image-qanunla-reklam
image-102081_65e1b6a0b7b45

Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir

image-lady-day-az

Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir.

Ölkəmizin iqtisadi-maliyyə gücünün artmasına, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edən Cənub Qaz Dəhlizi layihəsi artıq 3 ildir ki, fəaliyyətdədir. Azərbaycan dünya bazarının böyük qaz ixracatçısına çevrilib. Cənub Qaz Dəhlizi  “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin 2-ci mərhələsi çərçivəsində hasil olunan Azərbaycan qazının Türkiyə və Avropa İttifaqı ölkələrinə tədarükünü nəzərdə tutur. Dəhliz, eyni zamanda Azərbaycanın digər yataqlarından gələcəkdə hasil ediləcək, eləcə də üçüncü tərəflərə məxsus təbii qaz həcmlərinin dünya bazarına çatdırılması potensialına malikdir. “Cənub qaz dəhlizi” layihəsinin təşəbbüskarı və aparıcı qüvvəsi məhz  Azərbaycandır. Bu, Azərbaycanın tarixi nailiyyətidir. Bu layihə həqiqətən də uğur hekayəsidir və Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Cənub Qaz Dəhlizi boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı. “Cənub Qaz Dəhlizi”nin əsas məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.

Cənub Qaz Dəhlizinin yaradılması, ilk növbədə, 2006-cı ilin sonlarında istifadəyə verilmiş Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi zərurətini yaradıb. Bu məqsədlə marşrutun Azərbaycan ərazisindən keçən hissəsində yeni boru kəməri inşa olunub. Bununla da, illik ötürmə qabiliyyəti 7,4 milyard kubmetr təşkil edən Cənubi Qafqaz Boru Kəmərinin gücü 24 milyard kubmetrə çatdırılıb. Gələcəkdə isə lazım gəldiyi təqdirdə kəmərin illik ötürmə qabiliyyəti 34 milyard kubmetrə çatdırıla bilər.

“Şahdəniz” qazını Türkiyənin dərinliklərinə nəqlini həyata keçirən  TANAP-ın təməlqoyma mərasimi 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində keçirilib. Bununla da, boru kəmərinin inşasına start verilib. 12 iyun 2018-ci il tarixində isə Əskişəhərdə Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan Trans-Anadolu Boru Kəmərinin açılışı olub. Həmin ayın 30-da ilk kommersiya qazının bu kəmərlə Türkiyəyə nəqlinə başlanılıb. Noyabrın 30-da isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Uzunluğu 1850 kilometr olan TANAP-ın illik ötürmə gücü hazırda 16,2 milyard kubmetr təşkil edir. Azərbaycanın zəngin qaz ehtiyatları, eləcə də Avropada “mavi yanacağa” tələbatın artması ilə əlaqədar gələcəkdə sözügedən kəmərin illik ötürmə qabiliyyətinin 30,7 milyard kubmetrədək artırılması gözlənilir.

Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik Boru Kəməri Xəzər regionunun qazını Avropaya  nəql etmək məqsədilə inşa edilib. Adıçəkilən kəmərin təməlqoyma mərasimi 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçirilib və tikinti işlərinə başlanılıb. Qeyd edək ki, uzunluğu 880,8 kilometr olan kəmərin 551,5 kilometri Yunanıstan, 215,9 kilometri Albaniya, 105 kilometri Adriatik dənizi, 8,4 kilometri isə İtaliya ərazisindən keçir. Hazırda kəmərlə il ərzində 10 milyard kubmetr qaz nəql olunur. Lakin yaxın illərdə Avropaya qaz tədarükünün artması ilə əlaqədar olaraq bu həcmin 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Uzun illərdir ki, ortalıqda yayılan və Avropa istehlakçılarının artmaqda olan ehtiyaclarını ödəmək üçün “Azərbaycanda kifayət qədər qaz yoxdur” kimi bütün şayiələr bir daha onu göstərdi ki, onlar tamamilə əsassızdır və bizim potensialımızın qarşısını almaq, beynəlxalq birliyə və istehlakçılara yanlış mesaj göndərmək üçün Azərbaycana qarşı yürüdülən kampaniyanın bir hissəsi idi.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

 

“Ümid” yatağı.

Zəngin qaz ehtiyatları hesabına daxili bazarın “mavi yanacaq”la tələbatını tam ödəyən Azərbaycan bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatına da mühüm töhfələr verir. Xəzər dənizinin qaz resursları isə indən belə daha 100 ilə kifayət edəcək. Hazırda ölkəmizin təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr həcmində dəyərləndirilir. Mütəxəssislər isə hesab edirlər ki, Azərbaycanın təbii qaz potensialı daha yüksəkdir. Elə Xəzərin Azərbaycan sektorundakı perspektivli strukturlar da belə qənaətə gəlməyə əsas verir. Bunu, təqribən, 10 il əvvəl istismarına başlanılmış “Ümid” yatağı da təsdiq edir.

“Ümid” perspektivli struktur kimi 1953-cü ildə Azərbaycan geoloqları tərə­findən aparılan kəşfiyyat işləri zamanı müəyyən edilib. Yataq Bakı şəhərindən 75 kilometr cənubda, Xəzər dənizi ak­vatoriyasında yerləşir. 1972-ci ildə bu strukturda bir qədər təkmilləşdirilmiş ge­ofiziki işlər aparılıb. 1977–1992-ci illər ərzində isə burada 9 kəşfiyyat quyusu qazılsa da, həmin dövrün texnologiyası ilə dərində yerləşən qatların açılmasının çətinliyi səbəbindən məhsuldar layları üzə çıxarmaq mümkün olmayıb. Bu uğur­suzluq mütəxəssisləri “Ümid” perspektiv strukturunda zəngin qaz ehtiyatlarının mövcudluğu ilə bağlı əvvəlki iddiaların­dan döndərə bilməyib.

Bir neçə il bundan əvvəl isə “Ümid” yatağının tam miqyaslı işlənməsinə start verilib. Belə ki, 2017-ci il yanvarın 12-də “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında yeni saziş imzalanıb. Sazişə əsasən, “Umid Babek Operating Company” əməliyyat şirkəti yaradılıb və öhdəliklər adıçəkilən qurumun Azərbaycan filialına verilib. Hazırda Azərbaycan Respublikasının neft-qaz sənayesində əhəmiyyətli yeri olan “Ümid-Babək” yataqlar blokunun tam miqyaslı işlənmə mərhələsi çərçivə­sində “Ümid-1 stasionar dəniz özülündən  hasilatın sürətləndirilməsi” layihə­si üzrə işlər davam etdirilir.

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

Əməkdaşlığın yeni perspektivləri.

Azərbaycanın enerjinin şaxələndirilməsi istiqamətində yürütdüyü siyasət Azərbaycanın milli təhlükəsizliyi ilə yanaşı, Avropanın enerji təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunmasına, o cümlədən Xəzər hövzəsindəki enerji resurslarının dünya bazarına çıxarılmasında çox mühüm rol oynayır.

Prezident cənab İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı bu məsələnin vacibliyini xüsusi olaraq vurğulayıb.

“Əməkdaşlığın yeni perspektivləri, enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir.

Bu gün regionun lider dövləti olan Azərbaycan dünya ölkələri üçün əməkdaşlıq baxımından ən cazibədar ölkələr sırasında ön pillələrdən birini tutur. Bu məsələdə xüsusi yerə malik olan sahə isə məhz enerji resurslarıdır ki, bu istiqamətdə Azərbaycan ən etibarlı tərəfdaş hesab olunur. Təkcə ölkəmizin enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində həyata keçirdiyi işlər Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı etibarlı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət edib və etməkdədir. Azərbaycan enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyin təmin olunması istiqamətindəki siyasətini həyata keçirərkən nə qədər çətinliklərlə üzləşsə də, bu, milli təhlükəsizlik məsələsi olduğundan yürütdüyü siyasətdə ardıcıl olub.  Çətinliklərdən və yaradılan əngəllərdən geri çəkilməyib. Ortaya qoyulan qətiyyətli və cəsarətli siyasət nəticəsində bütün çətinliklər, hətta dövlətçiliyə yaradılan təhdidlər belə dəf edilib. Bunun nəticəsidir ki, Azərbaycan neft-qaz sahəsində deyil, artıq “yaşıl enerji” sahəsində də Avropanın enerji təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsi istiqamətində konkret addımlar atmaqdadır.  Artıq “yaşıl enerji”nin Avropa çatdırılması məqsədi ilə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın hakimiyyət orqanları Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi üçün birgə şirkət yaratmaq imkanını nəzərdən keçirir. Bu məsələ martın 1-da Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında da müzakirə edilib və tərəflər arasında razılıq əldə edilib.

Azərbaycan zamanında qlobal geosiyasi proseslərə çevik reaksiya verib adekvat siyasət yürütməklə bu uğurlara imza atıb.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki