image-qanunla-reklam
image-1667308670_0c02a69e-2587-4fab-918e-0d438f243d7b

Şamaxıda məlum qanunsuzluğa göz yuman qurumlar hardan təlimatlanırlar?-VİDEO

image-lady-day-az

“DogruXeber.az” olaraq, bildiririk ki, artıq bir ay olar ki, agentliyimizin tərkibində fəaliyyət göstərən “Kanal14” YouTube kanalında Şamaxı rayon Böyük Xınıslı kəndində baş verən, eyni zamanda bir çox yerli qurumların xəbərdar olduqları halda, bu gün də göz yumduqları qanunsuzluq halları barəsində məlumatlar yayımlanır. Həmçinin, mövcud durumdan şikayətçi kənd sakinləri ilə “Kamalın zamanı” proqramında müzakirələr aparılır.

Daimi izləyicilərimiz yəqin ki, məsələdən xəbərdardırlar, yeni izləyicilərimizin diqqətinə çatdırmaq üçün qısaca məlumat verək ki, təqribən iki ay əvvəl bir qrup Xınıslı sakinləri “DogruXeber.az” informasiya agentliyinə bir neçə nəfərin imzası olan ərizə ilə müraciət ediblər.

Müraciətdə bildirilirdi ki, “Şamaxı rayon Böyük Xınıslı kəndinin girişində, yol kənarındakı təqribən 10 hektara yaxın örüş sahəsini keçirilən ilk bələdiyyə seçkilərində seçilmiş və 10 il Bələdiyyə sədri işləmiş Məlikməmməd Ağahüseyn oğlu Quliyev müxtəlif yollarla oğlunun və nəvəsinin adına rəsmiləşdirmişdir. Artıq, Məlikməmməd Quliyev rəhmətə gedib.

Bir müddət əvvəl isə sözügedən ərazidə əslən Şamaxı rayonundan olan Rusiyalı bir iş adamı Şamaxı şəhidlərinin adlarının əbədiləşdirilməsi məqsədilə şəxsi büdcəsi hesabına həmin ərazidə istirahət parkı saldırmaq istəyir. Lakin, keçmiş bələdiyyə sədrinin övladları “ora bizimdir” deyib, buna mane olurlar.”

Redaksiyamıza müraciət daxil olan kimi məsələni yerində araşdırmaq üçün Şamaxı rayonunun Böyük Xınıslı kəndinə yollandıq. Deyilən ərazidə olduq. Həqiqətən də hektarlarla boş torpaq sahəsinin (setqa) çəpərə alındığının və hətta yerli sakinlərin mərhum bələdiyyə sədrinin övladları tərəfindən zəbt edildiyini iddia etdikləri ərazidə bir neçə tikintinin olduğunun da şahidi olduq.

Düşündük ki, yəqin bütün bu “qanunsuz görüldüyü” iddia edilən işlərdən yerli İcra Hakimiyyəti və digər dövlət idarələri məlumatsızdır. Odur ki, ilk üz tutduğumuz ünvan bələdiyyə idarəsi oldu.

Hazırkı bələdiyyə sədri Rövşən Yolçuyev ilə məsələni qarşılıqlı müzakirə etdik. Rövşən Yolçuyev söhbət əsnasında bildirdi ki, “Məsələdən xəbərdaram. Bizim araşdırmalarımız zamanı bizə məlum oldu ki, keçmiş bələdiyyə sədri Məlikməmməd Quliyevin övladlarının adına ümumilikdə 42 hektardan çox müxtəlif təyinatlı torpaq sahələri mövcuddur. Parkın tikintisi üçün nəzərdə tutulan və (setqa) çəpərə alınan ərazi isə 99 illik icarə müqaviləsi ilə rəhmətliyin oğlu Elxan Quliyevin adınadır. Yəni, onların əlində bilmirəm hansı yollarla əldə ediblər, amma əsaslı sənədləri var”.

Sən demə qos-qoca bələdiyyə sədrinin “əsaslı sənəd” dediyi şey, texniki sənəd – kadastr imiş ki, heç o sənədin də necə əldə edildiyi barəsində aidiyyatı qurumlar da baş aça bilmir.

Əlqərəz…

Maraqlıdır ki, nə İcra Hakimiyyəti, nə də bələdiyyə sözügedən ərazinin bütünlükdə keçmiş sədrin övladlarının olduğunu sübut edə bilmirlər, amma hər ikisi də o şəxslərin həmin torpağa dair sənədləri olduğunu iddia edirlər.

Yeri gəlmişkən, məsələ ilə bağlı biz aidiyyatı üzrə Ədliyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və baş prokurorluğa belə rəsmi müraciətlər, lazımi məlumatları göndərmişik.

İlk olaraq, yerli Bələdiyyədən cavab gəldi ki, “Arxivdə sözügedən torpağın, iddiaçı şəxslərə aid olduğunu təsdiq edən hər hansı rəsmi sənəd tapılmadı. Lakin, həmin şəxsin adına 2 hektar torpaq sahəsinə aid kadastr sənədi, 6 hektar örüş sahəsinə aid isə 99 illik icarəyə verilməsi barəsində sənəd var”.

Telefonla danışdığımızda isə hazırkı bələdiyyə sədri Rövşən Yolçuyev deyir, “Mən oturub 2000-ci ili araşdıranam, görüm o sənədlər necə verilib?!”.
Deyəsən, hörmətli bələdiyyə sədri Rövşən müəllim vəzifəsini yanlış anlayıb.
Hörmətli sədr, məlumunuz olsun ki, bələdiyyənin işi təkcə pul yığmaqdan ibarət deyil.

Qaldı İcra Hakimiyyətinə, biz Şamaxı şəhərində olduğumuz zaman İcra Hakimiyyəti başçısı Tahir Məmmədovla görüşüb, məsələni şəxsən diqqətinə çatdırdıq. Tahir müəllimin ilkin reaksiyasından bizə elə gəldi ki, məsələyə həssas yanaşır.
Hətta, orada bizdən nəzərdə tutulmuş istirahət parkının layihəsini təqdim etməyimizi də istədilər. Ertəsi gün layihə İcra Hakimiyyətinə təqdim edildi.

Hər iş lazımi formada cərəyan edərkən, birdən-birə yenə “fələyin çərxi döndü”.
İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində müdir müavini Rəşad Əliyev açıq-aşkar hər kəliməsində birtərəfli mövqe sərgiləməyə başladı. Deyəsən, Tahir müəllim, bizi yola saldıqdan sonra, işçilərinə “necə istəyirsiniz, elə edin” deyib ki, işçiləri də bundan “ürəklənib” birtərəfli mövqe tutublar.

Qeyd edək ki, məsələyə qanunlara əsasən obyektiv yanaşan yeganə tərəf yalnız Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin müdiri Ağa müəllim idi. Ağa müəllim İqtisadiyyat Nazirliyinə müraciətimizdən qısa müddət sonra bizimlə telefon əlaqəsi saxlayıb, daha ətraflı məlumat aldıqdan sonra bildirdi ki, “Kadastr texniki sənəddir. Araşdırıb, sözügedən torpaq sahəsinin təyinatını və kimə aid olduğunu öyrənəcəyik. Əgər, həmin ərazinin keçmiş bələdiyyə sədrinin övladlarına aid mülkiyyət sənədi, həmçinin torpaq təyinatının örüş sahəsi olduğu aşkar edilərsə, bu barədə qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.”

Lakin, artıq, bir neçə gün gündür ki, Ağa müəllim də telefonlarımıza cavab vermir. Bilmirik tərəf tutmağı qərara aldı, yoxsa “yuxarı”dan “əmr aldı” ki, qanuni prosedur qaydalarını qatlayıb qoydu kənara və susdu.

Qeyd edək ki, yuxarı deyərkən, mərhum bələdiyyə sədrinin yüksək vəzifələrdə çalışan qohumluq əlaqələrini işarə etdik. Çünki, etibarlı mənbədən redaksiyamıza verilən məlumata görə, artıq mövcud məsələlərdə Anar Ələkbərovun adı hallanır.

Mənbə deyir ki, “Anar Ələkbərovun Şamaxı rayon ərazisindəki müəyyən işlərini qeyri-rəsmi olaraq, Şamaxı rayon sakini Ceyhun adlı şəxs idarə edir. Həmin Ceyhun adlı şəxsin isə mərhum bələdiyyə sədri Məlikməmməd Quliyevin kürəkəninin qardaşı ilə müəyyən münasibətləri və iş birlikləri var.”

Əlqərəz…

Araşdırmalar nəticəsində məlum oldu ki, həmin torpaq sahəsinin mülkiyyətçisi dövlətdir və örüş sahəsidir.
Lakin, yerli sakinlər tərəfindən redaksiyamıza məlumat verildi ki, həmin ərazidə artıq, əsaslı tikinti başladılıb. Mərhum sədrin mülkiyyətçi olduqlarını iddia edən övladları orada bulaq tikdirir.
Adını da qoyurlar “şəhidlərin xatirəsinə tikdiririk”.

Maraqlı sual yaranır, madam şəhid xatirəsi bu qədər önəmli idi, o zaman şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün nəzərdə tutulmuş çox gözəl, böyük park layihəsinin salınmasına niyə mane olunurdu??
Bəlli ki, bulaq da gözdən pərdə asmaq üçün düşünülmüş addımdır. Lakin, o da hazırkı vəziyyətdə qanunaziddir.

Örüş sahəsində əsaslı tikinti.

Bəli, İcra Hakimiyyətində Memarlıq və Tikinti şöbəsinin müdiri- baş memar Ceyhun Əbilhəsənov bu dəfə də mövzuya qəribə yanaşdı.
Gah dedi, “Xəbərim yoxdur, məlumat daxil olmayıb”, gah da dedi, – “Əsaslı tikinti deyil, bulaq tikilir”.
Sual verdik, “Siz bilirsiniz əsaslı tikinti nədir?”

Deyir, – “Mən nə deyə bilərəm, onlara 99 illik icarəyə verilib də”.

Baxın, örüş sahəsində təməl qoyulub, əsaslı tikinti başladılıb. Hətta, başa çatmaq üzrədir. İcra Hakimiyyətinin məsul şəxsi deyir, “Mən nə deyə bilərəm?!”

Sizcə icra məmuru hansı halda qanunsuz işləri belə rahatlıqla dəstəkləyə bilər?

P.S: Qeyd edək ki, yuxarıda bəhs etdiyimiz məsələ barəsində hələ də araşdırmalar və mübahisələr davam edir. Aidiyyatı qurumların duruma müdaxilə və qanuni araşdırma aparmaq üçün görəvləndirdiyi şəxslər isə hələ də bizə məlum olmayan səbəblərdən məsələnin Məlikməmməd Quliyevin övladlarının xeyrinə yönləndirmək üçün əllərindən gələni əsirgəmirlər.

Mövzu diqqətimizdədir və təkrar qayıdacağıq. Növbəti yayımlarımızda isə saxta olduğu iddia edilən sözügedən torpaq sənədlərinin hansı yollarla və kimlərin vasitəsilə əldə edildiyi barəsində ilginizi çəkəcək məlumatları diqqətinizə çatdıracağıq..

Elə İcra Hakimiyyətinin “qanunsuz” olduğu iddia edilən məsələlərə bucür laqeyd olması, sakinlərin barələrində niyə narazı olduqlarının sözsüz izahıdır desək yerinə düşər.

“Kanal14” kanalında “Kamalın zamanı” proqramında öz narazılıqları ilə çıxış edənlər arasında Şamaxı rayonunun Çıraqlı kəndi də var. Hansı ki, həmin kəndin sakinləri da su və yolsuzluq problemi ilə kənd camaatının çoxunun köçüb getdiklərini deyirdilər.

Çıraqlı sakinlərinin etiraz səsləri yayımlandıqdan sonra, Şamaxı rayon İcra Hakimiyyəti ilə Şamaxı rayonunu Milli Məclisdə təmsil etməli olan Tamam Cəfərovanın köməkçisi Aytəkin xanımla da telefon əlaqəsi saxlayıb, məsələni şəxsən də diqqətlərinə çatdırdıq.

İcra Hakimiyyəti bildirdi ki, “Maliyyə olarsa növbəti ildə yol çəkiləcək, su üçün isə işləmlər başlayıb, yarıya qədər su xətləri çəkilib, maliyyə olmadığı üçün yarım qalıb”.

Sakinlər isə deyir, “Bəli. Əvvəl də dəmir su xətləri var idi. Lakin, su yox idi. Biz dəfələrlə müraciət etdikdən sonra, həmin xətləri söküb satdılar, puluna kapron borular alıb quraşdırdılar, o da yarım qaldı. 20 ildir bizə “olacaq ” deyib, gözlədirlər. Axı nə vaxt olacaq?”

Aytəkin xanım isə bir neçə gün sonra rəsmi cavab göndərdi. Göndərilən cavabda deyilir ki, “Sakinlərin iddiası əsassızdır, çünki Tamam xanım mütəmadi olaraq Şamaxı rayon sakinləri ilə görüşlər keçirir “.

Çıraqlı sakinləri deyir, “Tamam xanımı seçkiqabağı təbliğat üçün kəndimizə gələndə görmüşük, onda da dedi “Siz məni seçin, mən bu məsələni qurumlar qarşısında qaldıracam “. Səs verdik, seçdik, vəssalam. Sonra Tamam xanımı bir də görmədik.”

Daha sonra Aytəkin xanım yazır ki, “2023-cü ildə Şamaxı rayonunun Böyük Xınıslı, Çıraqlı və digər bəzi kəndlərinə yol çəkilməsi nəzərdə tutulub”.

Bu cavabdan da belə çıxır ki, sakinlər həqiqətən haqlıdırlar. Tamam xanımın təmsil etdiyi rayondan heç xəbəri yoxmuş. O bilmir ki, Böyük Xınıslı kəndinin yolları bu ilin birinci yarısında çəkilib və bir neçə aydır ki, istifadəyə də verilib.

Redaksiyamıza müraciət edib, “Kanal14” YouTube kanalımızda narazılıq edən daha bir Şamaxı sakini də Adil Bəkirovdur.

Adil Bəkirov canlı yayımda ölkə başçısına müraciət edərək deyir, “Cənab prezident, sizin bura təyin etdiyiniz icra başçısı oturmağa gəlməyib. Onlar vətəndaşlara xidmət etməlidir. Mən dəfələrlə problemlərimlə bağlı icra hakimiyyətinə müraciət etsəm də baxılmır. Şamaxı rayon İcra Hakimiyyətində vətəndaşlar sayılmır “.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki