image-qanunla-reklam
image-images

Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır

image-lady-day-az

Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır.

Son illər ölkəmizin bütün bölgələrində abadlıq-quruculuq işləri daha genişlənir. Dövlət başçısının bölgələrimizə te-tez etdiyi səfərlər bir daha göstərir ki, ölkə rəhbəri regionların inkişafına, əhalinin sosial şəraitinin yaxşılaşdırılmasına daim diqqət göstərir, mövcud problemlərin qısa müddətdə həlli üçün konkret tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm addımlar atır. Prezident cənab İlham Əliyev  cari ilin 16 aprel tarixində yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində bu layihənin timsalında qeyd etdi ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələri icra edildi. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırdı. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən, suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini verir. Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edilib. İlk növbədə, Taxtakörpü-Ceyranbatan suvarma kanalı qeyd edilir. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihədir. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi. Beləliklə, həm şimal, həm qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır. Dövlət başçısının qeyd etdiyi kimi, qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi -bütün bu amillər inkişafın göstəriciləridir. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında yenidən qurulacaq Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. Çünki Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır.  İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi Hacıqabul gölü olacaq. Qarabağ və Şərqi Zəngəzurda digər böyük suvarma layihələri də nəzərdə tutulur. Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi planlaşdırılır. Təbii ki, bütün bunlar böyük vəsait tələb edir. Ölkəmizin iqtisadi və maliyyə imkanları hər bir layihənin zamanında icrasına geniş imkanlar yaradır. Hazırkı dövrün əsas çağırışlarından biri işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və bərpası, həmçinin, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Bu torpaqlarda soydaşlarımızın məşğulluğunun təmin edilməsi üçün zəruri olan şərait yaradılıb. Ənənəvi kənd təsərrüfatı sahələrinin  bu ərazilərdə də inkişafı əsas prioritetlər sırasındadır. Ən müasir texnologiyaların tətbiqi nəticəsində ərazilərimizdə  həm taxılçılıq, həm də  meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının – çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Cənab İlham Əliyev bildirdi ki, hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik.

 Zərdab Gənclər evinin psixoloqu – Cəvahir Murtuzayeva

 

 

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir.

1958-ci ildə istismara verilən Yuxarı  Şirvan  Kanalı respublikanın ikinci ən böyük magistral suvarma kanalıdır. 1961-ci  ildə kanalın ikinci  hissəsi istismara verilib. Uzunluğu 122 km olan kanalın maksimum  su  sərfi  78 m³/saniyədir. Mənbəyini  Mingəçevir  su anbarından  götürən kanal  Kür çayının sol sahilindən keçməklə 150 min hektar əkin  sahəsinin suvarılmasını  təmin edir. Kanalın  istismara  verilməsi Şirvan düzündə öz axını  ilə suvarılan sahələrin su ilə təmin olunmasına  şərait  yaradır. Kanaldan su ilə təmin olunan Yevlax, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Ağsu, Zərdab, İsmayıllı, Hacıqabul və  Şamaxı rayonlarının torpaq sahələri suvarma suyu ilə təmin edilir. Kanalın trassası boyu relyef şəraiti mürəkkəb olduğuna görə, onun üzərində çoxlu sayda hidrotexniki qurğuların tikilməsi zərurəti yaranıb. Belə ki, kanalın dağ silsiləsinin cənubu ilə uzanan hissəsini sel sularından mühafizə etmək məqsədi ilə onun maneəsiz keçməsi üçün kanalın sol sahili boyu 80,52 km uzunluğunda dağ ətəyi kanal çəkilmişdir.Göstərilən rayonların ərazilərində lazımi olan yerlərdə Yuxarı Şirvan kanalından götürmək məqsədi ilə onun üzərində 33 ədəd suburaxıcı şlüz tikilib.Yay mövsümündə Türyançay, Göyçay, Girdimançay çaylarında suyun az olması və yaxud hər hansı təhlükə yaranan zaman kanalın boşaldılması üçün 15–20 m³/san su buraxmaq qabiliyyətinə malik olan dükerlərin giriş hissəsində şlüzlar quraşdırılıb.Yuxarı Şirvan Kanalının yalnız bir yerində səviyyə qaldıran qurğu, əhalinin, maşın və mexanizmlərin onun sağ və sol sahillərinə hərəkətini maneəsiz həyata keçirmək üçün 29 yerdə körpü tikilib.Yuxarı Şirvan kanalının 99,25 km-i torpaq məcrada tikilib, 29,95 km-ində isə beton üzlük çəkilib.Yuxarı Şirvan kanalı 56 ildən artıqdır ki, istismar edilir. Bu illər ərzində kanalda lazımi cari və əsaslı təmir işləri həyata keçirilməsinə baxmayaraq, həm kanalın trassasının yamaclarında uçqunlar, həm də onun üzərində tikilən hidrotexniki qurğularda müəyyən aşınmaların miqdarı getgedə çoxalır. Amma kanala suyun verilməsi və axıdılması proseslərinin həyata keçirilməsində əsas rolu olan baş suqəbulediçi qurğunun hidravliki ölçülərində hər hansı dəyişiklik aşkarlanarsa, o, dərhal aradan qaldırılır. Baş qurğudan 2 qapı vasitəsilə suyun kanala lazımi həcmdə verilməsi tənzimlənir.

Zərdab Gənclər evi SXM-in metodisti -Toğrul Abulov

 

 

Vaxtilə Ermənistan təkcə bizim torpaqlarımızı yox, bizim su resurslarımızı da işğal etmişdir.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bu sahədə həyata keçirilən layihələrlə birlikdə bir neçə ildən sonra ölkə üzrə ən azı 500 min hektardan çox torpağa su veriləcək: “Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz bu gün öz su mənbələrimizə tam sahib olmuşuq. Vaxtilə Ermənistan təkcə bizim torpaqlarımızı yox, bizim su resurslarımızı da işğal etmişdir. Buna Kəlbəcər rayonundakı İsti suyu da nümunə göstərmək olar. Tərkibi faydalı minerallarla zəngin olduğu üçün sağlamlıq baxımından əhəmiyyəti böyükdür. “İstisu” mineral bulaq suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur. Qaraciyər, öd kisəsi, qastrit, mədə-bağırsaq, sinir sistemi və digər xəstəliklərin müalicəsində müsbət nəticə göstərir. Elə ona görə də 1928-ci ildən “İstisu” artıq sanatoriya kimi istifadəyə başlayıb.  Erməni vandalları ərazilərimizi işğal etdikdən sonra  oradakı təbii ehtiyatları istismar ediblər. Kəlbəcərdəki faydalı suyu da özününküləşdirərək, başqa adla bazara çıxartdılar. Lakin bu gün Kəlbəcər artıq bizdədir. İllərdir suyuna həsrət qaldığımız bulaqlar bizi gözləyir. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır. Çünki bildiyiniz kimi, bizim əsas çaylarımız xaricdən gəlir Kür çayı, Araz çayı, Samur çayı. Ona görə Qarabağın və Şərqi Zəngəzurun su resursları daxili mənbələr olduğu üçün bunun xüsusi əhəmiyyəti var. Bir müddət bundan əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı olmuşdur. Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacaqdır. Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı, demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək və beləliklə, erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona artıq su veriləcək”. Qarabağ və Şərqi Zəngəzurda digər böyük suvarma layihələrinin, o cümlədən Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşasının nəzərdə tutulduğunu bildirən İlham Əliyev demişkən:  “Təbii ki, bütün bunlar böyük vəsait tələb edir. Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir”. Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət alıb: “Oraya qayıdan vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi nəticəsində orada həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının  çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Əminəm, Azərbaycan xalqı da tam əmindir ki, dediyimiz bütün sözlər, verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir və bu layihələrin icrası da tam təmin ediləcək”.

Zərdab Gənclər evinin psixoloqu – Cəvahir Murtuzayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki