image-qanunla-reklam
image-ba1c320de15d61aed068bdf576154eaa_8777916

Bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər

image-lady-day-az

Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər.

Qarabağ münaqişəsi Azərbaycanın son əsrdə yaşadığı çətin, ağrılı problem idi. Erməni qəsbkarları qanunsuz şəkildə, heç bir hüquqi əsas göstərmədən torpaqlarımızı işğal etmişdilər. Azərbaycan xalqı heç bir zaman erməni qəsbkarlarının zorla torpaqlarımızı işğal etməsi ilə barışmamışdır

2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.

Müzəffər Azərbaycan Ordusu çıxdığı bu şərəfli yolda 44 günlük Zəfər yürüşü ilə doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi uğrunda rəşadətlə mübarizə apardı, bu müqəddəs savaşda böyük zəfərlə Azərbaycan xalqını sevindirdi. Bu şanlı Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi, qüdrətli Ordumuzun qəhrəmanlığı və əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. 44 günlük Vətən Müharibəsi Azərbaycanın müstəqillik tarixinə qızıl həflərlə yazıldı.

30 illik işğala son qoyan, Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirən cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün uğurla həyata keçirilir. Reallaşdırılan layihələr, görülən işlər isə əhatəli və genişmiqyaslıdır. Maddi və mədəni dəyərlərimizin, tarixi abidələrimizin bərpası isə bu işlərin mühüm tərkib hissəsidir. Respublikamızın hər bölgəsi inkişaf etdirilir. Ölkə başçımızın işğaldan azad olunmuş ərazilərimizə davamlı səfərləri bu yerlərdən erməni vandalizminin izlərinin silinməsi, tarixi yurd yerlərimizin dirçəldilməsi ilə müşayiət olunur. Bütün bunlar bir daha təsdiq edir ki, işğaldan azad olunmuş əraziləri qısa müddət ərzində sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirmək, rayonları, kəndləri, qəsəbələri, bütün yaşayış yerlərini tezliklə bərpa etmək, bir sözlə, Qarabağı yenidən qurmaq güclü dövlətin, güclü liderin sayəsində mümkündür.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik.

2020-ci il sentyabr ayının 27-də ölkəmizə qarşı törədilən  növbəti təxribata qarşı əks hücumla başlanan Vətən müharibəsi  Ermənistanın  işğalçılıq siyasətinə böyük zərbə vurdu. Bu müharibə Ermənistan və onun havadarları üçün gözlənilməz oldu. Azərbaycan Silahlı Qüvvələrinin  Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti ordumuzun peşəkarlığı və xalqımızın birliyi sayəsində 44 günlük bu müharibədə hər gün yeni uğurlar əldə edildi. İşğal altında olan rayonlarımız kəndbəkənd alındı.Bu qalibiyyətdə   bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayır, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyir, uğurlara sevinirdi.

İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə həkk oldu. Məğlubiyyəti isə Ermənistan heç cür qəbul edə bilmədi. İstər siyasi, istər hərbi mənada tam fiaskoya uğramış Ermənistan bundan düzgün nəticə çıxarmadı və ya çıxarmaq istəmədi. Revanşist qüvvələr Azərbaycanla təkbətək mübarizə aparmaq iqtidarında olmadıqlarını dərk etmələri fonunda separatizmi körükləyərək hər zaman olduğu kimi vaxt qazanmağa çalışdılar. Ancaq ermənilərin davam edən təxribatları və xüsusilə mina terrorunun nəticələri Azərbaycanı baş qaldırmağa çalışan separatçılığı bitirməyə vadar etdi. Bu işdə separatçıların utopik təsəvvürlər dünyası, xam xəyalları da olduqca önəmli bir amil təşkil etdi.

2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdur. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı idi.

Azərbaycan dövləti antiterror tədbirləri  nəticəsində bu meyllərin can çəkişməsinin belə, ermənilərin heç zaman reallaşmayacaq arzuları olduğunu nümayiş etdirdi. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür.

Antiterror əməliyyatları nəticəsində dövlətimizin gücünü və siyasi iradəsini hər kəs gördü. Heç kimlə hesablaşmadan, heç nəyə baxmadan, heç kimdən qorxmadan lazım olan əməliyyatı böyük peşəkarlıqla, məharətlə və fədakarlıqla keçirdik. Bu Azərbaycan ordusunun sarsılmaz gücünün sayəsində mümkün oldu.

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 

Şuşanın tarixi abidələrinin bərpası müharibədən dərhal sonra  başlanılmışdır.

Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir. Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər.

Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdiri və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşməni məhv etdi.

Bu gün Şuşada genişmiqyaslı quruculuq işləri gedir. Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda – Şuşanın ənənəvi üslubunda inşa edilmişdir.Şuşada böyük infrastruktur layihələri reallaşdırılır. Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir. Şuşanın tarixi abidələrinin bərpası müharibədən dərhal sonra başlanılmışdır. Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi qaytarıldı. Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olundu. Mamayı məscidinin bərpadan sonra açılışı oldu. Çöl Qala məscidində bərpa işləri başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Şirinsu hamamı əsaslı təmirdən sonra açılmışdır. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur. Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləri cəlb olunub. Həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır.Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər bir azərbaycanlı bununla fəxr edəcək.

Şəhla Xəlilova –Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

 Azərbaycan xalqının böyüklüyü bir daha 1993-cü ildə özünü göstərdi

Ulu Öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir.

Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu sıraya təkmil siyasi sistemin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, həmçinin milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması aid edilə bilər. Eyni zamanda, həmin dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Bu, müstəqil Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edən çox mühüm vasitə oldu.

Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu islahatlar nəticəsində Azərbaycan demokratik inkişaf yolunda uğurla irəlilədi, mühüm nailiyyətlər qazanıldı. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi, dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaradıldı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Bunlar isə öz növbəsində, siyasi sosiallaşmaya və siyasi mədəniyyətin inkişafına, ümumilikdə, ictimai-siyasi institutların səmərəli fəaliyyətinə yol açdı. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan milli inkişaf strategiyasının fonunda həyata keçirilən sistematik işlər və görülən məqsədyönlü tədbirlər siyasi sistemin təşəkkül tapmasını, onun struktur elementlərinin mütəmadi təkmilləşməsini təmin etmiş oldu. Öz fəaliyyətini Azərbaycanın hərtərəfli inkişafına həsr edən Ulu Öndər, eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlarını atdı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm institutların yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Milli ideologiyanın yaradılması da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissələrindən biridir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi. Şübhəsiz, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.

Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir, bundan sonra da neçə-neçə nəsillər bu məktəbdən bəhrələnərək Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcəkdir. Onun fəaliyyətinin hər bir mərhələsi – istər Azərbaycanda hakimiyyətinin birinci dövrü, istərsə də müstəqilliyimizin bərpasından sonrakı dövr ayrı-ayrılıqda tədqiqat mövzusudur. Fəxarət hissi ilə qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə bir abidə ucaldıb və bu abidənin adı müasir müstəqil Azərbaycan dövlətidir.

1993 – 2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub, 2003-cü ildən sonrakı dövr böyük yolun davamı kimi dəyərləndirilir. Bu gün Möhtərəm Prezidentimiz  İlham Əliyevin gördüyü işlər Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Həyata keçirilən uğurlu siyasət Azərbaycanı yalnız regionda deyil, həmçinin beynəlxalq miqyasda da söz sahibi olan bir ölkə kimi tanıtdırdı. 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsində qazanılan möhtəşəm Qələbə bu uğurların məntiqi nəticəsidir.

Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki