image-qanunla-reklam
image-8d2f7ff6-c5c8-3761-9b76-72b4548c4d45_850

Zəfər seçkisi

image-lady-day-az

Zəfər seçkisi

Bu gün nəticə etibarilə budəfəki seçki Azərbaycanın Müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək. Başqa sözlə desək, seçki ərazilərimizdə hər hansı separatizm yuvası olmadan keçiriləcək. İndi Şuşada, Zəngilanda, Füzulidə, Xankəndidə, işğaldan azad olunmuş digər yaşayış məntəqələrində seçki məntəqələri yaradılacaq və seçki bütün ölkə ərazisində keçiriləcək. Bu seçki həm də ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti demək olacaq. Regionda tam müstəqil bir ölkənin olmasını və Azərbaycanın qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Odur ki, növbədənkənar seçki həm də bu siyasi sistemin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ümumiyyətlə, növbədənkənar seçki təcrübəsi dünyada qəbul olunmuş bir siyasi təcrübədir.

Prezident, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hələ Prezident seçilərkən xalqa verdiyi sözlərə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə, Qubadlıda və digər ərazilərimizdə şərəflə dalğalandırdı. Sözsüz ki, Prezidentimiz tərəfindən növbədənkənar seçkilərin elan olunması həm də özünə inamın, xalqın siyasi dəstəyinə əminliyin ən bariz göstəricisidir.

Seçkilərə hazır deyildik bəhanəsi ilə çıxış edənlər bilməlidirlər ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi növbəti prezident seçkisinin keçirilməsi ilə növbədənkənar prezident seçkisinin keçirilməsi arasında hər hansı prosedur, yaxud müddət fərqi müəyyən etmir. Seçki Məcəlləsinə görə, istər normal, istərsə də növbədənkənar prezident seçkilərində namizədlərin irəli sürülməsi, qeydə alınması, təbliğat kampaniyası dövrü üçün verilən müddət eynidir və bu baxımdan da vaxt azlığını arqument gətirmək sadəcə bəhanədir. Seçki Məcəlləsi bütün namizədlərə bərabər hüquqlar tanıyır və namizədlərin hər biri bərabər öhdəliklər daşıyır. Onu da nəzərə almaq lazımdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara müvafiq imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov

 

 

Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək

Azərbaycanda 2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkiləri ciddi siyasi hadisə olacaq. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanda ilk dəfə olaraq bütün şəhər və rayonlarda seçki məntəqələri qurulacaq və səsvermə hüququ olan hər kəs bu prosesdə iştirak edə biləcək. Regionda baş verən siyasi proseslər fonunda ölkəmizdə keçirilməsi nəzərdə tutulan seçkilərin nəticələri Azərbaycanın gələcək inkişafına, təhlükəsizliyimizə ciddi təsir göstərəcək.

Bu dəfəki seçkilər əvvəlkilərdən müəyyən qədər fərqli olacaq. İlk dəfə olaraq biz qalib ölkə üçün Prezident seçəcəyik. Vətən müharibəsində qazandığımız Qələbə seçkilərin nəticələrinə təsirsiz ötüşməyəcək. Azərbaycan vətəndaşlarının seçkilərə münasibətində Qarabağ, ərazi bütövlüyü amili hər zaman önəmli rol oynayıb. Digər ölkələrdən fərqli olaraq, Azərbaycanda sosial problemlər heç zaman ərazi bütövlüyü məsələsindən öndə olmayıb. Azərbaycan xalqı hər zaman inkişafa, sabitliyə, tərəqqiyə səs verib. Prezident olmaq istəyən namizədlərin də çıxışlarında Qarabağ, suverenlik, ərazi bütövlüyünün təmin olunması mövzuları prioritet təşkil edirdi.

2018-ci ildə Prezident seçildikdən sonra olkə başçımız cənab İlham Əliyev xalqımızın qarşısında duran ən mühüm problemin – ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi. Bu gün ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib. Bu, həm ölkəmizdə, həm də regionda yeni reallıqlar yaradıb. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Əminliklə söyləmək olar ki, xalqımız bu seçkilərdə çox fəal iştirak edəcək.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

 

 

Özünə inam və xalqın dəstəyinə əminlik

Hər bir xalqın, hər bir dövlətin tarixində onun sonrakı inkişaf yolunu, müstəqillik yolunu müəyyənləşdirən taleyüklü məqamlar, tarixi qərarlar olmuşdur. Azərbaycan dövlətçilik tarixində də belə tarixi anlar olmuş və xalqımız bu məqamlarda doğru qərarlar qəbul edərək, öz taleyinə sahib çıxmışdır. 1993-cü ildə müstəqilliyimiz, dövlətçiliyimiz təhlükə qarşısında qalanda Azərbaycan xalqı böyük müdriklik nümayiş etdirərək, ən düzgün qərarı qəbul etmiş və ən doğru ünvana üz tutmuşdur. Xalqımız həmin məşəqqətli günlərdə Azərbaycanın dövlət müstəqilliyini, xalqımızın gələcəyini xilas etmək üçün inandığı, etimad göstərdiyi böyük Lider Heydər Əliyevə müraciət edəndə də, 2003-cü ildə  yeni əsrin və yeni minilliyin başlanğıcında tarixi seçim anında Heydər Əliyev siyasətinə dəstək verəndə də eyni müdrikliyi, əzmi və qətiyyəti nümayiş etdirmişdir.

Dövlətimizin başçısı İlham Əliyev yeni minillikdə və müasir çağırışlar fonunda Azərbaycanı modernləşdirmək, ölkəmizi yeni inkişaf mərhələsinə qovuşdurmaq missiyasını çox uğurla yerinə yetirmişdir.Bu gün Prezident cənab İlham Əliyevin şəxsiyyətinin böyüklüyü həm də ondadır ki, O, xalqı milli amallar və məqsədlər naminə öz ətrafında böyük ustalıqla birləşdirə bilib. Ötən illər ərzində ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyinin əsasında da bu inam dayanır. Sarsılmaz birlik, xalqın öz liderinə sonsuz inamı, liderin isə öz xalqına arxalanması Azərbaycanın qazandığı bütün uğurların dayaq nöqtəsini təşkil edir.

Vətən müharibəsində əldə etdiyimiz Qələbə Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bu Qələbə sayəsində qalib xalq kimi özünü dünyaya ləyaqətlə təqdim edir. Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, xalqımıza özünün çoxəsrlik tarixində ən böyük uğuru və xoşbəxtliyi yaşadıb.

Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Biz əminik ki,  3 il bundan əvvəl bütün dünyaya nümayiş olunan milli həmrəylik və birlik 2024-cü ilin 7 fevralında da bütöv, müstəqil Azərbaycanın minlərlə məntəqələrində təkrarlanacaqdır.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev

 

 

Qalib xalqın Qalib Prezidenti

2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri də adlandırmaq olar. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Prezident seçkiləri artıq ölkəmizin istisnasız bütün ərazilərində, o cümlədən, işğaldan azad edilmiş Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda keçiriləcək. Bu, Azərbaycan xalqının öz Prezidentinin rəhbərliyi ilə əldə etdiyi ən böyük tarixi nailiyyətidir. Bütün bu ərazilərdə müqəddəs bayrağımızı, öz xalqına söz verdiyi kimi, şərəflə ucaldan Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev atdığı müdrik addımları, verdiyi düşünülmüş qərarları ilə nəyi nə zaman və necə etməyin lazım olduğunu hər kəsdən daha yaxşı bildiyini dəfələrlə nümayiş etdirib. Üç il bundan öncə Azərbaycanın parlaq Zəfərlə başa vurduğu 44 günlük Vətən Müharibəsi, eləcə də 2023-cü ilin sentyabrında uğurla keçirilmiş antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb.

İlk növbədə, qeyd etmək lazımdır ki, növbədənkənar Prezident seçkilərinin elan olunmasında qeyri-adi heç nə yoxdur. Bu hal bütün dünya ölkələrində tətbiq olunan siyasi təcrübədir. Növbəti və növbədənkənar seçki arasında yeganə fərq tarixlə bağlıdır. Başqa sözlə desək, seçicilər sadəcə olaraq öz siyasi iradələrini bundan öncə nəzərdə tutulmuş vaxtdan əvvəl ifadə edəcəklər. Namizədlərə gəlincə isə, bu şəxslərin hamısı bərabər hüquqlara malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir və təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Real potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı özlərini təsdiqləmək üçün əlverişli fürsətdir.

Azərbaycanın bu gün real olaraq getdikcə daha böyük gücə çevrilməsi bir çox Qərb ölkələrini ciddi şəkildə narahat etməkdədir. Buna görə də, həmin dövlətlərin təxribatlarının qarşısını almaq üçün ölkəmizdə siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edən bir məsələdir. Bu gün Cənubi Qafqazda Azərbaycanın razılığı və iştirakı olmadan hər hansı bir beynəlxalq layihənin həyata keçirilməsinin qeyri-mümkünlüyü artıq bütün dünyaya məlum olan bir reallıqdır. Əminik ki, öz Qalib Prezidenti ilə hər zaman birlik və həmrəylik nümayiş etdirən Qalib Azərbaycan xalqı bu seçkilərdə də öz rəhbərinin yanında olacaq, müdrik dövlət başçımızın xarici və daxili siyasətini, eləcə də bütün digər təşəbbüslərini ən fəal şəkildə dəstəkləyəcəkdir.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin müəllimi-Səidə Tağıyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki