlı Yanvar qırğını

Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrilmiş 20 Yanvar faciəsindən 34 il ötür. Yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi hissələri 147 dinc sakini qətlə yetirdi, 744 günahsız dinc sakini yaraladı, onların çoxu əlil oldu, 841 nəfər isə qanunsuz həbs edildi. Bütün bunlara baxmayaraq qaniçən Mixail Qorbaçov və digərləri Azərbaycan xalqının iradəsinə hakim ola bilmədi, əksinə, 20 Yanvar günü Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq səhifəsi kimi tarixə düşdü. XX əsrdə törədilmiş ən qanlı hadisələr arasında 20 Yanvar tarixində Azərbaycanda insanlığa qarşı törədilmiş dəhşətli cinayət də var. Qanlı hadisələrdən 34 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş günlərin acısını unutmur, öz vətəndaşlarına qarşı kütləvi qırğınlar törədən sovet imperiyasının o vaxt ki, rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir.

Qara Yanvar hadisələri yenidənqurma dövründə, uydurulmuş Dağlıq Qarabağ münaqişəsi fonunda baş verdi. SSRİ-nin süqutu zamanı Azərbaycan ərazilərinin işğalı ilə bağlı öz çirkin planlarını həyata keçirməyə çalışan radikal erməni millətçiləri marionet Mixail Qorbaçovun başçılıq etdiyi sovet rəhbərliyindən öz məqsədləri üçün alət kimi məharətlə yararlandılar. Bu məqsədlə erməni planlarının həyata keçirilməsinə mane olan Ulu Öndər Heydər Əliyev vəzifəsindən uzaqlaşdırıldı. Sovet rejimi M.Qorbaçovun əli ilə böyük dövlət xadimi Ulu öndər Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmaqla erməni separatizminin yolunu açdı və erməni lobbisinin planlarına göz yumdu. Təbii ki, 20 Yanvar qətliamı ərəfəsində yaşanan proseslər Azərbaycan xalqının siyasi özünüdərkinin inkişafına təkan verdi və Azərbaycan vətəndaşlarının öz respublikasının ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olduğunu nümayiş etdirdi. Bakıdakı Qanlı Yanvar müstəqillik uğrunda mübarizə aparan hər kəs üçün aşkar dərs oldu. Azərbaycan milli hərəkatının yüksəlişini şərtləndirən əsas amil isə Qarabağ problemi idi. Mərkəzin Qarabağ böhranının həlli istiqamətindəki uğursuz və məkrli “səyləri”, respublika rəhbərliyinin Azərbaycanın milli maraqlarını qoruya bilməməsi, Ermənistandan və Qarabağdan qovulmuş azərbaycanlıların acınacaqlı vəziyyəti xalqın hiddətinə səbəb oldu. Vətəndaşlar narazılıqlarını bildirmək üçün dinc aksiyalara çıxdılar. Təəssüflər olsun ki, həmin dövrdə respublikada xalqı düzgün istiqamətə yönəldə biləcək rəhbər, qüvvə yox idi. Həmin ağrılı-acılı günlərdən uzun zaman keçsə də, xalqımız 20 Yanvar faciəsini unutmur. Hər birimiz üçün unudulmaz tarixə çevrilən 20 Yanvar qətliamını qürurla anır, azadlığımız uğrunda canlarını fəda etmiş şəhidlərimizi qədirbilənliklə yad edirik.

Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Cəsarətli bəyanat

Azərbaycan Xalqının qəzəbindən qorxuya düşən keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovun bilavasitə əmri ilə sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunlarının böyük kontingenti 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir sıra rayonlarına yeridildi. Ağır texnika və müxtəlif növ silahlardan istifadə etməklə dinc əhaliyə qarşı qırğınlar həyata keçirildi. Bakıda xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklər törədildi. Ölənlər arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və polis əməkdaşları da var idi. Sovet ordusu hissələrinin Bakıya daxil olması Azərbaycan üçün böyük faciəyə çevrildi. O müdhiş gecədə doğma torpağının, xalqının azadlığı uğrunda, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları şəhidlik zirvəsinə ucalaraq canlarından keçdilər. Günahsız insanların böyük itkilərə və məhvinə səbəb olan 20 Yanvar faciəsi Azərbaycan xalqının döyüş ruhunu, əyilməzliyini və qürurunu nümayiş etdirdi. Bu qanlı faciəyə ilk münasibətini bildirən Ümummilli Lider Heydər Əliyev oldu. Xalqına sevgisini növbəti dəfə nümayiş etdirən Ulu öndər Heydər Əliyev həyatını riskə ataraq nümunə sərgilədi. 1990-cı il yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək bu faciəni törədənləri kəskin tənqid etdi. Ulu Öndər baş verənləri qanunsuz, demokratiyaya yad, ölkədə humanizm, hüquqi dövlət quruculuğu prinsiplərinə tamamilə zidd hesab edərək blokadaya məqsədli şəkildə salınmış Azərbaycanın səsini dünyaya çatdırdı. Xüsusilə qeyd etmək lazımdır ki, Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət yalnız Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra verildi. 1994-cü il mart ayının 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə – 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.

Həmin qanlı hadisədən 34 il ötür. Zaman göstərdi ki, Azərbaycan xalqı bu faciəni ləyaqətlə yaşadı. Bütün bu illər ərzində Azərbaycan xalqı 20 Yanvar şəhidlərini ehtiramla yad edir, onların xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzür. Müxtəlif ölkələrdən Azərbaycana təşrif buyuran qonaqlar ilk növbədə Şəhidlər xiyabanına gəlir və canları bahasına respublikanın müstəqilliyini qazananların qarşısında baş əyir, ehtiramlarını bildirirlər.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Öncədən planlaşdırılmış hərbi cinayət

1990-cı il 20 Yanvar qanlı faciəsindən artıq 34 il ötür. Həmin dəhşətli, insanlığa xas olmayan hadisələr sanki dünən baş vermişdir.  O qanlı gecədə sinələrini düşmən gülləsinə sipər edən, ayaqdan- başa qədər ən müasir silah-sursatla təchiz olunmuş imperiya ordusunun qarşısına əliyalın çıxan mərd oğul və qızlarımız Bakının ən uca zirvəsində salınmış, bu gün hər bir kəsin ziyarətgahına çevrilmiş “Şəhidlər xiyabanı”ında uyuyurlar. Qəhrəman oğul və qızlarımız Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı, bugünümüz, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını qurban verənlərdir. Vaxtilə bu qanlı hadisələrə görə daha çox ağlayıb-sızlayır, qəm dəryasına batır, şəhid məzarlarına qərənfillər düzməklə təskinlik tapırdıqsa, indi kədərlənməklə yanaşı, ürəklərdə sonsuz qürur hissi də baş qaldırır. Bu gün hər bir vətəndaşımız Qalib Azərbaycanda yaşamasından qürur hissi keçirir. Bu qalibiyyətin əsasını da, şübhəsiz ki, qəhrəman 20 Yanvar şəhidləri qoydu.  1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çoxlu şəhid verdi. Lakin bu mübarizədə xalqımızın iradəsi sınmadı və milli ruhu sarsılmadı. Vətənin bir qarışını belə düşmənə qıymayan cəsarətli, qorxmaz, mərd övladlarımız misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Xalqın birliyi və milli ləyaqət hissi ən müasir silahlarla silahlanmış imperiya ordusuna qalib gəldi. Bu, 20 Yanvar faciəsini səciyyələndirən ən mühüm məqamlardan biridir. Vaxtilə Ulu öndər Heydər Əliyev bu barədə danışarkən demişdir: “1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur”.

Sovet imperiyası tərəfindən  əvvəlcədən  planlaşdırılmış hərbi cinayət idi. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan keçmiş Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmağımıza görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. Lakin bununla çirkin niyyətinə çata bilmədi.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Bu qanlı faciədən sonra sovet imperiyası Aszərbaycanda özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə çatdı, Sov.İKP üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etdilər. Həmin vaxt ölkəyə rəhbərlik edənlər bu hadisələrə hüquqi-siyasi qiymət verməyə cəsarət etmədilər: “1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. İnsanlığa xas olmayan bu faciəyə ilk ilk siyasi-hüquqi qiymət də ulu öndər tərəfindən verildi.  Ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi.

Ulu öndərin Heydər Əliyevin yolunu, siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır. Prezident cənab İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan SOS siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.  1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. 20 Yanvar həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan bir xalqın tarixində şərəfli səhifədir. Bu gün Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması 20 Yanvar şəhidlərinin, ümumilikdə torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin qanının yerdə qalmamasının təsdiqidir.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

 

Yanvar faciəsinin tədqiqi ilə bağlı aparılan bütün işlər daim Ulu Öndər Heydər Əliyevin diqqətində olub

Ulu öndər Heydər Əliyev, hər şeydən əvvəl, 20 Yanvar faciəsini Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırmışdır. 20 Yanvar xalqımızın həyatında dərin və sonsuz hüzn törətməsinə baxmayaraq, Ulu öndər onu tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirmiş, yeni nəsillər üçün örnək səviyyəsinə yüksəltmiş və müstəqilliyimizin banisi faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, onun zərədidələrinə dövlət qayğısı göstərilməsi üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. 20 yanvar hadisəsi ilə bağlı Ulu öndərin mövqeyi, açıqlamaları, atdığı addımlar 34 il öncə baş vermiş mürəkkəb və qanlı hadisələrin mahiyyətini anlamaqda, onun ibrət dərslərini öyrənməkdə xalqımızın qiymətli mənəvi qaynağıdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o vaxtkı sovet rəhbərliyinin ali vəzifə borcuna və adi insanlıq xislətinə zidd olaraq, bütün qoşun növlərini səfərbər etməklə, güc nazirlərinin bilavasitə iştirakı ilə ittifaq dövlətinin müttəfiq bir subyekti olan Azərbaycan SSR-in paytaxtına irimiqyaslı hücum təşkil etməsi, nəticədə çox sayda dinc insanın qətlə yetirilməsi və yaralanması uşaqdan-böyüyə, qadından-qocaya hamını ayağa qaldırdı, nifrət və qəzəb adlı nəhəng bir tonqalı alovlandırdı. Moskvada Azərbaycan Nümayəndəliyində keçirdiyi mətbuat konfransında isə Ulu öndər Heydər Əliyev vəziyyəti vaxtında nizama salmağın mümkünlüyünü necə aydın göstərmişdir. Həmin bəyanatla Ulu öndərin Kremlin beşaddımlağında söylədikləri Qorbaçovun gecikmiş etirafındakı arqumentlərin yalan olduğunu illər öncə sübuta yetirmişdir:

1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Heydər Əliyev hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən öz millətinin hüquqlarının müdafiəsinə qalxdığını sübut etdi. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi Azərbaycan rəhbərliyindən tələb edilirdi. Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi ilə bağlı kifayət qədər vaxtları və imkanları olsa da, istər Ayaz Mütəllibov iqtidarı, istərsə də AXC–Müsavat qaragüruhu bunu etmədi. Baxmayaraq ki, hadisəyə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində çox iş gömək olardı. Əksinə, onlar müxtəlif səthi qərarlar qəbul edə-edə və ya etdirə-etdirə həmin günün müsibətlərini xalqımıza unutdurmağa çalışdılar. Yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə ulu öndər Heydər Əliyev bu barədə deyirdi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”. Ulu öndərin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı fərmanda həm də Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsini əks etdirməli idi. 1994-cü il mart ayının 29-da ölkə parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Beləliklə də 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.

.Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki