image-qanunla-reklam
image-media-1445002750_1383053542_hhhhh-2-gemc9tluakwp5rzxhy13

Zəngilan rayonunun vandalizmə məruz qalmış abidələri

image-lady-day-az

Zəngilan rayonunun vandalizmə məruz qalmış abidələri

XIX əsrin əvvəllərində Rusiyanın Qafqazı işğal etməsindən sonra yeni inzibati ərazi bölgüsü aparılmışdır. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilmiş, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunmuşdur. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir.

1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal etmişlər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq Ermənistana birləşdirilmişdir. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalmışdır.
Zəngilan rayonu 1930-cu ildə yaradılmışdır. Rayonun sahəsi 707 kvadrat kilometrdir. Ərazisinə bir şəhər, 6 qəsəbə, 78 kənd daxildir. Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə təcavüzkar Ermənistan tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayon ərazisindəki onlarla milli və tarixi-dini abidə talan olunmuşdur. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 2020-ci ildə Zəngilan rayonu işğaldan azad edilib. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Zəngilan rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunacaq.

Zəngilan rayonu Azərbaycanın özünəməxsus tarixi keçmişə malik bölgələrindəndir. Rayon ərazisindən axan Şərəkə çayının hövzəsində özünün tarixi ornamenti ilə seçilən onlarla türbə vardır. Bunlardan Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi (1304-1305) öz memarlıq-konstruktiv formasına görə seçilir. Türbənin ətrafında orta əsr qəbiristanlığı yerləşir. Türbədən bir qədər aralıda Şeyxzadə Şeyx Abd as-Salam ibn Şeyx Qiyas əd-Dinin (759 h. – 1358 il) məzarı yerləşir. Türbənin ətrafında şeyxin davamçılarının pərakəndə şəkildə başdaşıları mövcuddur. Yazıların poliqrafik xüsusiyyətlərinə, bədii tərtibatına görə Şıxbaba Qədiriyyə sufi xanəgahının fəaliyyət dövrünü XIII-XIV əsrlərə aid etmək olar. Bu ərazilərdə XIII-XIV  əsrə aid sənduqə, başdaşı formalı, qoç, at heykəlli qəbirdaşları ərəb, fars, Azərbaycan dilli yazılarla və müxtəlif relyeflərlə Azərbaycan xalqının həyatının, məişətinin müxtəlif tərəflərini əks etdirir, xalqın tarixinə, toponimikasına, xalq təbabətinə, etnogenez məsələlərinə aydınlıq gətirir, Azərbaycanın orta əsr mədəni həyatına dair bir sıra məsələləri işıqlandırır.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir

Azad olunan ərazilər arasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanın potensialı orada böyük infrastruktur layihələrin həyata keçirilməsinə imkan verir. Dünyada 2-ci, Avropada isə 1-ci çinar meşələri ilə tanınan Zəngilan üçün yeni dövr başlayır. Rayonun ölkənin nəqliyyat logistika mərkəzinə çevrilməsi prioritet məsələlərdəndir. Məlumdur ki, işğal dövründə Ermənistan rəhbərliyi Zəngilandan keçmək şərtilə ölkəsindən Cəbrayıla yol çəkmək istəyirdi. Amma onların bu istəyi baş tutmadı. Ali Baş Komandanın rəhbərliyi ilə, şəhidlərimizin, döyüşçülərimizin qanı, canı hesabına tarixi ərazilərimiz özümüzə qayıtdı. İnfrastruktur layihələrin qurulması çərçivəsində indi Horadizdən Zəngilana 4 və 6 zolaqlı magistral avtomobil yolu çəkilir. Sovet vaxtından qalan yol yenidən qurulur. Yeni yol həm genişliyinə görə, həm də məsafə baxımından əlverişli olacaq. Bundan vətəndaşların gediş-gəlişində və beynəlxalq yüklərin daşınmasında istifadə olunacaq. Bununla yanaşı, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına çoxzolaqlı yol çəkilir. Bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası da sürətlə aparılır. Zəngilanın ərazisindən keçən dəmir yolu və avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün beynəlxalq bir yol olacaq. Nəticədə Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşəcək tam yeni nəqliyyat dəhlizi açılacaq.

Bərpa çərçivəsində gerçəkləşdirilən layihələr sırasında Qarabağın hava qapısı olan hava limanlarının tikintisi həm sosial-iqtisadi, həm də strateji cəhətdən olduqca böyük önəm daşıyır. Azərbaycan dövləti mövcud imkanlardan səmərəli yararlanaraq, bu prosesi qısa müddətdə yekunlaşdırmağa çalışır. Prezident İlham Əliyevin dediyi kimi, Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır: “Təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır”.

Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması dövrünü yaşayırıq

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərə hər səfərləri tarixi hadisə olmaqla yanaşı, Böyük Qayıdışa doğru atılan addım kimi dəyərləndirilir. Artıq Böyük Qayıdışın ilk addımını atdıq. Zəngilanın Ağalı kəndi “ağıllı kənd” layihəsi çərçivəsində yenidən bərpa edilərək sakinlərini qarşıladı.

Prezident İlham Əliyevin  bərpa və quruculuq işlərindən bəhs edərkən  “Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, – bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, – növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik” çağırışı həmin ərazilərdə bugünkü genişmiqyaslı  işlərdə öz əksini tapıb. 44 günlük İkinci Qarabağ müharibəsində birliyimiz, həmrəyliyimiz sayəsində tarixi Zəfərimizə necə nail olduqsa, torpaqlarımızı da bu birlik fonunda bərpa edəcək, onlara yeni nəfəs verəcəyik. İnfrastruktur layihələrinin icrası ilə yanaşı, tarixi və dini abidələrimizin bərpası birinci mərhələdə görülən işlər sırasındadır. Heydər Əliyev Fondu bu işləri uğurla  həyata keçirir.

Dövlət başçısı sahibinə qovuşmuş torpaqlarımızda ermənilərin törətdikləri vəhşiliklərdən bəhs edərək onu da əlavə etdi ki, bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar xoş çağırışlardır – Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması. Bu insanlar buna layiqdirlər: “Onlar uzun illər boyu çətin şəraitdə yaşayıblar. Baxmayaraq ki, biz 300 mindən çox məcburi köçkünü yeni ev və mənzillərlə təmin etmişik, bu mənzillərin açılışı zamanı onlar bizə minnətdarlıqlarını bildirirdilər və hər dəfə qeyd edirdilər ki, bizi öz torpaqlarımıza qaytarın. Mən onlara hər dəfə söz verirdim ki, bunu reallaşdıracağam və mən fəxr edirəm ki, biz bunu reallaşdıra bildik və artıq Böyük Qayıdış proqramı başlayıb.”

Bu ilin mayında Zəngilanın yenidən qurulan  Ağalı ilk kəndinə ilk məcburi köçkünlər qayıtdı. Bura təkcə orada yaşayanlar deyil, onların uşaqları və nəvələri də buraya qayıdırlar. Bu ilin sentyabrında Zəngilanda məktəb açıldı və gənc zəngilanlılar artıq bu məktəbdə təhsil alırlar. Onlar bu torpaqları görməyiblər, çünki işğaldan sonra dünyaya göz açıblar: “Ancaq bu, onu göstərir ki, Azərbaycan xalqı öz köklərinə və doğma torpaqlarına bağlıdır. Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı keçirdiyimiz sorğu əsasında deyə bilərik ki, əksəriyyət insanların həmin torpaqları belə görmədiklərinə baxmayaraq, bu torpaqlara geri qayıtmaq istəyini bildirməsi həqiqətən qürurvericidir.”

Göründüyü kimi, Azərbaycan bütün dünyaya örnək olan inkişaf modeli əsasında işğaldan azad edilmiş ərazilərimizi bərpa edir, gələcəklə bağlı hədəflərin müəyyənləşdirilməsinə geniş imkanlar yaranır. Bu fikri böyük əminliklə qeyd edirik ki, işğaldan azad olunmuş ərazilərimiz nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcək.

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

“Böyük qayıdış” Zəngilandan başlanıb

Vətənimizin bütövlüyünün təmin edilməsi XX əsrin sonlarında tarixinə vurulan ağır zərbələrdən sonra onun xarici və daxili siyasətinin başlıca meyarı olmuşdu. Məhz bu istiqamət üzrə 2016-cı ilin aprel döyüşləri və 2020-ci il iyul hərbi əməliyyatları bir qığılcım rolu oynamışdır. Bu həqiqətlərin tarixi davamı olaraq, 27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsi zirvə nöqtəsini təşkil etmişdir. Hərbi əməliyyatlar “Dəmir yumruq”adlı hərbi döyüş taktikasının yüksək peşakarlıqla təşkili və tətbiqi nəticəsində məharətlə yerinə yetirildi.

Döyüş taktikalarının düzgün yerinə yetirilməsi, Cəbrayıl rayonunun işğaldan azad olunmasına imkan yaratmış oldu. Zəngilan rayonu Azərbaycan Silahlı Qüvvələri tərəfindən 18 oktyabr 2020-ci il tarixindən qanlı döyüşlərin başlaması 20 oktyabr 2020-ci il tarixdə şəhər mərkəzi başda olmaqla 4 qəsəbəsi və 49 kəndinin azad edilməsi ilə nəticələnmişdir. Zəngilan azad olunması həm də 132-km uzunluğunda Azərbaycanİran sərhədinin bərpası demək idi.

Bu şərəfli yolda canlarını fəda etmiş şəhidlərimizi böyük ehtiramla anmaq hər bir Azərbaycan vətəndaşının şərəfli borcudur. Zəngilanın azad olması həm də tarixi əhəmiyyətə malik olan Azərbaycan torpağının erməni vandalizmindən azad olması demək idi. Barbar həyat tərzi sürmüş erməni işğalçıları Vətənimizin bu tarixi torpağının qədim abidələrini, məzarlıqlarını vəhşicəsinə çapıb talamış, bununla da əsrlər boyu türklərə olan nifrətlərini açıq şəkildə nümayiş etdirmişlər. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyev başda olmaqla igid oğullarının qəhrəmanlığı ilə ərazimizin azad olmasında məharətlə çıxış etmiş, hətta əhval-ruhiyyələrini müharibənin ilk günlərindən qələbəyə kökləmişlər. Şanlı Qələbədən sonra Prezident İlham Əliyev Zəngilan rayonuna 5 səfər etmiş, burada aparılan bütün bərpa və quruculuq işləri ilə bilavasitə özü tanış olmuşdur. İşğaldan azad olunmuş rayonlarda icra olunan layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaqdır. Prezident İlham Əliyevin səfərləri onu göstərir ki, “Böyük Qayıdış” üçün bütün mövcud potensiallar səfərbər olunub. Bu gün Zəngilanda bərpa-quruculuq işləri surətlə davam edir.

Birinci pilot layihə Zəngilanın Ağalı kəndində icra edilib, burada 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi nəzərdə tutulub. Burada məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Cari ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Hazırda Zəngilanda bir sıra logistik layihələr həyata keçirilir. Böyük strateji əhəmiyyəti olan HoradizZəngilan-Ağbənd dəmir yolunun inşası aparılır. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa olunacaq hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Ümumi uzunluğu 124 kilometr olan ZəngilanHoradiz avtomobil yolunun çəkilişı davam edir. Zəngəzur dəhlizinin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın qədim Zəngəzura yenidən qayıdışını təmin edəcəkdir.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Zəngilanın tarixi

Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edilibdir. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6972 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. İşğaldan öncə rayon ərazisində onlarla milli və dini-tarixi abidə olmuşdur.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki