image-qanunla-reklam
image-media-antiterror-n96yl5qgprov4mxcwbt0

Antiterror əməliyyatı qaçılmaz idi

image-lady-day-az

Antiterror əməliyyatı qaçılmaz idi

2023-cü il sentyabrın 19-da Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri Xocavənd rayonunda minalardan istifadə etməklə diversiya hücumları törətmiş oldular. Nəticədə 4 polis, 2 mülki şəxs, 6 nəfər azərbaycanlı qətlə yetirildi. Erməni hərbi birləşmələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində 2 hərbi qulluqçu yaralandı. Ermənistanın hədəfi yenidən güc tətbiq etməklə Azərbaycanın ərazilərini nəzarət altında saxlamaq və ərazi iddialarını davam etdirmək idi. Bunları nəzərə alan Azərbaycan Ordusu Qarabağda Azərbaycanın Konstitusiya quruluşunun bərpası üçün lokal antiterror tədbirlərini həyata keçirməyə məcbur oldu. Keçirilən antiterror tədbirlər haqqında Rusiya sülhməramlı kontingentinin komandanlığını və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyini məlumatlandırdı. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alıb, ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar tutmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırdı. Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqelərini və uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini və hərbi təyinatlı obyektlərini yüksək dəqiqliklə silahların tətbiqi ilə sıradan çıxartdı. Azərbaycan öz ərazisində gələcək faciələrin qarşısını almaq  məqsədi üçün antiterror əməliyyatını həyata keçirməli idi. Ermənistanın qanunsuz silahlı birləşmələrinin Qarabağda yerləşməsi ən böyük təhlükə idi. Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Ermənistana müharibə deyil, ölkəmizdə olan və ərazi bütövlüyünü təhdid edən qeyri-qanuni erməni silahlı birləşmələrinin qarşısının alınması idi. Təxminən, 10 min nəfər olduğu güman edilən və Ermənistanın maliyyələşdirdiyi bu qeyri-qanuni birləşmələr bölgədəki insanların, mülki ermənilərin əmlak və həyat təhlükəsizliyini təhdid edirdi. Azərbaycana qarşı cinayətlər törədirdi. 44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan etmişdilər. Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olunmuşdur. Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan etmişdilər. Hakimiyyətin siyasi dialoqla bağlı bütün jestlərinə rəğmən öz xain mövqe və məkrli niyyətlərinə sadiq qalaraq, siyasi qüvvələrin Bəyanatına imza atmaqdan imtina etmiş Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Real Partiyası bir daha öz xain xislətini nümayiş etdirmişdilər. Prezident İlham Əliyevin haqlı və ədalətli mövqeyini dəstəkləyən Bəyantda qeyd olunmuşdur ki, Azərbaycan dövlətinin Ermənistana doğru uzanmış sülh əli hər dəfə geri qaytarılmış və bunun qarşılığında Ermənistanın, onun dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş qaldırmışdır. Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilmişdir. Odur ki, antiterror tədbirlərin görülməsi qaçılmaz idi. Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı sonda uğurla yekunlaşdı. Düşmən ağ bayraq qaldırdı. Azərbaycan çoxdan gözlədiyi ədaləti yenidən öz gücü sayəsində bərpa etmiş oldu.

 Vəliyeva Südabə

Saatlı Dövlət Rəsm Qalereyasının direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki