image-qanunla-reklam
image-img_20221026_074744

Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır

image-lady-day-az

Tarixi Zəngəzur bölgəsinin qapısı sayılan Qubadlı rayonu Qarabağ silsiləsinin cənub-şərqində Bərgüşad və Həkəri çayları hövzəsində yerləşir.XIX-XX əsrin əvvəllərinə aid arxiv sənədləri, eləcə də çar Rusiyasının mövcud olduğu dövrdə tərtib edilmiş statistik hesabatlar Qubadlı ərazisinin yerli əhalisinin Azərbaycan türkləri olduğunu təsdiq edir. Erməni işğalından əvvəl də rayon əhalisi bütünlüklə azərbaycanlılardan ibarət olub, ərazisində heç bir erməni yaşamayıb.

Qubadlı rayonu 1988-ci il noyabrın 24-də ilk şəhidini verdiyi gündən 1993-cü il avqustun 31-də erməni işğalına məruz qaldığı tarixədək düşmənə qarşı qəhrəmancasına mübarizə aparıb. İşğaldan keçən 27 il ərzində rayon ərazisində ictimai binalar, yollar, körpülər, həmçinin tarixi və mədəni abidələr demək olar ki, bütünlüklə ciddi dağıntılara məruz qalıb. Qubadlı şəhəri və rayonun əksər kəndləri işğal edildiyi gündən erməni vandalları tərəfindən dağılıb və yandırılıb.İşğal dövründə Qubadlı rayonu ərazisində yüzdən artıq tarixi və mədəni abidə erməni vandalları tərəfindən məhv edilib. Qubadlı Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan 5 mindən çox nadir eksponat talan edilib. Onlarla tarixi abidə dağıdılıb, yandırılıb, dini abidələr donuz tövləsinə çevrilib, bir sözlə mənfur ermənilər Qubadlı rayonu ərazisində azərbaycanlıların izini sübut edən nə varsa hamısını məhv etməyə çalışmışlar. Qubadlı rayonunun erməni işğalı altında olduğu dövrə aid video və foto görüntüləri bunu əyani olaraq bir daha sübut edir.
Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı və 44 gün davam edən əks-hücum əməliyyatlarının 29-cu günü, oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edildi. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Ermənistan silahlı qüvvələrinin Qubadlı şəhərinin girəcəyində hərbi baza yaratması səbəbi ilə Qubadlı şəhərini azad etmək o qədər də asan olmayıb. Qubadlını azad etmək üçün ilk növbədə ermənilərin istehkamları məhv edilərək bəzi yüksəkliklər ələ keçirilib. Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirib.Zəngəzur dağları ilə Qarabağ silsiləsi arasında yerləşən Qubadlı şəhəri işğaldan azad olunan dördüncü böyük yaşayış məntəqəsi idi. Qubadlı Laçın dəhlizinə gedən rayondur. Şəhərin azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılıb, Azərbaycan Silahlı Qüvvələri Laçın dəhlizi istiqamətində irəliləməyə başlayıb.
Hazırda Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər.
Vətən müharibəsində şanlı Qələbəmizin əsas memarı olan Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdə başlanan bərpa işlərini də şəxsi nəzarətində saxlayır. Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi və logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Şəhər şimal (Kəlbəcər) və cənub (Zəngilan) xidmət, istehsalat şəbəkələrinin bağlantı nöqtəsi olmaqla, kənd təsərrüfatı, sənaye sahələrinin birgə inkişaf etdiriləcəyi, innovativ iş yerləri, bağçılıq imkanları üzrə tədris kampusuna malik, eləcə də su mənbələrinə həssas yanaşmaların təşəkkül tapdığı ekoloji dayanıqlı rayon mərkəzi kimi formalaşdırılacaq. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır. Qubadlının baş planına əsasən şəhərin mərkəzi hissəsində evləri, iş yerlərini, istirahət, əyləncə və mədəni fəaliyyəti, sosial obyektləri bir mühitdə cəmləyən əlverişli şəraitin yaradılması planlaşdırılır. Şəhər üzrə tikinti sıxlığı mərkəzdən kənarlara doğru azalacaq. Orta mərtəbəli çoxmənzilli yaşayış binaları və ictimai tikililər mərkəzi hissədə, daha kənarlara doğru isə azmərtəbəli binalar və həyətyanı sahələrə malik fərdi evlər yerləşdiriləcək.Şəhər ərazisində ümumi məşğulluğun təmin edilməsi bir neçə istiqamətdə aparılacaq. Yaxın 20 illik perspektiv üçün Qubadlıda bitkiçilik və ekoloji kənd təsərrüfatı, balıqçılıq və balıqyetişdirmə, müasir sənətkarlıq, yüngül sənaye, təbiət əsaslı aqroturizm və digər sahələrin inkişafı planlaşdırılır. Beləliklə, şəhərin memarlıq simasının formalaşmasında müasir və ənənəvi elementlərin vəhdətindən istifadə ediləcək, yaşıl şəhər obrazı yaradılacaq.
Qubadlı İşğal və Zəfər muzeyləri kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntılardan ibarət Memorial Parkdan ibarət olacaq. Kompleks təxminən 3 hektar ərazini əhatə edəcək. Bu ərazi çox strateji mövqedədir, əsas yol şəbəkəsinə və nəqliyyat qovşağına yaxındır. Həmçinin Həkəri çayını əhatə edən təbii yaşıllıq zolağının bir hissəsi kompleksin ərazisinin şimal hissəsini təşkil edəcək, bu da öz növbəsində kompleksin heyrətamiz təbii mühitdə inşasına imkan yaradacaq. Çayın bir hissəsi kompleksin ərazisindən keçdiyi üçün Zəfər Muzeyi və İşğal Muzeyinin gözəl mənzərəli körpü vasitəsilə simvolik olaraq bir-biri ilə əlaqələndirilməsi nəzərdə tutulur.Həkəri çayı üzərində salınan Laləzar körpüsü kimi bir çox qədim körpülər və Qubadlı ərazisində aşkarlanan daş qoç fiqurlarında təsvir olunan spiralvari buynuzlar layihə konsepsiyasınınəsas ilham mənbəyini təşkil edir. İşğal Muzeyinin binası kiçik çayın sağ sahilindən yüksələn spiralvari yoldan başlayır. Bu yol binanın sahəsi boyunca spiral şəklində fırlanır, sonra çayın üzərindən davam edərək gözəl mənzərəli körpüyə çevrilir və çayın sol sahilində Zəfər Muzeyinə birləşərək spiralvari pilləkəndə tamamlanır.
30 il bundan əvvəl bu torpaqları göz yaşı ilə tərk etməyə məcbur olan soydaşlarımız indi fərh və sevinc hissilə öz dədə-baba yurdlarına dönəcəklər. Bu bölgələrdən çəkilən yollar isə digər şəhər və kəndlərimizin yollarına qovuşaraq bütöv Azərbaycanımızın daha sürətli inkişafına misilsiz töhfələr verəcəklər.

Həsən Abdullayev,
Salyan rayon Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, YAP fəalı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki