İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var.
Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uzaqgörən siyasət nəticəsində Azərbaycan son illərdə dünya və xüsusilə Avropa ölkələri ilə əməkdaşlığını əhəmiyyətli dərəcədə genişləndirib. Ölkəmizin beynəlxalq nüfuzu artmış, etibarlı tərəfdaş kimi mövqeyi daha da möhkəmlənmişdir. Enerji, nəqliyyat, logistika və investisiya sahələrində qurulan əlaqələr Azərbaycanın qlobal iqtisadi sistemdə rolunu gücləndirməklə yanaşı, yeni tərəfdaşlıqlar üçün də möhkəm zəmin yaratmışdır.
2026-cı ilin aprelin 27-də Bakıda keçirilən yüksək səviyyəli görüş Azərbaycan ilə Çexiya arasında iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Rəsmi danışıqlarla yanaşı, işgüzar dairələrin fəal iştirakı bu səfəri fərqləndirən əsas məqamlardan biri oldu. Çexiyadan gələn geniş sahibkar heyəti iki ölkə arasında yalnız siyasi deyil, həm də praktiki iqtisadi əlaqələrin gücləndirilməsinə xidmət edən mühüm platforma formalaşdırdı. Səfər çərçivəsində təşkil olunan biznes forum yeni tərəfdaşlıqların qurulması üçün əlverişli şərait yaratdı. Azərbaycan tərəfi qeyri-neft sektorunun inkişafına xüsusi önəm verdiyini vurğulayaraq, xarici investisiyalar üçün əlverişli mühitin mövcudluğunu diqqətə çatdırdı. Çex şirkətləri isə sənaye, texnologiya, enerji və infrastruktur sahələrində əməkdaşlıq imkanlarını dəyərləndirməkdə maraqlı olduqlarını ifadə etdilər.
Cənab Prezident İlham Əliyev mətbuata bəyanatında bu məsələlərə toxunaraq bildirib: “Mən şadam ki, cənab Baş nazirlə birlikdə Azərbaycana Çexiyadan böyük qrup iş adamları gəlmişdir və bu gün keçiriləcək biznes-forumda həm yeni təmaslar qurulacaq, həm də mövcud layihələrlə bağlı fikir mübadiləsi aparılacaq. Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq. Halbuki bu gün də ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq. Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir”. Bu yanaşma Azərbaycanın iqtisadi siyasətində şaxələndirmə prinsipinin əsas prioritetlərdən biri olduğunu bir daha təsdiqləyir.
Tərəflər arasında müzakirə edilən sərmayə yönümlü layihələr gələcəkdə konkret nəticələr verəcəkdir. Bu layihələrin həyata keçirilməsi həm Azərbaycan iqtisadiyyatına əlavə dəyər qazandıracaq, həm də Çex şirkətlərinin regionda mövqelərini möhkəmləndirəcək. Qarşılıqlı maraqlara əsaslanan bu əməkdaşlıq modeli uzunmüddətli perspektivdə hər iki ölkə üçün faydalı hesab olunur. Səfər çərçivəsində əldə olunan razılaşmalar və aparılan müzakirələr Azərbaycan–Çexiya münasibətlərinin daha da inkişaf edəcəyini göstərir.
Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru
























