Zərdab rayon Heydər Əliyev mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinin anım günü ilə əlaqədar “Heydər Əliyev və Qalib Azərbaycan” mövzusunda tədbir keçirilib.
Qanunla.Az xəbər verir ki,Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev və Qalib Azərbaycan” mövzusunda tədbir keçirilib. Zərdab rayon H.B.Zərdabi Muzeyinin, Zərdab rayon Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Zərdab rayon Mərkəzi Kitabxanasının, rayon ümumtəhsil məktəblərinin (1 saylı məktəb-lisey, 3 saylı tam orta məktəb, Gəlmə, Yarməmmədbağı, Kəndəbil kənd tam orta məktəbləri, şəhər ümumi orta məktəb) müəllim və şagirdlərinin, Zərdab rayon ziyalıları, ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə güllər qoyulub.
Daha sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir iştirakçılarına dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim edilib.
Tədbirin aparıcıları Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Xanım İmanova və İlhamə Qəribova Ulu öndər Heydər Əliyevin ömür yolundan danışmış, Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrünün bu böyük şəxsiyyətin adı ilə bağlı olduğunu nəzərə çatdırıblar.
Tədbirdə çıxış edən Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müasir müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb. O, Heydər Əliyevin unudulmaz şəxsiyyət və dərin zəka sahibi olduğunu bildirib. Onun sözlərinə görə, Heydər Əliyev Azərbaycan elminə və təhsilinə himayədarlıq edib, bu sahədə çalışanlara həmişə diqqət və qayğı göstərib.
Kəndəbil kənd tam orta məktəbinin direktoru Şəfəq xanım Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi və dövlət idarəçiliyi təcrübəsindən danışaraq müdrik rəhbərin təhsil sahəsinin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib.
Zərdab rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Əvəz Soltanov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zərdab nümayəndəliyinin direktoru Vüsal Yusifov çıxışlarında xalqımızın ümummilli liderinin gənclər siyasətinə xüsusi diqqətinə toxunaraq bildiriblər ki, Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib.
Tədbirdə İştirak edən Zərdab rayon 1 saylı məktəb-liseyin, Yarməmmədbağı kənd tam orta məktəbinin şagirdləri Tapdıqova Gülnurun, Fərhadlı Aysunun, Rəhimzadə Aylanın, Salmanova Xədicənin, Umarova Arzumun, Hüseynova İntizarın, Həsənova Aynurun Ulu Öndərin xatirəsinə həsr edilmiş təqdimat-məqalələri və şer kompozisiyaları tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb.
Tədbirin sonunda Mədəniyyət işçiləri Həmkarlar İttlifaqı Zərdab rayon Komitəsinin sədri Vəfa Bayramova tərəfindən Zərdab rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Gənc Heydər Əliyevçilər” məktəbinin məşğələlərində Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsində fəal iştirak edən şagirdlərə xatirə hədiyyələri təqdim olunub.

















































Qanunla.Az Vüqar Rəhimov






















