Hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var.
Azərbaycan və Ukrayna xalqları arasında əlaqələr uzun illərin tarixinə malikdir. XX əsrin əvvəllərinə əlaqələr SSRİ tərkibində mərkəzləşdirilmiş şəkildə qurulsa da, xalqlar arasında qarşılıqlı ünsiyyət və əməkdaşlıq müəyyən səviyyədə inkişaf etmişdi. SSRİ-nin dağılması ilə hər iki ölkə müstəqillik əldə etdi və yeni geosiyasi şəraitdə münasibətlərini müstəqil şəkildə qurmağa başladı. Azərbaycan və Ukrayna arasında 1992-ci ildən əsası qoyulan diplomatik əlaqələr bu gün də uğurla davam etdirilir. Bu onilliklər ərzində prezidentlərin, eləcə də hökumət başçılarının, parlament sədrlərinin, xarici işlər nazirlərinin və digər hökumət nümayəndələrinin qarşılıqlı səfərləri münasibətləri yüksək səviyyəyə qaldırıb. Prezident cənab İlham Əliyevin 2022-ci ilin yanvar ayında Ukraynaya işgüzar səfəri zamanı ayrı-ayrı sahələri əhatə edən mühüm sənədlər imzalanıb.
Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycanda işgüzar səfəri Azərbaycan və Ukrayna arasında mövcud əlaqələrin daha da genişləndirilməsinə xidmət edəcəkdir. İki ölkə başçısının Azərbaycanın Qəbələ şəhərində təkbətək və geniş tərkibdə görüşü keçirilib və görüşlər zamanı ölkələrimiz arasındaki əlaqələr geniş müzakirə olunub. Görüşlərdən sonra keçirilən mətbuata bəyanat zamanı Prezident cənab İlham Əliyev 2022-ci ilin yanvarında Kiyevə səfərini xatırlayıb. Ukrayna Prezidenti ilə görüşü zamanı aparılan fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daim yüksək səviyyəyə qaldırmışdır. İki ölkə arasında əməkdaşlığın çox güclü siyasi təməli vardır. Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan ilə Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək”. İki ölkə başçısının görüşü zamanı hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. “Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla, ümumiyyətlə, sənaye sahəsində birgə istehsal ilə bağlı çox gözəl imkanlar var”, – deyə dövlətimizin başçısı vurğulayıb. Öz növbəsində Ukrayna Prezidenti Volodimir Zelenski hərbi sahədə əməkdaşlıq məsələlərinə toxunaraq bildirib ki, “müdafiə sənayesinə gəldikdə, təhlükəsizlik elə bir sahədir ki, burada çox dərin əməkdaşlıq qura bilərik. Biz bu məqsədə nail olmaq üçün çox çalışmalıyıq”. Rusiya ilə müharibəyə də toxunan Ukrayna Prezidenti vurğulayıb ki, bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük. Əgər Rusiya tərəfi də bu diplomatiyanı seçərsə, danışıqlarımızı, həmçinin istərdik ki, Azərbaycanda aparaq. İki ölkə başçılarının Qəbələ şəhərində keçirilə görüşlərdə qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışılıb. Əminik ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin öıləmizə səfəri Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır. Uğurlu xarici siyasət nəticəsində Azərbaycan artıq qlobal problemlərin və münaqişələrin həllində mühüm rol oynayan ölkəyə çevrilib. Bu da ölkəmizin gücünü göstərir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm vacib tərəfdaş, həm də sülhə töhfə verən ölkə kimi dünyanın diqqətindədir.
Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri






















