image-qanunla-reklam
image-kejy5ovqdrhob2gd6trpytlvasmoxoyvpct50jko

 Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti

image-lady-day-az

Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti

Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. On yeddi il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni lideri İlham Əliyev bu 17 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “güclü dövlət” konsepsiyasına nəzər salır. Məhz bu konsepsiyanın əsasını təşkil edən üç mühüm güc – iqtisadi, siyasi, hərbi güc və onların vəhdəti Azərbaycanın Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi oldu.

Ötən illər həm də onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir.

Ölkəmizin 17 il ərzində keçdiyi yola nəzər salsaq, Azərbaycan iqtisadiyyatının davamlı və dinamik inkişaf etdiyini görərik. Prezident İlham Əliyev praqmatik və çevik siyasəti, sistemli və ardıcıl yanaşması, inqilabi səciyyə daşıyan islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirib, zamanın hər bir çağırışına anında cavab verib. Bu illər ərzində regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib.

Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı üzərində qurulan siyasət nəticəsində ötən 17 il ərzində misilsiz uğurlara imza atılıb. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib. Azərbaycanın qazandığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanır. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Həmçinin “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılıb.

Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib.

Prezident İlham Əliyev bu və digər təşəbbüsləri ilə regionda mühüm əməkdaşlıq platforması yaradıb ki, bu da beynəlxalq ekspertlər tərəfindən bölgənin inkişafında və təhlükəsizliyində mühüm amil kimi qiymətləndirilir.

Bu gün Azərbaycan həm də dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. 2013-cü ildə ilk telekommunikasiya peykimiz “Azerspace-1”, 2014-cü ildə Yer səthini müşahidə edən “Azersky” peyki, 2018-ci ildə isə daha bir telekommunikasiya peyki – “Azerspace-2” orbitə çıxarılıb.

Bütün bunlarla yanaşı, son 17 ildə ölkəmizdə ümumi daxili məhsul 3 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib, strateji valyuta ehtiyatlarımız 50 milyard ABŞ dollarını ötüb. Qeyri-neft sektorunun, kənd təsərrüfatının, metallurgiya sənayesinin, yüngül sənayenin inkişafı istiqamətində atılan mühüm addımlar da öz müsbət nəticəsini verməkdədir.

Beləliklə, dövlətimizin başçısı Azərbaycanda güclü əsaslara malik iqtisadi sistemin qurulmasını təmin edib ki, bu da qüdrətli dövlət quruculuğu istiqamətində ən mühüm komponentlərdən biridir. Təbii ki, məhz Prezident İlham Əliyevin uzaqgörən və praqmatik iqtisadi siyasəti sayəsində Azərbaycanın malik olduğu imkanlar Vətən müharibəsinin qazanılmasında da əsas amillərdən oldu.

 

Soltanova Leyla

Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki