image-qanunla-reklam
image-btcewilxtvg1duwjaifqoboxgkw1qbkcsgt6glwv

Dinc əhaliyə qarşı törədilmiş cinayətlər

image-lady-day-az

Dinc əhaliyə qarşı törədilmiş cinayətlər

Azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərdən özünün beynəlxalq cinayət xarakterinə və sistematikliyinə görə 1918-ci ilin mart soyqırımları xüsusilə fərqlənir. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır. Tarixi keçmişə nəzər saldıqda ermənilərin özləri üçün yaratıqları “ böyük erməni xülyası” xalqımızın qan yaddaşına çevrildi.

1918-ci  ilin mart-aprel aylarında baş vermiş kütləvi etnik təmizləmə nəticəsində yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.

Dinc əhaliyə qarşı baş tutmuş bu acımasız hadisə beynəlxalq hüquqa əsasən, soyqırımı sülh və insanlıq əleyhinə yönəlmiş əməl olmaqla, ən ağır cinayət hesab edilir. Bu mənada ermənilər tərəfindən azərbaycanlılara qarşı kəskin milli, irqi, dini nifrət zəminində həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində minlərlə günahsız insanın qəsdən və məqsədli şəkildə məhv edilməsi həmin bəşəri cinayətin məhz soyqırımı aktı olmasını təsdiqləyir.

Ermənilərin 1918-ci ilin martında havadarlarının köməyi ilə azərbaycanlılara qarşı törətdikləri soyqırımının miqyası olduqca böyükdür. Azərbaycan xalqı son iki əsrdə erməni vandalizmi və terrorizminə məruz qalmışdır. İstər XIX, istərsə də XX yüzillikdə təcavüzkar erməni millətçiləri xalqımıza qarşı milli-etnik zəmində kütləvi qətliamlar törədib, soyqırımı aktları həyata keçirib, bəşəriyyət əleyhinə qəddar və amansız cinayətlərə imza atıblar. 31 Mart soyqırımı da tarixin və xalqımızın hafizəsinə əbədi həkk olunmuş qan yaddaşıdır.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Şamaxıda törədilmiş cinayətlər ilə əlaqədar tədqiqat işləri hələ də davam olunur

1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.

Tariximizdə qanlı faciəyəyə çevrilən bu hadisə erməni vəhşiliyinin bariz nümunəsinə çevrildi. Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar.

Ermənilərin terror alətinə çevrilən“Daşnaksutyun” öz xislətini açıq şəkildə göstərdi.Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər.

Milli qırğının ağır nəticələrinin izlərini üzərində daşıyan bölgələrimizdən biri də Şamaxı idi. Şamaxı hadisələri ilə əlaqədar tədqiqat işləri son dövrlərədək davam etdirilmişdir.. Şamaxıda baş vermiş hadisələr ilə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi Sovet dövründə bu ağır cinayəti ört-basdır etmək üçün məhv olunduğuna görə erməni cinayətlərinin tam mənzərəsi bu günə qədər formalaşmayıb. Ekspertlərin rəyinə əsasən Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir.

Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib.Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da Şamaxı hadisələri ilə bağlı bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı

1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə daşnak erməni silahlı dəstələri 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar.Aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb.

Araşdırmalar göstərir ki, qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb.

Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Yüzlərlə tədqiqat faktı bu məzarlığın 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğunu sübuta yetirdi.

Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Kompleksin ümumi sahəsi 3,5 hektardır və 5 hissədən ibarətdir.

Mətanət Ağayeva- Zərdab rayon Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 “Azərbaycanlıların soyqırımı haqqında” Fərman.

1918-ci ilin 30 mart-3 aprel tarixlərində Bakıda və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində on minlərlə dinc əhali etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilmişdi.

Zəngəzurda və Naxçıvanda, 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər həyata keçirilən qırğınlarda, Andranikin başçılığı altında erməni qoşun hissələrinin əli ilə İrəvan qəzasında 32 kənd, Eçmiədzin qəzasında 84 kənd, Nor-Bəyazid qəzasında 7 kənd, bütövlükdə 197 kənd dağıdılmış, sakinləri qətlə yetirilmiş, sağ qalanlar öz ev-eşiklərindən didərgin salınmış, əmlakları talan olunmuş, evləri dağıdılmışdı.

Bu qədər ağır itkiyə, qırğına baxmayaraq, ermənilərin bu cinayətlərinə siyasi qiymət verilməsinə havadarları tərəfindən imkan verilməmiş, bolşeviklər ermənilərin müsəlman türklərinə qarşı törətdikləri soyqırımı ört-basdır etmişlər.

31 Mart soyqırımının araşdırılması, həqiqətlərin dünyaya çatdırılması işi Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla başladı. Bu Fərmanla erməni millətçilərinin hərəkətlərinə hüquqi-siyasi qiymət verildi. Soyqırımı barədə həqiqətlərin beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparıldı. Həmin vaxtdan 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

31 Mart faciəsi tarixə qanlı bir ləkədir. Bu qanlı ləkə, bu faciə düşmənin üzündəki maskaların düşdüyü və canilərin bütün çılpaqlığı ilə ortaya töküldüyü gündə baş vermişdir. Azərbaycan xalqı bu acı günü heç vaxt unutmur və daim Şəhidlərinin əziz xatirəsini qəlbində yaşadır.

Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki