image-qanunla-reklam
image-1635231805_pakistan_jf-17_modified

Qarşılayın, Azərbaycanın yeni qırıcıları – İsrailin də işlətdiyi “Səma Ferrari”ləri

image-lady-day-az
Ədalət Verdiyev vurğulayıb ki, qırıcıların alınması uzun müddət davam edən təhqiqatlar, araşdırmalar tələb edən bir prosesdir və sıradan bir addım deyil.
Azərbaycan yaxın gələcəkdə yeni hərbi təyyarələr alacaq. Bunu Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov açıqlayıb.
O bildirib ki, artıq bu istiqamətdə danışıqlar aparılır: “Ekspertlər tərəfindən bizə təqdim edilən təyyarələrin imkanları öyrənilib. Yəqin ki, yaxın gələcəkdə ictimaiyyət hansı təyyarələrin alınacağını biləcək”.
Zaman-zaman mediada Azərbaycanın yeni qırıcı təyyarələr alacağına dair məlumatlar yayılır. Mediada alınacaq təyyarələrin Pakistan-Çin birgə istehsalı olan “JF-17 Thunder” (İldırım) olacağı bildirilsə də, hələ də bu məsələdə konkretlik yoxdur. Lakin komandanın son açıqlaması Azərbaycan HHQ üçün yeni təyyarənin alınması prosesinin artıq yekunlaşmaq üzrə olduğunu göstərir. Bəs Azərbaycan haradan və hansı qırıcı təyyarələri alacaq? Sputnik Azərbaycan məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrənib.
Ədalət Verdiyev qeyd edib ki, böyük ehtimalla Azərbaycan yaxın perspektivdə İtaliyadan M-346 tipli təlim-döyüş təyyarələri alacaq: “Hələ 2018-ci ildə III “ADEX-2018” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində “Leonardo” şirkətinin satış üzrə təmsilçisi Françesko Molinari söhbət zamanı mənə şirkətin Azərbaycan Hərbi Hava Qüvvələri ilə M-346 təlim döyüş təyyarələrinin alınması barədə danışıqlar apardığını bildirmişdi. Daha sonra bu şirkətin rəsmiləri ilə Azərbaycan Prezidenti arasında görüşlər baş tutmuşdu”.
Ekspert bildirib ki, azərbaycanlı pilotlar daha əvvəl iki dəfə İtaliyada yerləşən aviabazada bu qırıcıları sınaqdan keçiriblər.
“Bu təlim-döyüş təyyarələri öz texniki uçuş xüsusiyyətlərinə görə bütün analoqlarından daha üstündür. Onların qənaətcil və daha yüksək sürətə malik olması əsas üstün keyfiyyətlərdən biri hesab edilir. Bəzən M-346 təyyarələrini öz sinfinin “Səma Ferrari”si də adlandırırlar”.
Ədalət Verdiyev bildirib ki, İtaliyanın “Leonardo” şirkəti 30 ədəd M-346 qırıcısını İsrailə satıb: “İsrail Ordusunun hər hansı bir hərbi texniki vasitəni əldə edərkən ona qarşı irəli sürdüyü tələblərin nə qədər ciddi olduğu hər kəsə məlumdur. Əgər davamlı olaraq müharibə şəraitində olan İsrail “Leonardo” istehsalı təyyarəyə üstünlük veribsə, deməli, ondan üstün ola biləcək digərini tapa bilməyiblər”.
Hərbi ekspert bildirib ki, Azərbaycan Pakistan və Çinin birgə istehsalı olan “JF-17 Thunder” təyyarələri ilə də maraqlanıb: “Bu təyyarələrin alınıb, gətirilməsi, müqavilənin imzalanacağına dair məlumatlar həmişə olub. Lakin M-346-dan fərqli olaraq Pakistan tərəfi ilə belə bir müqavilə imzalanmayıb. İtaliya ilə isə M-346-nın alınmasına dair müqavilə imzalanıb və onların Azərbaycana çatdırılması üçün istehsal prosesi davam edib”.
Ədalət Verdiyev vurğulayıb ki, qırıcıların alınması uzun müddət davam edən təhqiqatlar, araşdırmalar tələb edən bir prosesdir və sıradan bir addım deyil. Bu, istehsalçı və idxalçı arasında ən azı yaxın 30 ildə münasibətlərin perspektivi nəzərə alınmaqla həyata keçirilir.
M-346-nın texniki xüsusiyyətləri
“Alenia Aermacchi M-346 Master” İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi məqsədlər üçün istifadə olunan reaktiv təlim-məşq təyyarəsidir. Əvvəllər Rusiyanın “Yakovlev” şirkəti ilə birlikdə istehsalı planlaşdırılsa da, 2000-ci ildə tərəfdaşlığın ləğv olunmasından sonra “Alenia Aermacchi” şirkəti M-346 təyyarəsini ayrılıqda istehsal etməyə başlayıb. 2016-cı ildə “Alenia Aermacchi”nin “Finmeccania” şirkətinə birləşməsindən sonra əsas istehsalçı 2017-ci ildən etibarən “Leonardo” şirkəti adlanır.
Qırıcının ekipajı iki nəfərdir. Təyyarənin uzunluğu 11,49 m, qanad uzunluğu 9,72 m, hündürlüyü 4,76 m, qanadının sahəsi 23,52 m², boş çəki 4,610 kq, yüklü çəki: 6,700 kq, maksimum qalxma çəkisi: 9,500 kq-dır. Təyyarə, həmçinin xarici asmalarda 3000 kq ağırlığında raket və ya aviabomba daşıya bilər. Təyyarənin ilk uçuşu 2004-cü ildə həyata keçirilib. Hazırda İtaliya, İsrail, Sinqapur və Polşanın hərbi hava qüvvələri tərəfindən istismar olunur.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki