image-qanunla-reklam
image-1693301141-1661514191_ilham

Ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan etmişlər

image-lady-day-az

44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan etmişlər

Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror tədbirlərinə ölkənin aparıcı siyasi partiyaları dəstək Bəyanatı qəbul ediblər.  Belə ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin  rəhbərliyi ilə qəhrəman ordumuzun qazandığı şanlı Zəfərdən sonra Ermənistanın imzaladığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünə yönəlik təhdidlər qalmaqda davam etmişdir.  Üçtərəfli Bəyanatın imzalanmasından keçən 3 il müddətində Azərbaycanın işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi bərpa və quruculuq işləri ölkəmizə həm böyük maliyyə hesabına, həm də ən dəhşətlisi – vətəndaşlarımızı itirmək bahasına başa gəlmişdir.  Son günlər Qarabağ bölgəsində hələ də qalmaqda davam edən erməni silahlı birləşmələrinin ordumuza və işğaldan azad edilən Şuşada, Zəngilanda, Laçında, Kəlbəcərdə yaşayan və fəaliyyət göstərən Azərbaycan vətəndaşlarına qarşı intensiv şəkildə həyata keçirdiyi təxribatlar günahsız vətəndaşlarımızın həyatına son qoymuşdur. Belə bir məqamda erməni silahlı birləşmələrinin Ordumuzla üzbəüz mövqelərinə əlavə qüvvələr və zirehli texnikalar cəlb etməsi isə onların məkrli niyyətinin daha böyük terror aktları törətmək olduğunu göstərməkdədir. Bəyanatda qeyd edilir ki, Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı Vətən müharibəsində olduğu kimi, bu şərəfli işdə də həmrəyliyə, möhtərəm Prezidentimizi və Ali Baş Komandanımızı dəstəkləməyə çağırırıq.

Qeyd lazımdır ki, 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsində olduğu kimi Azərbaycan Xalq Cəbhəsi, Müsavat  və Real Partiyaları  yenədə özlərinin milli düşüncədən uzaq ideyalarına uyğun olaraq Azərbaycan xalqının və dövlətinin haqq işində hansı tərəfdə olduqlarını nümayiş etdirərək Bəyanta qoşulmadılar. Bununlada bir daha Milli birlikdən nə qədər uzaq olduqlarını göstərdilər.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

 

 

Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı

Ölkəmizin keçirdiyi lokal antiterror tədbirləri onun tam suveren haqqıdır. Son günlər ərazilərimizdə olan qanunsuz hərbi birləşmələrin təxribatlarının və terror aktlarının davamlı xarakter aldığını müşahidə edirdik. Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın dördüncü bəndinə əsasən Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Lakin  Azərbaycanın səylərinə baxmayaraq, ötən 3 il ərzində təcavüzkar dövlət heç bir halda sülhə gəlmədi.  Ermənistan, hər zaman üzərinə götürdüyü öhdəliklərdən yayınaraq danışıqlar prosesini pozmağa, çirkin əməllərini davam etdirməyə çalışdı. Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanına Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxıb və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olub və yaralananlar var.

Heç bir günahı olmayan sadə vətəndaşların ermənilərin mina terroru nəticəsində həlak olmasına göz yummaq olmazdı. Bu baxımdan Azərbaycan hökuməti lokal xarakterli antterror tədbirləri keçirmək məcburiyyətində qaldı. Vətəndaşların daim qorxu altında yaşaması qəbuledilməzdir. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Artıq, Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılması öz nəticəsini verdi.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Ciddi təhlükə mənbəyi

Azərbaycan suveren ərazilərini qorumaq, vətəndaşlarını təhlükəsizliyini təmin etmək, öz ərazilərində separatçı, terrorçu təşkilatların ləğv edilməsi üçün yeri gələndə lokal tədbirlər görmək hüququnu özündə saxlayır. Kimsə bizə bunu qadağan edə bilməz. 44 günlük müharibədən ötən 3 il ərzində dövlətimiz Qarabağdakı separatçı ünsürlərə şans verdi. Rusiya sülhməramlıları da Qarabağda yaşayan ermənilərin cəmiyyətimizə reinteqrasiyasını həyata keçirmək vəzifələndirilmişdi. Amma nə baş verdi? Qarabağda yaşayan ermənilər həm sülhməramlılara, həm müxtəlif ad altında Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən Ermənistan ordusunun tör-töküntülərinə, xarici havadarlarına arxalanıb Azərbaycanın konstitusion hüquqlarına qarşı çıxır, Ermənistanda silah-sursat daşıyır, yeni müharibəyə hazırlaşırdılar. Görünür, 44 günlük müharibədə aldıqları ağır zərbə onlara bəs etmədi. Azərbaycan ərazilərində yeni mövqelər, səngərlər, mühəndis-istehkam qurğuları hazırlamaq, qanunsuz silahlı birləşmələri texniki avadanlıqla təmin etmək və qanuni hakimiyyətə qarşı terror fəaliyyəti aparmaq, mülki vətəndaşlarımızın həyatına təhlükə yaratmaq antiterror tədbirlərini labüd etdi.

10 noyabr Üçtərəfli Bəyanatından sonra Qarabağ bölgəsində nisbi sabitlik yarandı, bərpa-quruculuq işlərinə başlandı və  Ermənistan silahlı qüvvələrinin işğalı səbəbindən yurdundan didərgin salınmış soydaşlarımızın doğma yerdlarına qayıdışlarına start verildi. Amma Ermənistanın məkrli siyasəti, bölgədə destruktiv, dağıdıcı hərəkətləri bu işlərin görülməsinə maneələr yaradır. Üçtərəfli Bəyanatın 3 bəndi hələ də yerinə yetirilməmiş qalır. Demək olar ki, hər gün Qarabağdakı erməni ordusunun qalıqları Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tuturdu, ərazilərimizin minalanmasını davam etdirirdi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılmasına cəhdlər edirdilər. Son vaxtlarda bu qeyri-qanuni birləşmələr tərəfindən Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər daha çoxalmışdı. Və Azərbaycanın antiterror tədbirləri həyata keçirməsi lazım idi və Azərbaycan Ordusu qarşıya qoyulmuş vəzifənin öhdəsindən layiqincə gəldi və separatçılar təslim oldular.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Peşəkar Ordu

Azərbaycan dövləti Ermənistanla münasibətlərin normallaşması, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsinin imzalanması prosesinə həmişə sadiqdir. Belə ki, ölkəmiz postmüharibə dövründə də bu istiqamətdə bir neçə önəmli addımlar atıb. Lakin qarşı tərəfdən adekvat cavablar alınmayıb. Ancaq bununla belə, Azərbaycan dövləti son günlərədək  Qarabağ regionundakı etnik ermənilərin Azərbaycan vətəndaşları kimi reinteqrasiyası, ölkə Konstitusiyası və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sazişlər çərçivəsində bütün hüquq və azadlıqlarının təmin olunması üzrə səylər göstərmiş və göstərməkdə davam edir. Son olaraq, Qarabağ regionundakı erməni sakinlərə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni anda istifadə etməklə Beynəlxalq Qızıl Xaç Komitəsinin yük avtomobilləri ilə malların çatdırılmasınv təşkil etmək  Azərbaycanın gərginliyin azaldılmasına verdiyi digər töhvə idi.

Lakin təəssüflə qeyd edilməlidir ki,  Azərbaycanın bu humanitar davranışlarına baxmayaraq işğalçı Ermənistan bütün vasitələrdən istifadə edərək ölkəmizin suverenliyini və ərazi bütövlüyünü hədəf almaq, ərazilərimizdə separatizmin mövcudluğunu qoruyub saxlamaq cəhdlərini davam etdirib. Məsələn, son günlərdə delimitasiya olunmamış sərhəddə və Qarabağ regionunda hərbi təxribatlar, Azərbaycan ərazilərində qeyri-qanuni yerləşdirilmiş 10 min hərbi qüvvəyə maliyyə, hərbi, texniki yardımlar, ərazilərimizin minalanması, Azərbaycanın və xarici ölkələrin mülki təyyarələrinə qarşı radio-elektron müdaxilə halları, “blokada”, “humanitar böhran” kimi əsassız iddialar və siyasi şantaj, qeyri-qanuni rejimə təbrik mesajları, qondarma separatçı rejimin “prezident seçkiləri” Ermənistan tərəfindən normallaşma prosesini pozmağa yönəlmiş təxribatçı addımlar atmaqda davam edirdi. Bir sözlə, Ermənistan ölkəmizə qarşı apardığı məqsədyönlü və planlı terror siyasətindən əl çəkmək istəmirdi. Azərbaycanın həyata keçirdiyi cəmi bir günlük anti-terror tədbirləri nəticəsində qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı oldular. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Lokal xarakterli antiterror tədbirləri

Azərbaycan dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin öz mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Məhz buna görə də sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatları və terror hücumları nəticəsində mülki şəxslər və hərbi qulluqçular həlak olub və yaralanıblar. Bütün bunlara cavab olaraq, sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri haqlı olaraq antiterror tədbirlərinə başlayıb. Bu tədbirlər yalnız Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək, ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhalinin təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədinə xidmət edir. Azərbaycanın müdafiə nazirliyi bəyan edir ki, görülən lokal anti-terror tədbirlərin hədəfi yalnız qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturdur. Mülki əhali heç bir halda hədəf deyildir. Ö

lkəmizin suverenliyi və ərazi bütövlüyü məsələsi xalqımız üçün müqəddəs və əzizdir . Bu məsələdə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə xalqın birliyi sarsılmaz bir qüvvədir və düşmənə ağır zərbələr vurmağın mühüm mənbəyidir. Bu lokal anti-terror əməliyyatların bir məqsədi var- Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, Qarabağdakı terrorçu qrupların və Ermənistanın ordusunun tör-töküntülərinin kökü birdəfəlik kəsilsin. Xüsusilə mülki vətəndaşlarımızın həyatı qorunsun. Eyni zamanda, bu lokal anti-terror əməliyyatları həm də bölgəyə sülhün gətirilməsi üçün çox vacib idi. Bir sözlə, təkrar olaraq təcavüzkar niyyətlərinin arxasına düşərək münasibətlərin normalaşmasında maraqlı olmadılar. Təbii ki, Azərbaycanın səbri tükənməz deyil. Odur ki, ölkəmiz bu yolu seçərək separatçıları diz çökdürdü.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki