image-qanunla-reklam
image-qarabag7

Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb

image-lady-day-az

Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb.

Bölgəni gərginlikdən xilas etmək, işğalın acı nəticələrini aradan qaldırmaq, münasibətləri normallaşdırmaq, sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün Azərbaycan səylə çalışır. Vətən müharibəsi başa çatandan dərhal sonra qalib ölkə olan Azərbaycan sülh təkliflərini irəli sürdü. Amma bundan müxtəlif bəhanələrlə yayınan yenə də təcavüzkar ölkə oldu. Məğlubedilməz hesab etdiyi işğalçı ordusu məhv edildiyi üçün bu dəfə havadarlarının köməyinə ümid edirdi. Düşünürdü ki, vaxtı uzatmaq, “dostlarının” Azərbaycana telefon zəngləri ilə, bəlkə də, nəyəsə nail ola bilər. Hətta hərbi təxribatlara belə gedir, qaçmaqla canını güclə qurtarmış fərari əsgərlərini Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisindən çıxarmırdı, müxtəlif formalarda separatçılara dəstək göstərirdi. Baxmayaraq ki, kapitulyasiya aktında bununla bağlı öhdəliklər götürmüşdü. Açıq görünürdü ki, “Dəmir yumruq” işə düşməsə, qarşı tərəf bunları edən deyil. Odur ki, Azərbaycan öz ərazisində – Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başladı və qısa vaxt ərzində başından çox-çox böyük danışan düşmənin dizini yerə qoydu.

Antiterror tədbirləri Ermənistana böyük dərs olmalıdır. Anlamalıdırlar ki, sülhə gəlməkdən başqa yolları qalmayıb, heç bir çirkin niyyətlərinə nail ola bilməyəcəklər. Həm də başa düşməlidirlər ki, yuvarlandıqları ağır iqtisadi-siyasi böhrandan yeganə çıxış yolu qalib ölkə ilə – Azərbaycanla sülhə gəlməkdir. Əks təqdirdə üzləşdikləri böhranın daha dərin qatlarına enəcəklər. Ötən gecə dövlətimizin başçısı cənab İlham Əliyev xalqa müraciətində bildirdi ki, Qarabağda yaşayan erməni əhalisi də rahat nəfəs ala bilər. Bununla bağlı qeyd edim ki, separatçı rejim uzun illər idi yerli erməniləri istismar edir, girovluqda saxlayır, bir sözlə, dünyadan təcrid etmişdi. Azərbaycanın antiterror tədbirləri nəticəsində onların xoşbəxt gələcəyi üçün qarşılarında yeni imkanlar açılıb. Bunun üçün onlar separatçıların düşmənçilik aşılayan təbliğatını unutmalı, Azərbaycan vətəndaşlığını qəbul etməli, qanunlarımıza tabe olmalıdırlar. Bilməlidirlər ki, yaşadıqları yer Azərbaycan ərazisidir. Əgər bunları kimsə qəbul etməyəcəksə, Azərbaycan tərəfi onlar üçün başqa seçim yeri də qoyub.

Prezident cənab İlham Əliyev müraciətində bildirdi ki, Azərbaycanın niyyəti sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Reallıq ortadadır: əsrlər boyu Azərbaycan tolerantlıq məkanı kimi dünyaya səs salıb. Ayrı-ayrı xalqların nümayəndələri, başqa dinlərə mənsub olanlar ölkəmizdə mehriban bir ailə kimi xoşbəxt yaşayırlar. Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur və etnik-mədəni müxtəliflik qorunub saxlanılır. Odur ki, Azərbaycan ərazisində xoşbəxt və firavan yaşamaq üçün erməniəsilli sakinlər üçün heç bir problem yoxdur .

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – Əvəz Soltanov

 

 

Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır.

Prezident cənab İlham Əliyev sentyabrın 20-də xalqa müraciət edərək antiteror tədbirlərinin başlanma səbəbləri və nəticəsi barədə məlumat verib. Müraciət məzmun və  xarakterik cəhətdən humanizmə söykənib. Xüsusilə müraciətdə ölkəmizin başçısı Qarabağda yaşayan erməni əslli vətəndaşlara  yeni bir şans verildiyini bildirib: «Əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul ediləcək. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa və gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir… İndi isə əminəm ki, bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər.»

Ali Baş Komandanımız müraciətində bir daha vurğulayıb ki, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır: «Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur.»

Ölkəmizin başçısı müraciətində erməni xalqına və Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına daha bir humanist çağırış edib və onları inandırmağa çalışıb ki, bütün haqsızlıqlara, kriminal Ermənistan rejimi tərəfindən törədilmiş bütün cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq: «Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar.» Bəli, ordumuzun bir günlük lokal antiterror tədbirlərində tarixi Qələbəsinin yaratdığı reallıqlar ölkəmizə yeni geosiyasi üstünlüklər vəd edir. Xüsusilə revanşist ermənilər və onların havadarları artıq dalana dirənmiş vəziyyətdədirlər. Ancaq buna baxmayaraq hələ də bölgədə pozuculuq hərəkətlərini davam etdirməyə çalışırlar. Prezident müraciətində onlara da həddini belə bildirb:  «Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər – nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik.»

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – Bahar Qurbanova

 

 

İşğaldan azad olunmuş bütün ərazilər inkişaf olunacaqdır.

20 sentyabr 2023-cü ildə televiziya ilə Azərbaycan xalqına müraciət edən dövlət başçımız cənab  İlham Əliyev «Bizim şərtlərimizi dünən mənə zəng etmiş Amerika Birləşmiş Ştatlarının Dövlət katibinə çatdırmışdım. Məndən soruşuldu ki, antiterror tədbirlərini dayandırmaq üçün nə lazımdır? Mən dedim ki, Ermənistan ordusunun bizim ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks-təqdirdə sona qədər gedəcəyik və düşmən bizim gücümüzü də, qətiyyətimizi də yaxşı bilir» söyləməklə əlavə olaraq bildirib ki, Ermənistanın baş naziri əgər vaxtilə «Qarabağ Ermənistandır və nöqtə»” deyirdisə, indi «Qarabağ Azərbaycandır”» deyir. Nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Yevlax şəhərində Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri ilə  və Qarabağdakı erməni icmasının nümayəndələrinin görüşü zamanı isə artıq gələcəkdə Azərbaycanın Konstitusiyasına uyğun görüləcək işlər, birgəyaşayış üçün lazımi şərtlər geniş müzakirə olundu. Bu görüş fəaliyyətləri bölgəyə turist səfərlərini xatırladan  artıq dəfn edilmiş ATƏT-in Minsk qrupunun 30 illik «xidmətlərindən» daha səmərəli və tərəflər üçün əhəmiyyətlidir, qanunauyğundur.

Bu görüşün keçirilməsi ilə Zəngəzur dəhlizinin açılmasını istəməyən Ermənistanın , İranın, Fransanın və digər erməni havadarlarının bəhanələrinə də son qoyulacaq. Prezident cənab İlham Əliyevin «İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir. Ona görə bizim təklifimiz budur və bu gün dönüş nöqtəsi idi. Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar!» sözləri haylara və havadarlarına daha bir qulaqburmasıdır. Separatçıların ağ bayrağı isə Zəngəzur dəhlizinin yolunda dalğalanacaq «yaşıl bayrağın» müjdəçisidir.Fransızsayaq dəstəkçilərin, bölgədən uzaqda olsalar da Cənubi Qafqazdakı hadisələrə müdaxilə edənlərin erməni xalqından vasitə kimi istifadə eğmələrinin yaratdığı mənzərə göz qabağındadır. Öz maraqları naminə haylara «dəstək verən» Qərbin korrupsiyalaşmış siyasətçilərinin saxtakarlıqları beynəlxalq təşkilatların fəaliyyətində, əsassız qətnamələrin qəbulunda da hiss olunur.
«Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!» söyləyən Prezident İlham Əliyev qətiyyətli dövlət başçısı kimi araqarışdıranların bölgəmizdən kənarda durmalarını tələb edir. Separatçıların təslim olub, silah-sursatlarını təhvil vermələri ümidlər yaradır ki, Azərbaycanla və Ermənistan öz aralarındakı bütün problemləri ədalət, beynəlxalq qanunlar, tarixi faktlar əsasında tənzimləyəcək, sülh müqaviləsi imzalanacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Eyni zamanda, bölgədə vəziyyəti gərginləşdirməyə çalışanlara bildirilir ki, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər üçün «dəmir yumruq»” yerindədir və hər zaman yerində olacaq! «Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!» Dövlət başçımızın bu sözləri makronlara, mollakratiyalara, ümumiyyətlə qıraqda durub ortalığı qarışdıran hər kəsə son, qəti, cəsarətli xəbərdarlıqdır.

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Ehtiram Osmanov

 

 

 

Azərbaycan hər zaman məsuliyyətli mövqe sərgiləyib.

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğur əldə etdi və strateji hədəflərə tam nail olundu. Prezident cənab  İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində antiterror tədbirləri nəticəsində hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini bildirib: “Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır”.Ən əsası odur ki, Silahlı Qüvvələrimiz yaşayış məntəqələrinə daxil olmadı. Yalnız kommunikasiyalar və yüksəkliklər nəzarətə götürüldü. Yalnız hərbi hədəflər vuruldu. Həmçinin lokal antiterror tədbirləri zamanı mülki obyektlər, mülki əhali hədəf olmadı.

Əməliyyat başlamazdan əvvəl ölkəmizin başçısı tərəfindən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilib ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməsin və mülki əhali qorunsun. Yüksək dəqiqliyə malik silahlardan istifadə edən hərbiçilərimiz bu tapşırığı yüksək peşəkarlıqla yerinə yetirdi. Dövlətimizin başçısı bildirib ki, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər: “Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir”.Bəli, cox nadir nümunədir ki, bu miqyasda tədbirlər zamanı mülki əhali demək olar ki, zərər görmədi. Hətta BMT əməliyyatlarında belə mülki əhali arasında itki olur. Azərbaycan bir daha bütün dünayaya nümunə göstərdi.

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – Əvəz Soltanov

 

 

Rəsmi İrəvanın mina terrorunun acı fəsadları.

Ermənistanın Vətən müharibəsinin başa çatdıqdan sonra ötən üç il ərzində davamlı olaraq nümayiş etdirdiyi destruktiv mövqeyi, ölkəmizə qarşı mütəmadi olaraq həyata keçirilən hərbi diversiya və terror aktları, siyasi müstəvidə törədilən təxribatlar Azərbaycanı növbəti dəfə öz gücünü göstərmək məcburiyyətində qoydu. Laçın sərhəd-buraxılış məntəqəsi qurulana kimi İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq çox sayda minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Ötən üç il ərzində 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuş və ya ağır yaralanmışdır. Həmçinin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsində qanunsuz məskunlaşmış erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşı, o cümlədən iki mülki şəxs mina terrorunun qurbanı olmuşdur. Bütün bunlara cavab olaraq elə həmin gün Azərbaycan öz legitim hüququndan istifadə edərək Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə antiterror əməliyyatlarına başladı. Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir. Sentyabrın 20-də xalqa müraciət edən Ölkə Prezidenti cənab İlham Əliyev bir daha bütün bu baş verənlərə dair həm ölkə, həm də dünya ictimaiyyətinə ətraflı açıqlamalar təqdim etdi.Azərbaycanın dəmir yumruğu bu dəfə də öz təsirini dərhal göstərdi. Cəmi bir gün davam etmiş döyüşlərin nəticəsində qanunsuz silahlı birləşmələr artıq Azərbaycanın şərtlərini qəbul edərək təslim oldular. Sentyabrın 21-də isə Qarabağda yaşayan erməni icmasının nümayəndələri artıq Yevlax şəhərində rəsmi Bakının təmsilçiləri ilə görüşə gəldilər. Halbuki, dövlət başçımızın ötən dövrdə dəfələrlə etdiyi bu təklif uzun müddət cavabsız qoyulurdu.Öz çıxışında cənab Prezident İlham Əliyevin dediyi kimi, bundan sonra bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilərlər. Bu insanlar da Azərbaycan vətəndaşlarıdırlar. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü və onların beyinlərini zəhərləmişdi. Azərbaycanın niyyəti bölgədə sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır.

 Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Ehtiram Osmanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki