Türkiyə Cümhuriyyəti AK Partiya Osmaniye Şəhər Millət vəkili Mücahit Durmuşoğlu, AK Partiya Osmaniye İl Başqan Yardımçısı Doktor Mustafa Gürlek, Türkiyə Cümhuriyyətinin Bakı səfirliyinin Baş Ticarət müşaviri Yakup Sefer, Kənd təsərrüfatı müşaviri Hakan Gencer, Gömrük müşaviri Əhməd Erdal və türkiyəli iş adamları Salyan şəhərində olublar.
Qonaqlar əvvəlcə Salyanın Qaraçala qəsəbəsində Şəhidliər Xiyabanını ziyarət ediblər. Burada şəhidlərin məzarı üstünə Türkiyə və Azərbaycan bayrağı qoyulub, qərənfil düzülüb. Sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar oxunub. Ziyarətdən sonra qonaqlar türkiyəli iş adamı Özay Göküşə aid olan “Taşobası” MMC Pambıq Emalı Zavodunda görülən işlərlə tanış olublar.
Onlar burada istehsal şəraiti ilə yaxından tanış olaraq, iş prosesini yaxından izləyiblər. Özay Göküş isə öz növbəsində Azərbaycanda pambıqçılığa dövlət dəstəyindən söz açıb. Millət vəkili Mücahit Durmuşoğlu zavodda mahlıcın ipliyə çevrilməsi üçün iplik fabriklərinin yaradılmasına dəstək verəcəyini söyləyib. O bildirib ki, Salyana gəlməkdə məqsəd türkiyəli iş adamlarının biznes potensialının daha da genişləndirilməsi və bu biznesin çoxşaxəli investisiyalara yönəltməkdir. Bütün bunlar isə Salyanda əlavə 1400 nəfərlik iş yerlərinin açılması deməkdir.
Səmil Şahlaroğlu