image-qanunla-reklam
image-16508820461195726096_1200x630

AŞPA missiyalarının Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet məsələsini “ermənilərin hüquqları” təşkil edib

image-lady-day-az

AŞPA missiyalarının Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet məsələsini “ermənilərin hüquqları” təşkil edib

Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı son təxribatı bu qurumun səlibçi, islamofob mahiyyətini bir daha üzə çıxardı. Belə hallar Avropa Şurası Parlament Assambleyasında ölkəmizə qarşı birinci dəfə deyil baş verir. Ermənistandan olan deputatların Avropa Şurası Parlament Assambleyasının anti-Azərbaycan qətnaməsini dəstəkləməsi isə Ermənistanın sülhlə bağlı verdiyi açıqlamalarda səmimi olmadığını göstərir. Bir tərəfdən sülh müqaviləsindən danışıb, o biri tərəfdən isə həmişə olduğu kimi yenidən Azərbaycana qarşı qarayaxma kampaniyasında iştirak etmək qəbuledilməzdir.

Azərbaycana qarşı ikili standartlardan yanaşan Avropa Şurasının ikiüzlü komissarı Dünya Miyatoviçi ifşa edib. Belə ki, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədrinin müavini Kamal Cəfərov Avropa Şurası Parlament Assambleyasının bu həftə başlayan qış sessiyasında məruzə ilə çıxış edən Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin regiona son səfərinə dair hesabatına Ermənistandan qovulmuş azərbaycanlılar məsələsini qəsdən daxil etməməsinə diqqəti yönəldərək, bu etnik diskriminasiyanın səbəblərinə və öz dürüstlüyü qorumaq üçün bütün etnik qruplara qərəzsiz yanaşmanı necə təmin etdiyinə dair izahat verməyi komissardan tələb edib. Sual qarşısında aciz qalan Dunya Miyatoviç, özünü təmizə çıxarmaq üçün Ermənistandan qovulan azərbaycanlılara qarşı qərəzi olmadığını bildirmiş və hesabatın guya ümumi xarakter daşıdığını iddia edərək növbəti yalanı danışmışdır. Həqiqət bundan ibarətdir ki, Miyatoviç Ermənistanda Azərbaycandan köçmüş ermənilərlə, Azərbaycanda isə Ermənistandan köçmüş azərbaycanlılarla görüşsə də hesabatını müstəsna olaraq ermənilərə həsr edib və bir kəlmə də olsun azərbaycanlılardan bəhs etməyib. Bütün bunlar Avropa Şurasının necə miskin durumda olduğunu, Avropa İnsan Hüquqları Konvensiyası başda olmaqla insan hüquqları mexanimzlərindən mənfur məqsədlər üçün necə sui-istifadə edildiyini bariz şəkildə göstərir.

Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Həqiqəti əks etdirməyən qərəzli çıxış

Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti yanvarın 24-də bəyanatla çıxış edərək Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəldiyini bəyan edib. Bəyanatda təşkilatın, bəzi üzv dövlətləri hədəf almaq üçün platforma kimi istifadə edildiyi vurğulanıb. Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiq etməmək barədə qərarı tərəflər arasında gərginliyin əsas səbəbidir.

Nə qədər ki, Azərbaycan torpaqları işğal altında idi, Avropa qurumları bu mövzuya ciddi diqqət yetirmirdilər, elə ki, ordumuz ərazi bütövlüyümüzü və Qarabağ üzərində suverenliyimizi bərpa etdi, düşdülər üstümüzə. Fransa parlamentinin və Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi sənədlərə Avropa Şurası Parlament Assembleyası da “qoşulmaq” istəyir.  Avropa Şurası Parlament Assembleyası Azərbaycan Ordusunun 19 sentyabrda Qarabağda antiterror əməliyyatından təxminən 20 gün sonra hərəkətə keçmişdi. Avropa Şurası Parlament Assembleyası Qarabağla bağlı qəbul etdiyi qətnamədə Azərbaycan hakimiyyətini Qarabağdan olan ermənilərin bölgəyə qayıda bilməsi üçün “etimad mühiti və maddi şərait yaratmağa” çağırırdı. Qətnamədə deyilirdi ki, Azərbaycan Qarabağın erməni əhalisinin geri qayıdışını  həvəsləndirməlidir. Avropa Şurası Parlament Assembleyası bundan başqa “ermənilərin hüquq və azadlıqlarının müdafiəsi və gücləndirilməsi üçün artıq görülmüş və nəzərdə tutulan tədbirlər haqqında tam və ətraflı məlumat verməlidir”, – deyə Azərbaycandan xahiş edirdi. Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasının Qarabağla bağlı qətnaməsini və tövsiyəsini rədd etdiyini və şiddətlə qınadığını bildirən bəyanat yaydı. Bəyanatda Avropa Şurası Parlament Assembleyasının Azərbaycana münasibətdə növbəti dəfə qərəzsiz yanaşma nümayiş etdirmək imkanına malik olmadığı göstərildi. Azərbaycan Qarabağ ermənilərinə Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində hüquqlar və təhlükəsizlik vədi verib. Yenə qayıtmaq istəmirlər. Buna baxmayaraq, Azərbaycanın atdığı bu addımların heç biri Avropa Şurası Parlament Assembleyasının sənədlərində qeyd edilməyib.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Beynəlxalq riyakarlığın təzahürü

Avropa Şurası Parlament Assambleyası Azərbaycana qarşı tam qərəzli bir mövqeyə keçid alıb. Düzdür, bu qurum zaman-zaman eybəcər qətnamələri, ölkəmizə qarşı ikili yanaşmaları ilə yadda qalıb. Siyasi məhbus, demokratiya, seçki məsələləri ilə bağlı riyakar, yalan rəqəmlərdən ibarət sənədlərinə, bəyanatlarına bir növ adət etmişik.  Bütün bunların fonunda AŞ PA çoxdan nüfuzunu tamamilə itirmiş bir quruma çevrilib. İndi isə qurum Azərbaycanın Konstitusiyasına, suverenliyinə, müstəqilliyinə, dövlət maraqlarına qarşı kurs seçib. Qarabağ işğalda olarkən Azərbaycan nümayəndə heyəti bütün həqiqətləri Avropa Şurası Parlament Assambleyasının diqqətinə əyani şəkildə çatdırmışdı. Hətta 2016-cı ildə  Azərbaycan nümayəndə heyətinin hazırladığı qətnamə layihəsi uzun və gərgin mübarizə nəticəsində Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuşdu. Avropa Şurası Parlament Assambleyasını fakt qarşısında qoyduqdan sonra Azərbaycan ərazilərinin işğal faktının rəsmən təsbit olunduğu 2085 saylı qətnamə qəbul edilmişdi. Həmin qətnaməyə görə Sərsəng su anbarının yaratdığı ekoloji fəlakət dərhal aradan qaldırılmalı və anbardan Azərbaycanın istifadəsi təmin edilməli idi. Lakin Avropa Şurası Parlament Assambleyası öz çıxardığı qətnaməyə hörmət etmədi, onu icra etməkdən boyun qaçırdı. Bu qətnaməni də Azərbaycan özü BMT-nin 4 qətnaməsini icra etdiyi kimi həyata keçirdi – 2023-cü ilin sentyabrında antiterror əməliyyatları ilə Sərsəng də xilas olundu.

Bütün riyakarlıqlarına, Qarabağın işğal faktına kor olmuş qurum indi Azərbaycanın konstitusion davranışlarına, suverenliyini bərpa etməsinə qarşı çıxır. Avropa Şurası Parlament Assambleyası Qarabağdan könüllü olaraq köçüb getmiş ermənilərə görə faktiki olaraq saxtakar bir davranış sərgiləyir. Fransa parlamentinin və Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi sənədlərə Avropa Şurası Parlament Assambleyası da dəstək verməyə cəhd göstərir.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış yarım-sessiyasının açılış günündə (22 yanvar) AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir

Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməmək mövqeyində dayanması ikiüzlü siyasət və Azərbaycanın Avropaya inteqrasiya siyasətinə pəl vurmaq cəhdidir. Şübhəsiz, Azərbaycan belə tərbiyəsiz davranışlara boyun əyəsi deyil və qərəzli, izaholunmaz davranışına görə Avropa Şurası Parlament Assambleyasından birdəfəlik çıxa da bilər. Artıq bu barədə Azərbaycan Milli Məclisinin üzvlərinin açıqlamaları da var.  indiki məqamda Avropa təsisatlarından hər şey gözləmək olar. Ələlxüsus da Avropa Şurası Parlament Assambleyasından. Çünki onlar hazırda qərarları xüsusi tapşırıqlar üzərindən verirlər və konkret istiqamətdə işləyirlər. Elə təşkilat daxilində əsas böhran yaradan səbəb də budur. Bu qurum haradan haraya gəldi, nə vəziyyətə düşdü, kimlərin əlində əsir-yesir oldu. Avropa Şurası Parlament Assambleyası hələ də anlamır ki, mərkəzi qərargahı Strasburqda yerləşməsinə baxmayaraq Fransa koloniyası deyil. Fərqində deyil ki, bir az ciddi olmalıdır, özünə, keçmiş ənənələrinə hörmət qoymalıdır, Makronun oyuncağına çevrilməməlidir. Əlbət ki, Azərbaycana qarşı atılmış addımlar, əleyhimizə verilmiş bütün absurd qərarlar birmənalı şəkildə riyakarlıq və nadanlıq nümunəsidir. Onlar hazırda ədalət axtarışında deyillər, onlar, sadəcə, hikkə və prinsiplərini realizə etmək çabasındadırlar. Azərbaycanın milli və dövlət maraqlarına toxunan istənilən addıma qarşı yerindəcə cavab veriləcək.

Hazırda Avropa Şurası Parlament Assambleyasının əsas prioriteti ədalət və azadlıq deyil, rəzalət və təzadlıqdır. Bu səbəbdən Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırıb. Nümayəndə heyətimiz dünən bununla bağlı bəyanatı səsləndirdikdən sonra məkanı tərk edib.  Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında səsinin dondurulması kimi riyakar təşəbbüsün irəli sürülməsindən sonra nümayəndə heyətimizin belə bir qərar verməsi ən düzgün və layiqli addımdır  və bəyanatda da bildirildiyi kimi, dünyada heç kim Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməz.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

İkili standartlar,  qərəzli iddialar

Beynəlxalq hüququ ayaqlar altına atan belə bir qurumun Azərbaycanın səsini dondurmaq niyyətinin insan hüquqları ilə heç bir əlaqəsi yox idi. Və bu öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdindən, özü də iflasa məhkum qisas cəhdindən başqa bir şey deyildi. Azərbaycan üçün isə nəinki Avropa Şurası Parlament Assambleyasında səsin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmirdi və nümayəndə heyətimizin bu qurumla əməkdaşlığı və təşkilatda iştirakı qeyri-müəyyən müddətə dayandırması bunu təsdiq edir.  Eyni zamanda da Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Cozep Borelin Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaların ölkəmiz üçün bir qara qəpiklik dəyəri yoxdur.  Faktları açıq şəkildə təhrif edərək Azərbaycanın legitim maraqlarına etinasızlıq nümayiş etdirən Aİ-nin ali nümayəndəsinin bu cür məsuliyyətsiz iddiaları Azərbaycan-Avropa İttifaqı münasibətlərinə ciddi zərbədir.

Göründüyü kimi, ikilistandartlı və qərəzli Qərb təsisatları ölkəmizə qarşı iftira və böhtanlar səsləndirir, təcavüzkar Ermənistanı silahlandıraraq revanşa qızışdırır, “dəstək” olmaq üçün çabalayırlar. Lakin onların bu çabaları hədər gedəcək və qurduqları bütün məkrli planları iflasa uğrayacaq, Şuşa, Xankəndi zəfərlərimizə görə almaq istədikləri qisasları gözlərində qalacaq.  Beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan milli maraqlarına təhdid olan bütün qüvvələrə qarşı layiqli mübarizə aparacaq və onları qətiyyətlə yerlərinə otuzduracaq. Nümayəndə heyətimizin Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırmaq qərarı da Azərbaycanın qətiyyətinin təcəssümü və ölkəmizə qarşı riyakar mövqe tutmuş bu quruma verilən layiqli cavabdır. Azərbaycanın səsini dondurmaq istəyən bir təşkilatda iştirak bizə heç lazım deyil. Bundan itirən Avropa Şurası Parlament Assambleyasının özü olacaq. Çünki Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında iştirakını dayandırması bu qurumun onsuz da zəifləmiş təməllərini daha da laxladacaq, ona qarşı qlobal etimadsızlıq mühitini daha da gücləndirəcək.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki