image-qanunla-reklam
image-media-media-1686773346-heyderaliyev-k6i815xahqlm30ofbj9u-vgpw4rc8zx3o9mkq20fi

Vətənə sədaqətlə xidmət etmiş Ulu Öndər

image-lady-day-az

Vətənə sədaqətlə xidmət etmiş Ulu Öndər.

Azərbaycan xalqının 3 oktyabr 1993-cü ildə etdiyi müdrik seçim bütün gələcək taleyimizi müəyyən etmiş oldu. Həmin tarixdə keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində xalqımız özünün əzəli və əbədi Liderini -Ulu Öndər Heydər Əliyevi yekdilliklə dəstəklədi. Bu seçim tarixi bir seçim idi və xalqımızın bütün gələcək taleyinə öz həlledici təsirini göstərdi. 15 iyun 1993-cü ildə Qurtuluşla başlanmış yol 3 oktyabr 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə tamamlandı.

Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizə müdrik və uzaqgörən rəhbərliyi sayəsində Azərbaycan Respublikası bir çox çətinlikləri geridə qoydu. Azərbaycan Respublikasında möhkəm siyasi sabitlik formalaşdı. Dövlətimiz davamlı inkişaf yolunda əmin və qətiyyətli addımlar atdı. Ulu Öndər Azərbaycanı tam müstəqil bir dövlət kimi yaşatmaq, inkişaf etdirmək, iqtisadi cəhətdən inkişaf etmiş güclü bir dövlətə çevirmək, demokratiya yolu ilə irəlilətmək, ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarını təmin etməkdən ötrü çox nəhəng işlər gördü. Ulu Öndərin yorulmaz fəaliyyəti sayəsində ölkəmizdə qanunun aliliyi, insanların hüquq bərabərliyi təmin olundu, Azərbaycanın dünya birliyində nüfuzu daha da artdı. Ulu Öndər Heydər Əliyev qeyd edirdi ki, Azərbaycan sülhpərvər ölkədir. Biz dünyada sülh istəyirik, Qafqazda sülh istəyirik, bölgəmizdə sülh istəyirik, ölkəmizdə sülh istəyirik və buna nail olmağa çalışırıq. Sülh, əmin-amanlıq üçün ölkədə sülh lazımdır, bölgədə sülh lazımdır, cahanda sülh lazımdır.

Ümummilli Liderimiz azərbaycançılığı müstəqil Azərbaycan dövlətinin əsas ideologiyası olaraq müəyyənləşdirdi. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər – bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir. Məhz Ümummilli Liderimiz Heydər Əliyevin sayəsində “Azərbaycançılıq” əsas və aparıcı milli ideologiyamıza çevrildi. Çünki bu Ulu Öndər Heydər Əliyevin zərgər dəqiqliyi ilə müəyyənləşdirdiyi kursdur.

Ulu Öndərin hakimiyyətə gəldiyi 1993-cü ildən başlayaraq ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu baxımından önəmli addımlar atılmağa başladı. Ulu Öndərin özünün də qeyd etdiyi kimi demokratik, hüquqi, dünyəvi ifadələri bizim dövlət quruculuğumuzun əsas mənasını, məzmununu, əsas prinsiplərini təşkil edir. Bu sözlərin üçü də – demokratiya da, hüquq da, dünyəvilik də insan haqlarından irəliyə gedən sözlərdir. Azərbaycan özünün strateji yolunu Ulu Öndərin hakimiyyətə gəldiyi 1993-cü ildən qəti olaraq müəyyənləşdirmişdir və hal-hazırki dövrdə də ölkəmiz Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə bu yolda qətiyyətlə addımlamaqdadır.

Ulu Öndər Heydər Əliyev ölkəmizin və vətənimizin gələcəyinə həmişə böyük nikbinliklə baxır və bildirirdi ki, hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Ulu Öndərin ideyalarına daim sadiq qalan ölkəmiz böyük uğurlar qazanmaqda və parlaq Zəfərlərini sıralamaqdadır.

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Bahar Qurbanova

 

 

Həyatını təhlükə altına qoymuş Ümummilli Lider.

1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri xalqımız üçün mühüm tarixi hadisə, dövlətimiz üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Həmin vaxt xalqımız öz üzərinə düşən məsuliyyəti çox gözəl dərk edirdi. Xalq bilirdi ki, əvvəlki iqtidarların səriştəsizliyi səbəbindən az qala dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qaldığı bir vaxtda özünün xilaskarını seçməlidir. 3 oktyabr tarixində xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Azərbaycan dövlətinin prezidenti seçdi. Bununla da bugünkü qüdrətli Azərbaycanın təməli qoyuldu.

Ümummilli Lider andiçmə mərasimindəki nitqində demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Ulu Öndər Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən  hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxararaq öz andına sadiq qalmışdır.

Hələ Sovet dövründə ölkəyə rəhbərlik etdiyi illərdə azərbaycançılıq ruhunu və milli dövlətçilik ideyasını sönməyən qoymayan Heydər Əliyevə xalqın  sevgisi güclü idi. Məhz xalqın bu sevgisi və çağırışı Heydər Əliyevi vətənə geri qaytarmışdır. Əslində elə həmin vaxt dahi lideri respublika rəhbərliyinə dəvət etsəydilər dövlətimiz 20 Yanvar, Xocalı faciələrini, yaşamağa məcbur olmaz, dövlət müstəqilliyimiz təhlükə qarşısında qalmaz, xalqımız bu faciələrdən əziyyət çəkməzdi.  Heydər Əliyevin rəhbərliyə gətirilməsi missiyasını xalq özü yerinə yetirdi və yalnız Heydər Əliyevin Prezident seçilməsindən sonra biz müstəqillik tarixində ilk dəfə olaraq əsl iqtidarın, səriştəli rəhbərliyin, güclü mərkəzi hakimiyyətin, xalq-iqtidar birliyinin nə olduğunun şahidi olduq.

Ulu Öndərin 1993-cü ilin oktyabrında prezident seçilməsindən sonra ölkədə sabitlik, vətəndaş həmrəyliyi bərpa edildi, Qarabağ müharibəsində atəşkəsə nail olundu, düşmən təcavüzü dayandırıldı, ordu quruculuğuna böyük diqqət yetirildi. Ulu Öndər qısa bir zamanda Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real silahlı qüvvələri formalaşdıra bilmişdir. Vətən Müharibəsində bizi Zəfərə aparan yolun başlanğıcında məhz Heydər Əliyevin uzaqgörən ordu quruculuğu siyasəti dayanır.

Heydər Əliyevin məqsədi Azərbaycanda demokratik, hüquqi dövlət qurulması idi. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməli və demokratik dövlət quruculuğu yolu ilə getməli idi. Bu məqsədə nail olmaq üçün  Ulu Öndər rəhbərliyinin ilk illərindən ölkədə siyasi-hüquqi  islahatlara start vermişdi. Həmin vaxt Azərbaycanda ilk parlament seçkiləri keçirildi, çoxpartiyalı siyasi sistemin formalaşdı, müstəqil dözvlətimizin ilk  Konstitusiyası qəbul olundu.  Mətbuatda senzuranın aradan qaldırılması,  məhkəmə islahatlarının keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının yaradılması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi elan edilməsi, qanunun aliliyi prinsipinin real təmin olunması, hüquq mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, qadın hüquqlarının qorunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində iştirakının artırılması və yüzlərlə bu qəbildən olan siyasi-hüquqi islahatlar nəticəsində Azərbaycan sözün əsl mənasında demokratik-hüquqi dövlətə çevrildi.

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Bahar Qurbanova

 

 

Öz andına daim sadiq qalmış Ulu Öndər.

Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra böyük siyasi iradə nümayiş etdirərək  milli dövlətçiliyin, milli mənafelərin qorunmasını hər zaman ilk planda saxlamışdır. Heydər Əliyevin diplomatik bacarığı, beynəlxalq dairələrdəki hörməti Azərbaycanın tez bir zamanda dünya birliyinə inteqrasiyasını təmin etmişdir. Ulu Öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət, beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə yönəlmişdir. Həmin vaxt Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirilməsinə nail olmaq Ulu Öndərin böyük xidmətidir.

Milli ideologiyanın yaradılması da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissələrindən  biri idi. “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər -bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir” – Ulu Öndərin öz çıxışlarında  vurğuladığı bu kimi fikirlər ictimai varlığımızın ayrılmaz tərkib hissəsinə çevrilmiş və azərbaycançılıq məfkurəsini yaratmışdır. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyən Heydər Əliyev hər bir azərbaycanlının öz milli mənsubiyyətinə görə qürur hissi keçirməli olduğunu xalqa aşılamışdır.Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng siyasətçi idi. Dahi siyasətçinin dərin zəkası, fitri diplomatik istedadı, siyasi uzaqgörənliyi, geniş dünya görüşü, siyasi iradəsi, hadisələri qiymətləndirmə bacarığı, peşəkar rəhbərlik xüsusiyyətləri, ensiklopedik biliyi, məharətli natiqlik bacarığı ona təkcə Azərbaycanda deyil,  bütün dünyada böyük nüfuz və “siyasət nəhəngi” adını  qazandırmışdır.

Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini yaradanda onun təməllərini elə möhkəm qoyub və onu  elə layiqli davamçıya təhvil verib ki, Azərbaycanın gücü-qüdrəti gündən-günə artır. İkinci Qarabağ Müharibəsi ilə bizə tarixi Zəfər yaşadan Ali Baş Komandanımız  İ.Əliyev Qarabağda həyata keçirdiyi antiterror tədbirləri nəticəsində separatçıların təslim olmasına nail olaraq  ölkəmizə növbəti tarixi Qələbəni bəxş etmişdir.  Erməni silahlı qüvvələrinin torpaqlarımızdan  çıxarılması, qondarma rejimin ləğv olunması ilə Azərbaycanın suverənliyi tam bərpa olunmuşdur.

Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, gücünə-qüdrətinə qarşı çıxmaq istəyən hər bir kəs bilməlidir ki, Azərbaycan Heydər Əliyev siyasəti ilə yaşayır və irəliləyir, bu siyasət dövlətimizin sarsılmaz təməlində dayanır. Onun qurucusu Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi isə Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayacaqdır.

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Ehtiram Osmanov

 

 

Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ulu Öndər Heydər Əliyev həmin ilin oktyabrın 3-də seçicilərin böyük səs çoxluğu ilə ölkə Prezidenti seçildi. Ulu Öndər qısa zamanda Azərbaycanı böyük bəlalardan, faciələrdən xilas edərək ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı. Müstəqilliyimizin ilk illərində, yəni 1991-1993-cü illərdə respublika ərazisində baş qaldımış silahlı cinayətkar dəstələr Ulu Öndər Heydər Əliyev prezident seçildikdən sonra qısa zaman ərzində zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinə və separatçı meyillərə son qoyuldu. Həmçinin təcavüzkar Ermənistan Respublikası ilə atəşkəs elan olundu.

Dahi şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik illəri ölkə tarixində davamlı siyasi-hüquqi islahatlar dövrü kimi xarakterizə olunur. Belə ki, Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində ölkənin siyasi-hüquqi sistemində müsbət dəyişikliklər baş vermiş, işlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsası qoyulmuşdur. Hər zaman demokratik məzmunlu dəyişiklərin təşəbbüskarı  olan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə kütləvi informasiya vasitələri üzərindən senzura ləğv edilmiş, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin olunmuşdur. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin müdrik siyasəti sayəsində qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı və uğurlar əldə olundu. Ulu Öndərin uğurlu siyasəti sayəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Böyük siyasət xadiminin həyata keçirdiyi xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunun artmasına səbəb oldu. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu milli maraqlara xidmət edən xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdi. Həyata keçirilən uğurlu xarici siyasət kursu nəticəsində dövlət müstəqilliyi möhkəmləndirilən Azərbaycanın qısa zamanda dünya birliyinə inteqrasiyası təmin olundu. Məhz bütün bunların nəticəsdir ki, Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə etməklə bir çox dövlətlər və beynəlxalq qurumlarla əməkdaşlıq edərək bir çox layihələri səmərəli şəkildə həyata keçirir.

Məlum olduğu kimi Azərbaycan müstəqilliyinin ilk illərində Ermənistanın işğalçılıq siyasəti ilə üzləşmiş və torpaqlarımızın 20 faizi işğal olunmuşdu. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən şəxs məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi xarici siyasətimizin əsas prioritetinə çevrildi. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur. Məhz zamanında aparılmış bu düzgün siyasət nəticəsində artıq Azərbaycan öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü təmin edib. Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin olunması isə Ulu Öndər Heydər Əliyevin ən əsas amalı idi.

 Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Ehtiram Osmanov

 

 

1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi.

30 il bundan əvvəl bu gün, yəni oktyabrın  3-nə təyin edilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Xalqın tələbi və təkidi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.

Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Bu həm də xilaskarlıq missiyası idi. Ulu Öndər bölgədə və dünyada baş verən hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün qiymətləndirərək  ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Bunun özü isə xüsusi məharət, istedad, bilik tələb edirdi. Dövrün ən tanınmış siyasətçiləri, prezidentləri, diplomatları, alimləri onu  “siyasət nəhəngi”, “siyasət qrosmeysteri”, “siyasət patriarxı”  adlandırırdılar. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan onun fəaliyyətini belə qiymətləndirirdi: “Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur”.Ümummilli Lider Azərbaycan dövlətçiliyinin bütün vacib sferalarda möhkəmləndirilməsi ilə yanaşı,  güclü vətəndaş cəmiyyətinin formalaşması məsələsini də prioritet istiqamət kimi diqqətində saxlayırdı. O öz çıxışlarında deyirdi: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”. Milli ideologiyanın yaradılması da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissələrindən biridir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Bütün ömrünü Azərbaycanın inkişafına həsr edən  Ümummilli Liderin bu gün ruhu şaddır. Çünki, bu gün  onun arzuladığı Azərbaycan var!  Torpaqlarımız işğaldan azad olunub, iqtisadi və siyasi gücü  artır, hüquqi və siyasi islahatlar ölkənin daha da yekdil olmasına imkan yaradır. Və bu ölkə daha da inkişaf edəcək, nüfuzu daha da artacaqdır. Bizim hər birimiz fəxr edir və  qürur duyuruq ki,  onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən böyük dövlət xadimi İlham Əliyev davam etdirir. Xalqımızın sonsuz məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı-  Ehtiram Osmanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki