image-qanunla-reklam
image-eff34a37cde9f2317dbf5e94754e5844_800

Qanlı 20 Yanvar faciəsinin 33 ili tamam oldu

image-lady-day-az

Qanlı 20 Yanvar faciəsinin 33 ili tamam oldu

1988-ci ildən başlayaraq ermənilər və havadarları Qarabağın Dağlıq hissəsini Azərbaycandan qoparıb Ermənistana birləşdirmək məqsədilə xalqımıza qarşı qanlı hadisələr törətməyə başladılar. Bu “hərəkatın” xaç atası olan Kreml Azərbaycanın öz əzəli və əbədi torpaqlarını heç kəsə vermək istəmədiyini görəndə xalqımızı cəzalandırmaq qərarına gəldi: Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə sovet qoşunları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və bir neçə rayonumuza yeridildi, dinc əhali müasir silahlarla amansızcasına qətlə yetirildi.

Vəhşilər yığını olan o ordu Fövqəladə vəziyyət elan olunmayan Neftçalada yanvarın 25-də, Lənkəranda yanvarın 26-da 8 nəfəri qətlə yetirdi. Ümumilikdə Respublikamızda 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər həbs olundu, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl maddi ziyan vuruldu. O qanlı qırğını törədən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da vardı. 1990-cı il yanvarın ortalarında əksəriyyəti rus və ermənilər olan 66 mindən çox əsgər və zabit Bakıya gətirilmişdi.

Qanlı “Bakı əməliyyatı”na SSRİ müdafiə naziri Dmitri Yazov, Daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov rəhbərlik edirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Yanvarın 20-də səhər saat 5.30-da Bakı komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə radio ilə rəsmi məlumat verdi. Halbuki, yanvarın 20-də saat 00-dan tanklardan, zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan ediləndən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakıda 21 nəfər öldürülmüşdü.

Bu hadisədən xəbər tutan dünya azərbaycanlıları milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə ilk dəfə olaraq təşkilatlandılar, milli kimliyimizin formalaşması daha da mükəmməlləşdi, milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görməyə başladı, onun Sov.İKP-yə və mövcud rejimə nifrəti son həddə çatdı, azərbaycanlılar kütləvi şəkildə partiya sıralarını tərk etdilər.

Çox təəssüf ki, Moskvanın Bakıdakı rəhbər vəzifəli əlaltıları Abdurəhman Vəzirov, Elmira Qafarova, Müslüm Məmmədov imperiya qoşunlarını dayandırmaq üçün heç bir konkret tədbir görmədilər.

Yalnız ulu öndər  Heydər Əliyev təhlükələrdən çəkinmədən Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə ilk siyasi-hüquqi qiymətini verdi və dedi: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq, həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.

Ulu öndər Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlama tələb etdi və dedi: “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər – 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri var. Ora əlavə qoşun yeritmək nəyə lazım idi? Belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”.

1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Heydər Əliyev qanlı faciənin təşkilatçılarını ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

Ulu öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi, 1994-cü il martın 29-da Milli Məclis məhz Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi, ümummilli liderimizin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.

Ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb, dövlət başçısının Fərmanına əsasən 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği əvvəlki 500 manatdan, 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilib.

İsaməddin Əhmədov – “Əkinçi” qəzetinin redaktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki