image-qanunla-reklam
image-a02b9747e6ea152ab449afdfda378f93_37412_21

AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib

image-lady-day-az

AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib

Azərbaycana qarşı böhtan kampaniyalarında daha çox canfəşanlıq edən, daşnak lobbisinin maliyyələşdirdiyi AŞPA-nın, korrupsiya əməlləri sübuta  yetirilən  Avropa Parlamentinin ermənipərəst  deputatlarının  iştirakı ilə ölkəmiz əleyhinə qəbul olunan əsassız sənədlərin nəticəsi idi ki, artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsi»nin həlli 30 ildən sonra mümkün oldu.  Maraqlı dövlətlər tərəfindən bilərəkdən yaradılan « münaqişə»  ilə bağlı bütün sənədlərdə  Ermənistanın təcavüzkarlıq, etnik təmizləmə,  separatçılıq əməlləri dəstəklənir, haqlı  tərəf kimi torpaqlarının bərpası uğrunda mübarizə aparan  Azərbaycandan müstəqilliyimizə təhlükə yaradan  bəzi güzəştlərlə razılaşmaq tələb olunurdu.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) oktyabr ayında “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı 2517 (2023) saylı qətnmamə qəbul etdi. Qətnamə ilə ilk tanışlıqdan məlum olur ki, o, əvvəldən axıra qədər riyakar, qərəzli və reallıqdan uzaq, Azərbaycana qarşı əvvəlcədən planlaşdırılmış böhtan kampaniyasının növbəti təzahürüdür. Qətnamənin adından göründüyü kimi, AŞPA məqsədyönlü şəkildə Azərbaycan Respublikasına hörmətsizlik nümayiş etdirir. Belə ki, Azərbaycanda “Dağlıq Qarabağ” adında inzibati və coğrafi ərazi yoxdur. AŞPA üzvlərinin “Dağlıq Qarabağ” adlandırdıqları ərazi inzibati baxımdan Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsi, coğrafi baxımdan isə Azərbaycanın Qarabağ bölgəsinin yuxarı və ya dağlıq hissəsidir. Eyni zamanda, qətnamənin 1-ci maddəsində Assambleya Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, dərhal Azərbaycanın öz suveren ərazisində 19 sentyabr 2023-cü ildə həyata keçirdiyi lokal antiterror tədbirlərini “hərbi əməliyyat” adlandıraraq qətiyyətlə pislədiyini vurğulayır.

Beləliklə, AŞPA üzvləri heç bir tərəddüd etmədən Azərbaycanın suveren ərazisində qeyri-qanuni fəaliyyət göstərən, azərbaycanlı mülki əhaliyə, hərbçilərə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror təxribatları törədən separatçı erməni silahlı qruplarına dəstək nümayiş etdirir. 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror əməliyyatlarını əsassız bir şəkildə əsas gətirərək “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə edib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyib. Bu davranış qərəzli mövqeyin bariz nümunəsidir.

Şabəyim Ağayeva- Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış yarım-sessiyasının   açılış günündə (22 yanvar) AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Azərbaycana qarşı qarayaxma kampaniyasının növbəti ünvanı Avropa Şurası Parlament Assambleyası (AŞPA) olan  beynəlxalq qurumda təklif olunub ki, Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ məhdudlaşdırılsın. Onların əsassız səbəblərinə daha geniş prizmadan baxanda məlum olur ki, Qərb bu strukturda Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi parlaq Qələbəni həzm edə bilmir.

AŞPA nümayəndə heyətimizin səsvermə hüququnu məhdudlaşdırmaqla Azərbaycana təzyiq, Ermənistana isə dəstək göstərməyə çalışır. Ancaq bu səmərəsiz beynəlxalq təşkilatdakılar unutmamalıdırlar ki, Azərbaycana qarşı nümayiş etdirilən bütün bu ikili standart siyasət faydasızdır və Bakı milli maraqlarına, nüfuzuna kölgə sala biləcək istənilən addıma imkan verməyəcək.

Almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin təsdiq edilməməsi ilə bağlı qərəzli təklifi dəstəklənib və qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib. Bu təşəbbüsü dəstəkləyən alman deputat və həmkarları məsələni insan haqları baxımından izah etməyə çalışsalar da, bunun insan haqları ilə heç bir əlaqəsi olmadığı aydındır.

Əsas səbəb kimi qeyd olunmalıdır ki, 44 günlük Vətən müharibəsinin nəticələri Avropanın bəzi dövlətlərini ciddi narahat edir. Xüsusilə də Azərbaycanın separatizmə son qoyaraq ərazisinin bütövlüyünü bərpa etməsi “Köhnə dünya”dakıların geosiyasi ambisiyalarını suya salıb. Azərbaycanın 30 il ərzində müxtəlif platformalarda, o cümlədən AŞPA səviyyəsində apardığı müzakirələrdən, qəbul edilən qətnamələrin kağız üzərində qalmasından sonra müstəqil surətdə öz suverenliyini və ərazi bütövlüyünü təmin etməsi bir çox dövlətlərin, beynəlxalq təşkilatların, o cümlədən AŞPA-nın marağına uyğun gəlməyib.

Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özü təmin etdi

Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də, bir sıra mühüm əhəmiyyətli şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin, müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. 2020-ci il noyabr ayının 8-i isə, tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi.

Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi. Bütün bu illər ərzində erməni təcavüzkarlarına qarşı nəinki heç bir təzyiq edilməyib, hətta dünya birliyi Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətinə, bütün dünyanın gözü qarşısında baş verən bu qanlı terror hadisələrinə seyrçi mövqedən yanaşaraq, xüsusilə onu sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasını birmənalı şəkildə tələb etməyib.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti oktyabr ayının 4-də Cəbrayıl şəhərini, 17-də Füzuli şəhərini, 22-də Zəngilan şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, lakin yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi. Ağdamın işğaldan azad edilməsi noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsidir. Bununla yanaşı, Prezident, Ali Baş Komandan, cənab İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, lakin yerinə yetirilməmiş qalan, eləcə də, işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər ilə Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz, Azərbaycanın şərtləri ilə icra edildi.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 

Vaxtilə Azərbaycan Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu.

Azərbaycan Respublikası qürurlu, müstəqil, suveren, demokratik və multikultural bir dövlətdir. Demokratiya bizim şüurlu seçimimizdir və biz 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin təmin edilməsi istiqamətində böyük irəliləyişlərə nail olmuşuq

44 günlük Vətən müharibəsində, eləcə də ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində əldə etdiyimiz zəfərlər təkcə Azərbaycanın deyil, ümumilikdə türk dünyasının tarixinə yazılan şanlı qələbədir. Lakin görünən odur ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi və suverenliyini bərpa etməsi Qərbi və Avropanın “erməni sevgisi”ndən əziyyət çəkən bəzi ölkələrini ciddi şəkildə narahat edib. Qələbələrimizdən sonra həmin qüvvələr bərk sarsılıblar. AŞPA-da Azərbaycanın səsini dondurmaq təşəbbüsü də bunu deməyə tam əsas verir.

Azərbaycan öz haqlı mövqeyini sübut etmək, ermənilərin qanunsuz şəkildə torpaqlarımızı işğal etməyini dünyaya göstərmək adına 2001-ci ildə Avropa Şurasına üzv olmuşdur. Lakin bu şuraya üzv olandan bəri ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə edib. Bu təşkilata üzvlük Azərbaycana demək olar ki, heç nə verməyib. Digər xristian klubu Avropa İttifaqı və Avropa Parlamenti kimi AŞ və AŞPA da Azərbaycana və Türkiyəyə qarşı daim qərəzli, qeyri-obyektiv mövqe nümayiş etdirib.

Azərbaycana qarşı sanksiyalar təklifi ilə almaniyalı deputat Frank Şvabenin çıxış etməsi də təsadüfi deyil. Avropada son vaxtlar Azərbaycana qarşı atılan addımlarda Fransa və Almaniyanın birgə hərəkət etdiyi diqqətdən qaçmamalıdır. Azərbaycana münasibəti artıq düşmənçilik həddinə çatdıran Fransanın bəzi hallarda əsas niyyətini gizlətmək üçün öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışması da göz qarşısındadır. Fransa xarici siyasətində ardıcıl uğursuzluqları və nüfuzdan düşməsinə görə bu dəfə də Almaniyanı ön planda göstərir. Lakin istər Fransa-Almaniya tandemi, istərsə də digər beynəlxalq təşkilatlar və ölkələr anlamalıdır ki, Azərbaycana sanksiya tətbiq etməyi əsas gətirərək hədə gəlmək doğru atılmış addım deyil. Bundan daha çox özləri ziyan, zərər görəcək.

Mətanət Ağayeva- Zərdab rayon Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 

Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırdı.

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda insan haqlarını və qanunun aliliyini müdafiə etmək məqsədi daşıyan bu təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən hərbi təcavüzə və işğala məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpasında Azərbaycana kömək edəcəyi və beləliklə regionda davamlı sülhün əldə olunması naminə ədalətin öz yerini tutacağı barədə səmimi bir ümid və gözlənti var idi.

2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı dövləti – Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab vermək barədə qınamayıb. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir.

44 günlük müharibədə Azərbaycanın təcavüz, işğal və zorakı separatizm üzərində tarixi Qələbəsindən, ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasından sonra  Azərbaycanı ləkələmək, Azərbaycan xalqına uzun müddətdir inkar edilən ədalətin bərpası istiqamətində ölkənin əldə etdiyi nailiyyətlərə kölgə salmaq üçün təşkil olunmuş  böyük bir problemlə üz-üzəyik. Təxminən 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti erməni işğalının ağır nəticələrini gündəmə gətirən zaman AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format olmadığı vurğulanırdı.. Bu gün isə AŞPA və üzvləri bunun əksini deyir və Azərbaycana hücum etmək üçün heç bir fürsəti əldən vermirlər. Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma bu doğru aspektdən baxılmamış təklifin müəlliflərinin rüsvayçı xarakterini nümayiş etdirir.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsü bu çirkin kampaniyanın tərkib hissəsi kimi dəyərləndirilməlidir. Nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq, bunun ciddi və geri dönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək. Dünyada heç kim, o cümlədən bu zalda əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

 

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki