image-qanunla-reklam
image-e8b870cb451ae84269c084839fe6ef14_7166554

Vətən müharibəsi cəmi 44 gün çəkdi

image-lady-day-az

Vətən müharibəsi cəmi 44 gün çəkdi

Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarını azad etməklə Böyük Qələbəni qazandı. 44 gün davam edən müharibədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə formalaşan Azərbaycanın şanlı Ordusu düşməni diz çökdürdü. Işğal altında qalan torpaqlarımız cəsur əsgərlərimizin rəşadəti ilə düşmən caynağından xilas oldu. Bu dünya tarixində görünməmiş Vətən müharibəsi idi.  İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.  Prezident cənab İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan cəmi 44 gün ərzində düşmən üzərində qətiyyətli Qələbə qazandı.
2020-ci ilin  27 sentyabrında başlayan Vətən müharibəsi cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatdı. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ uğrunda çıxdığı  müqəddəs yürüşün hər bir günü zəfər gününə çevrildi. Hər gün qəhrəman döyüşçülərimiz irəli getdi və 44 gün ərzində bircə dəfə də olmadı ki, igid hərbçilərimiz düşmən tapdağından azad etdikləri ərazilərdən bir qarış belə geri çəkilsinlər. Azərbaycanın mərd oğulları 44 gün ərzində bəşər tarixində misligörünməmiş qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirdilər, dünya hərb sahəsində yeni döyüş təcrübəsi yaratdılar.

Ali Baş Komandan cənab İlham Əliyevin ötən illər ərzində qurduğu müasir Azərbaycan Ordusu yüksək peşəkarlığı sayəsində çox qısa zamanda düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini və Qarabağın tacı Şuşanı azad etdi. Həmçinin “dəmir yumruğu” ilə işğalçını məcbur etdi ki, kapitulyasiya aktına imza atsın.

Bəli, Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun rəşadəti, Vətən uğrunda canlarını fəda etməyə hazır olan mərd oğullarımızın hünəri, xalqımızın həmrəyliyi nəticəsində 44 günlük haqq savaşımız Zəfərə çevrilərək Azərbaycan tarixinin ən şanlı Qələbəsi kimi salnaməyə qızıl hərflərlə əbədi yazıldı. Hamı gördü ki, iqtisadi cəhətdən durmadan inkişaf edən Azərbaycanın hərbi bazası da möhtəşəmdir, şəxsi heyəti də cəsurdur. Xalqımız   uzun illər idi bu Qələbənin  həsrətində idi və dövlətimizin başçısı cənab İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə  bu Qələbəmiz tariximizin şanlı səhifəsinə həkk olundu. Qələbən mübarək, Azərbaycan. Qarabaq Azərbaycandır!

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktoru-Rəşad İsmayılov

 

 

Azərbaycanın dövlət müstəqilliyini qoruyan məhz Ulu Öndər Heydər Əliyev oldu.

Milli müstəqillik bəşər tarixi boyu xalqların, millətlərin ən çox arzusunda olduqları siyasi, hüquqi və mənəvi tələbatları arasında əsas nemət olub. Çünki müstəqil olmayan bir xalq və millət daima var ola bilməz. Milli müstəqilliyini əldən vermiş millətlər zaman-zaman başqa xalqların və millətlərin içində assimilyasiyaya uğrayaraq tarixində arxivlərində qalırlar. Milli müstəqilliyimizin 70 ildən sonra yenidən bərpası dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevə nəsib oldu. Bəli, bu gün birmənalı şəkildə demək olar ki, Heydər Əliyev bəşəriyyət tarixində mənsub olduğu xalqa və millətə milli dövlət müstəqilliyini yenidən qazandıra bilən xilaskarlıq fenomenidir. Azərbaycanın milli dövlət müstəqilliyinin yenidən bərpa olunması missiyasının Heydər Əliyev fenomeninə qismət olması əslində heç də təsadüfü deyildi.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütövlükdə xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, xalqın təbii konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi iftixar doğuran şanlı epoxanı əhatə edir. Ümummilli liderin Azərbaycan qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü isə onun dayanıqlı milli dövlət qurması, onu möhkəmləndirməsidir. Hələ 1991-ci il 18 oktyabr tarixində ulu öndər Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etdi.

Bu gün Azərbaycan özünün hər bir sahədə dinamik və titanik inkişaf dövrünü yaşayır. Çünki cənab prezident İlham Əliyev Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir. Əsrlər keçəcək, illər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək amma Heydər Əliyevin milli müstəqillik, azərbaycançılıq ideyaları heç zaman yox olmayacaq. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi ulu öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir. Azərbaycan xalqı ulu öndərin siyasi kursunu davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru-Rasif Qaçayev

 

 

Antiterror tədbirləri qaçılmaz idi

Azərbaycanın sentyabrın 19-da Qarabağ bölgəsində başladığı lokal xarakterli antiterror tədbirləri qaçılmaz zərurətdən doğan addım idi. İkinci Qarabağ savaşının Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatmasından 3 il keçməsinə baxmayaraq Ermənistan 10 noyabr üçtərəfli bəyanatının müddəalarına əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən yayınırdı. Xüsusilə Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğu regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olaraq qalırdı. Son bir neçə ayda həmin silahlı birləşmələr tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin yeni hərbi-mühəndis qurğularının yaradılması ilə möhkəmləndirilməsi, şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi gərginliyin artmasına səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması artıq ardıcıl xarakter almışdı. Eyni zamanda ərazilərimizin minalanmasının davam etdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olurdu.

Sözsüz ki, bu kimi qanunsuz addımlar antiterror tədbirlərini görməyə Azərbaycanı təhrik edən açıq təxribatlar idi.  Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Prezident cənab İlham Əliyev 20 il öncə ilk dəfə Prezident seçiləndə andiçmə mərasimində Azərbaycan Konstitusiyasına və “Qurani-Kərimə” əl basaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa ediləcəyinə and içmişdi. Və 20 il sonra Xankəndiyə bayraq sancaraq, andına əməl etdi.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru-Kəmalə Əliyeva

 

 

Bu il “Heydər Əliyev İli”dir.

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılanır, dünya miqyaslı siyasət və dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətlərinə, çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə xalqımızın və dövlətimizin qədirbilən münasibətinin parlaq təcəssümü kimi qiymətləndirilir. Ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an, hər gün gözümüz önündədir.

Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün böyük idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Ümummilli Lider bildirirdi ki, milli azadlığa nail olmaq üçün xüsusən xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. Dahi rəhbər bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş, respublikamızın malik olduğu bütün imkanlardan onun inkişafı üçün istifadə etmişdir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin müəllimi-Aliyə Rüstəmova

 

 

Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik.

Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldarkən səsləndirdiyi fikirlər Azərbaycan Silahlı Qüvvələrinin hər bir mənsubuna göstərilən etimad və hörmətdən xəbər verir. Bu gün müstəqil Azərbaycan inkişaf yolunda inamla irəliləyir, qazanılan nailiyyətlər dövlətimizin qüdrətini günü-gündən daha da artırır. Bu baxımdan, ölkədə ordu quruculuğu sahəsində əldə olunmuş uğurlar daha ürəkaçandır.  Azərbaycan Ordusunun bu gün dünyanın güclü orduları sırasında yer alması təsadüfi deyil. Bu isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu nizami və güclü ordu quruculuğu siyasətinin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla, ardıcıllıqla davam etdirilməsinin nəticəsidir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə sistemli ordu quruculuğu prosesi yeni keyfiyyət mərhələsinə yüksəlib. Belə ki, Azərbaycan Ordusu yüksək döyüş hazırlığına nail olub, bu gün qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Bunlarla yanaşı, ordumuz ən müasir texnika və silahlarla təmin olunub. Paralel olaraq ölkəmizin hərbi sənaye kompleksi inkişaf edir.

Ölkə başçısının Xankəndi şəhərinin mərkəzi meydanındakı çıxışı Azərbaycan xalqına və dostlarımıza qürur dolu anlar yaşatmaqla bərabər, həm də düşmənlərimizə bir daha revanşizmə qapılmamaq mesajı idi. Müzəffər Ali Baş Komandanımız çıxışında Ermənistana və onun havadarlarına bir daha səsləndi: “…mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın”.

Dünya təcrübəsinə və hərb tarixinə nəzər saldıqda görünür ki, silahlı qüvvələrin gücünü, döyüş qabiliyyətini müəyyən edən mühüm faktorlardan biri vətənpərvərlik ruhudur. Xüsusilə də, bu, müharibə şəraitində yaşayan ölkə və xalqlar üçün mühüm əhəmiyyətə malikdir. Ölkəmizin təcrübəsi bu baxımdan müsbət nümunə kimi çıxış edir. Sevindirici haldır ki, Azərbaycan Silahlı Qüvvələrində sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünəinam, güclü vətənpərvərlik hissləri hökm sürür. Bu səbəbdən cəmiyyətimiz Azərbaycan Ordusuna vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin müəllimi-Səidə Tağıyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki