image-qanunla-reklam
image-76a85196-d9b9-3290-b653-2d8eab703033

Münasibətlərin müsbət inkişaf dinamikası

image-lady-day-az

Münasibətlərin müsbət inkişaf dinamikası.

Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı bir sıra vacib məsələlərə toxundu.Azərbaycan istər Ermənistanla münasibətdə istərsə də digər məsələlərdə hər zaman humanistlik nümayiş etdirmiş və beynəlxalq hüquqa və qanunlara ən yüksək səviyyədə riayət etmişdir. İkinci

Qarabağ Müharibəsi və antiterror əməliyyatları buna bariz nümunədir. Ümumiyyətlə Azərbaycanın atdığı bütün addımlar tam haqlı və beynəlxalq hüququn prinsiplərinə təmamilə uyğundur. Hansısa bir təşkilatın və ya dövlətin qərəzli ittihamlarının heç bir əsası yoxdur və bütün bunlar ölkəmizin uğurlarına olan qısqanclığın nəticəsidir. Prezident ölkəmizə qarşı olan ənənəvi təzyiq cəhdlərinin nədən qaynaqlandığı­nın təsvirini verib. Həm hazırkı neqativ təmayülləri dilə gətirib, həm də keçmişə nəzər salıb.

Nəticədə dövlətimizin başçısı hər iki dövrdəki xoşagəlməzliklər baxımın­dan vahid səbəb və nəticə əlaqəsinin varlığı reallığını ortaya qoyur. Belə ki, sə­bəb ermənipərəstlikdir, nəticə isə həmin ermənipərəstliyə görə özünü göstərən yanaşmalar. Azərbaycanın lideri bildirdikləri ilə həmin yanaş­maların qərəzli mahiyyətinin dolğun təsvirini çəkir. Bu təsvir heç bir halda bəraət qazanmaq, xarici iş adamla­rını ölkəmizə çağırmaq istəyi deyil. Yəni, onlarsız da keçinərik. Cənab İlham Əliyev, sadəcə, heç nəyə bax­mayaraq, Azərbaycana təşrif buyur­muş bu şəxslərin qərarının doğrulu­ğunu bildirir və əminlik yaradır. Eyni zamanda da, prinsipial xarakterli mesajlarını da çatdırır. Daha sonra dövlət başçımız Azərbaycanın sülh prosesinə sadiq olduğunu diqqətə çatdırdı: Ümumiyyətlə qeyd etmək istərdim ki Azərbaycan heç zaman müharibə tərəfdarı olmamış, bütün məsələləri sülhlə həll etməyə çalışmışdır. Ikinci Qarabağ Müharibəsindən sonra da Azərbaycan dəfələrlə Ermənistana sülh təklif etmişdir. Lakin təəssüf ki, Ermənistan tərəfi sülh təşəbbüslərini dəyərləndirməmiş, əksinə olaraq havadarlarının oyunlarına uyaraq müxtəlif təxribatlara əl atmış və sülh prosesinə mane olmağa çalışmışdır. Ermənistanın qeyri-müstəqil və asılı siyasətinin nəticəsidir ki, hazırda Ermənistan böhranlar içərisində çabalayır və dalana dirənmiş vəziyyətdir. Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya Kansleri ilə görüşündə əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlərin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib. Eyni zamanda Kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayıb. Bununla yanaşı, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd edib. Prezident diqqətə çatdırıb ki, Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu otuzillik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər. Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms vurğulayıb ki, Almaniya biznes dairələri Azərbaycanın Cənubi Qafqazda sülh proseslərinə sadiqliyini yüksək qiymətləndirir və bu da öz növbəsində bütün regionda müsbət inkişafın əsasını qoya bilər.

 Cəlal Mecidli – Zərdab Gənclər evi SXM-in metodisti

 

 

Almaniya neytrallıq nümayiş etdirir.

Dövlətimizin başçısı 28 fevral tarixindəAlman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə əsas diqqət göstərdiyi məsələlərdən biridə ölkəmizə qarşı əsassız təbliğatın aparılması, dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlər oldu. Bir daha vurğulandı ki, beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Xüsusilə kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayan cənab İlham Əliyev bununla yanaşı, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd etdi. Almaniya qonşuluğunda yerləşən, necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir. Prezident cənab İlham Əliyev təəssüf hissi ilə qeyd etdi ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozep Borrelin qeyri-adekvat bəyanatları Azərbaycanı çox məyus edib. Onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. Digar tərəfdən, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Cənab İlham Əliyev bu çağırışı etdi: « Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir.» Müzəffər Ali Baş Komandanımız görüşdə onu da bildirdi ki, Azərbaycan sülh prosesinə sadiqdir. Məhz biz Vətən müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik: «Əslində, biz sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. Beləliklə, biz əgər sülh istəmiriksə niyə bunların hamısını hazırlamışıq?!»

Ölkəmizin başçısı almaniyalı iş adamları ilə göruşündə dünya güclərinin ikili siyasətinin mühüm göstəricilərindən olan bu mühüm məqamı da xüsusi qeyd etdi ki, öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Dövlət başçısının «Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik» çağırışı ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilən və bunun hər an atdıqları addımlarında nümayiş etdirən Avropa institutlarına, o cümlədən Avropa Şurası rəsmilərinə ciddi mesajdır.

 Toğrul Abulov-Zərdab Gənclər evinin metodisti

 

 

 “İkili standartlar” siyasətinin təzahürü.

28 fevral 2024-cü il tarixində Cənab Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin 30 il ərzində işğala məruz qaldığını, bir milyona yaxın soydaşımızın məcburi köçkün vəziyyətinə düşdüyünü bildirdi. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. İşğalın acı fəsadları barədə danışan dövlət başçımız suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən sonra da ölkəmizin hücuma məruz qaldığını qeyd etdi.Aydın məsələdir ki, beynəlxalq institutlar, Avropada və ümumilikdə dünyada aparıcı rol oynayan beynəlxalq təşkilatlar keçmiş münaqişə haqqında ikili standart mövqeləri ilə yadda qaldılar. Əslində, münaqişənin həll edilməsi üçün yaradılmış ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi-Fransa, ABŞ və Rusiya münaqişənin həll olunması üçün heç bir addım atmadılar. Bu mənfi mövqe isə çox təəssüf ki, münaqişənin uzanmasına gətirib çıxardı. Dövlət başçımızın qeyd etdiyi kimi, biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək.44 günlük Vətən müharibəsi və keçən ilin 19-20 sentyabr tarixində həyata keçirilmiş lokal antiterror tədbirləri ərazi bütövlüyümüzün və suverenliyimizin bizim üçün qırmızı xətt olduğunu  dünyaya bir daha göstərdi. Bizim üçün mənfi fəaliyyətlərlə yadda qalan, münaqişənin dondurulması üçün çalışan keçmiş ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən ABŞ və Fransa bu gün də eyni mövqeyi nümayiş etdirir. Lakin şimal qonşumuz Rusiya nəyin baş verdiyini yaxşı anlayır və  yeni reallıqları qəbul edir.Dünyada və regionda sülhün tərəfdarı olan Azərbaycan dövləti hər zaman atdığı addımlarla bu istəyini ortaya qoyur. Çünki, hər birimiz gözəl bilirik ki, qarşılıqlı faydalı əməkdaşlıq olmadan inkişaf və tərəqqi mümkün deyil. Müasir Azərbaycan Respublikası mühüm beynəlxalq layihələrdə aparıcı rola malikdir. Təsadüfi deyil ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinə əvəzsiz töhfələr verməkdədir. Azərbaycan region dövlətləri ilə əməkdaşlıqda da maraqlıdır. Bu Cənubi Qafqazda qalıcı sülhü bərqərar etmiş olar. Lakin təəssüf ki, Ermənistan Azərbaycanın sülh çağırışlarını cavabsız qoymaqla sülh prosesini əngəlləyir. Buna baxmayaraq, Azərbaycan dövlətinin mövqeyi ədalətlidir, qəti və sarsılmazdır.

 Cəlal Mecidli – Zərdab Gənclər evi SXM-in metodisti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki