NATO Rusiya ilə toqquşmaya hazırdır.
Qanunla.Az xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauer Ukrayna KİV-inə müsahibəsində deyib.
O bildirib ki, belə bir ssenariyə hazır olmaq Alyansın əsas vəzifəsidir:
“Məsələ ondadır ki, qarşı tərəfin nə vaxt nə edəcəyini bilmirik. Ona görə də hazır olmalıyıq. Bu gün müharibə başlayarsa, biz əlimizdəki imkanlarla mübarizə aparmalı olacağıq”.
NATO rəsmisi Alyansın xüsusilə şərq sərhədlərini gücləndirdiyini diqqətə çatdırıb:
“Rusiyanın müxtəlif yerlərdə, o cümlədən kosmosdakı hərəkətlərini diqqətlə izləyirik. Lazım gələndə də reaksiya veriləcək. Biz görürük ki, Rusiya əhəmiyyətli miqdarda silah istehsal etmək imkanına malikdir, lakin müharibə başlayandan bəri onun keyfiyyəti durmadan aşağı düşür. Müəyyən planları var, amma müharibə aparırlar, ona görə də onlara çox vaxt lazımdır. Onlar üçün asan olmayacaq”.
R.Bauerin sözlərinə görə, Ukraynada NATO qoşunları yoxdur:
“Bizim belə bir planımız da yoxdur. NATO-nun ayrı-ayrı ölkələri bu barədə düşünürlərsə, mütləq məsləhətləşməlidirlər”.
Admiral qeyd edib ki, hansı ölkələrin Ukraynaya hansı silahlar göndərəcəyinə NATO qərar verə bilməz:
“Bu, müstəqil seçimdir. Biz kimisə buna məcbur edə bilmərik”.