image-qanunla-reklam
image-382802403_872418707571242_9218447525268198501_n

Naxçıvan Azərbaycanın qədim diyarıdır

image-lady-day-az

Naxçıvan Azərbaycanın qədim diyarıdır.

Prezident İlham Əliyev cari ilin 25 sentyabr tarixində Naxçıvanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar mətbuata birgə  bəyanat vermişdir. Qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Azərbaycan xalqı bu diyarda qədim və zəngin mədəniyyət yaratmışdır. Naxçıvan eyni zamanda dünyanın ən qədim mədəniyyət mərkəzlərindəndir. Bu torpaqda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır. Azərbaycanın, o cümlədən dünyanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan min illərin tarixini yaşadan qədim yaşayış yerləri baxımından səyyahları, alimləri, tədqiqatçıları özünə cəlb edən məkan kimi tanınıb. Diyarımızın ərazisindəki mağaralar, qalalar, yaşayış yerləri, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələr bu torpaqda tarixin və mədəniyyətin qədimliyini göstərir.

Azərbaycanın, o cümlədən dünyanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan min illərin tarixini yaşadan qədim yaşayış yerləri baxımından səyyahları, alimləri, tədqiqatçıları özünə cəlb edən məkan kimi tanınıb. Diyarımızın ərazisindəki mağaralar, qalalar, yaşayış yerləri, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələr bu torpaqda tarixin və mədəniyyətin qədimliyini göstərir.

Naxçıvan bütün tarixi dövrlərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi mövcud olmuşdur. Qədim yurd yerimiz Zəngəzurun Ermənistana verilməsindən sonra Naxçıvan Azərbaycanın digər torpaqlarından ayrı salınaraq blokadaya alınmışdır. Lakin bütün bunlara baxmayaraq, Naxçıvan bu gün yüksək inkişafa nail olan diyardır. Dünyanın elm və mədəniyyətinə bir sıra görkəmli şəxsiyyətlər bəxş edən Naxçıvan, həm də böyük dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vətənidir.

Naxçıvanın abidələri bu qədim yurdun tarixi keçmişini özündə yaşatmaqla bərabər, həm də müasir dövrdə turizm potensialının artmasında əhəmiyyətli rol oynayır. Bu gün Naxçıvan tarixi abidələr və görməli yerlər baxımından səyahət turizminin ən ideal məkanlarındandır.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktoru-Rəşad İsmayılov

 

 

Şuşa Bəyannaməsi

2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü – 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Biz tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidiyik.

Azərbaycan-Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Məhz həmin gün dini, dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı.

Şuşa Bəyannaməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” prinsipləri əsasında iki dövlətin strateji münasibətlərinə yeni yanaşma sərgilədi. Bundan başqa, bəyannamənin Şuşadan açıq bəyanı özlüyündə bir neçə dolayı mesaj da daşıyır.

Şuşa Bəyannaməsinin siyasi əhəmiyyəti Azərbaycan üçün daha vacibdir. Belə ki, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.

Beləliklə, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək, həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajı olan, həmçinin ölkələrimiz arasında bütün sahələrdə inteqrasiyanın nümunəsi olan Bəyannaməyə imza atdı. Ən əsası, bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev

 

 

Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər

Əlverişli coğrafi mövqedə yerləşən Naxçıvanın münasib iqlim şəraiti burada bərpaolunan enerji istehsalı üçün yaxşı imkanlar yaradır. Bu da muxtar respublikanın region üçün strateji əhəmiyyətini getdikcə artırır. Təsadüfi deyil ki, ölkə Prezidenti cənab İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da “yaşıl enerji zonası” elan edib. Artıq muxtar respublikanın həyatında yeni dövr–energetika əsri başlayıb. Son hesablamalara görə, Naxçıvanın, eləcə də Qarabağ və Şərqi Zəngəzurun bərpao­lunan enerji mənbələri üzrə çox güclü texniki potensialı var. Ölkəmizdə reallaşdırılan “yaşıl enerji” layihələrinin əsas iştirakçılarından birinə çevrilən BP şirkətində də muxtar res­publikanın bərpaolunan enerji potensialı yüksək qiymətləndirilir. Göründüyü kimi, Naxçıvanın bərpao­lunan enerji sahəsində yüksək potensialı bölgənin beynəlxalq əməkdaşlıq məkanı­na çevrilməsi üçün yaxşı imkan yaradır.

Naxçıvanda yerləşəcək günəş elektrik stansiyasının tikintisi hö­kumətin ölkə ərazisində “yaşıl enerji zo­naları” yaratmaqla təmiz enerjinin təşviqi və karbon emissiyalarının azaldılması is­tiqamətində sistemli səylərinin bir hissəsi kimi həyata keçiriləcək. Energetika Nazir­liyinin bununla bağlı yaydığı məlumatda bildirilir ki, bu memorandum iqtisadi artımı və davamlı inkişafı təmin etmək üçün bər­paolunan enerji potensialından istifadəyə dair ortaq öhdəliyi əks etdirir.

Günəş elektrik stansiyasında təmiz və etibarlı elektrik enerjisi istehsal etmək üçün qabaqcıl günəş texnologiyasından istifadə ediləcək. Layihə regionun zəngin günəş resurslarından istifadə etməklə Türkiyənin dövlət elektrik şəbəkəsinə, elə­cə də yerli enerji təchizatına töhfə vermək məqsədi daşıyır.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbinin direktoru-Səlim Zeynalov

 

 

Qələbə tariximizin parlaq səhifəsi

Tarix boyu Azərbaycan çox şərəfli anlar yaşamış, xalqımızın qüruruna səbəb olan hadisələr baş vermişdir. Ancaq bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandılan qələbələr, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. Hər bir Azərbaycan vətəndaşı bu tarixi, şərəfli məqamların şahidi olmaqdan, qürurverici tarixi günləri yaşamaqdan xoşbəxt olduğunu dilə gətirir. Azərbaycan xalqı 30 ildə yorulmadan, dövlətini möhkəmləndirərək bu möhtəşəm Qələbə xəbərini səbirsizliklə gözləyirdi. Fərəhləndirici haldır ki, heç bir beynəlxalq ədalətsizlik, heç bir əziyyət xalqımızın qələbəyə inamını sarsıtmadı, Azərbaycan xalqının, dövlətinin, onun liderinin iradəsinə təsir etmədi. Hər ötən gün xalqımız Prezident İlham Əliyevin ətrafında getdikcə daha sıx birləşdi, birliyimiz hər gün daha da gücləndi. Məhz xalq-dövlət-ordu birliyi sayəsində Azərbaycanın işğal altında olan torpaqları azad olundu. Ancaq bütün qələbələrin əsasında, əlbəttə ki, Prezident İlham Əliyevin mükəmməl diplomatik bacarıqları, dövlət maraqlarının təmin olunmasına istiqamətlənmiş xarici siyasət kursu dayanırdı.

Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti, ordumuzun güc-qüdrəti ilə nail olunan zəfər sevincini yaşayır. Uzun illərdən bəri dərin intizarla gözlədiyimiz bu Qələbə, eyni zamanda, Azərbaycanın erməni işğalçıları tərəfindən pozulan ərazi bütövlüyünün bərpasının təsdiqidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə qızıl hərflərlə yazılıb. Hazırda qarşıda duran ən əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin həyata keçirilməsidir. Cənab Prezident müharibədən sonra azad olunmuş ərazilərə şəxsən səfər edir, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı öz mesajlarını verir.

Bu gün ərazilərin bərpası ilə bağlı həyata keçirilən fəaliyyət dağlıq və düzən Qarabağ bölgələrinə yönəlik dövlət siyasətimizin yeni strategiyasının tərkib hissəsidir. Ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə irəli sürülən taleyüklü tarixi təşəbbüslər təsdiqləyir ki, dövlətimiz azad edilmiş rayonlarımızla bağlı dəqiq və sistemli siyasət kursuna malikdir. Ölkə Prezidentinin bərpa siyasətinin bu istiqamətdə göstərilən birgə səylərlə uğurlu nəticələri milli birliyimizin daha bir əyani təcəssümünə çevriləcəkdir.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

 

 

Qələbə tariximizin parlaq səhifəsi

Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza hər səfəri tarixi hadisədir. Bu səfərlər dünyaya bir daha bəyan edir ki, Qarabağ Azərbaycandır! Dövlət başçımız Qarabağa səfərləri həm də əlamətdar hadisələrlə yadda qalır. Hər dəfə bir neçə müəssisənin, parkın, yaşayış məhəlləsinin və digər obyektlərin təməli qoyulur. Bütün bunlar doğma yurd-yuvalarına qayıdacaqları günü səbirsizliklə gözləyən soydaşlarımızda Böyük Qayıdışın  inamına daha da artırır. Artıq demək olar ki, bütün rayonların baş planları ictimaiyyətə təqdim olunub və tikinti-bərpa işləri həmin planlar əsasında həyata keçirilir.

Haqq savaşımız Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı və Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu Qələbəni Ali Baş Komandanın qətiyyəti, si­yasi iradəsi, müzəffər ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, iqtidar-xalq-ordu birliyi hesabına qazandıq.

Qələbənin qazanılmasında əsas amillərdən biri də ölkə iqtisadiyyatının gücləndirilməsi idi. Çünki iqtisadi qüdrəti olmayan dövlət istəyinə qovuşa bilməz. Ötən müddət ərzində ordumuzun daha da gücləndirilməsi, ən müasir silahlarla təmin olunması, hərbçilərimizin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Təbii ki, bütün bunlara nail olmasaydıq, düşmənə qalib gələ bilməzdik. Möhtərəm Prezidentimiz hərbçilərlə görüşü zamanı da bunları diqqətə çatdırdı. Dedi ki, ilk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi: “Çünki əgər biz asılı vəziyyətdə olsaydıq, hansısa başqa böyük dövlətlərdən asılı olsaydıq, heç vaxt bizə imkan verməzdilər ki, biz bu şərəfli missiyanı yerinə yetirək. Ona görə Prezident kimi ilk günlərdən iqtisadi müstəqilliyə hesablanmış bütün lazımi addımlar atıldı və qısa müddət ərzində biz buna nail olduq. Bu gün dünya miqyasında iqtisadi potensial baxımından və iqtisadi sabitlik baxımından Azərbaycan birinci sıralardadır. İqtisadi müstəqillik əldə edilməsəydi, siyasi müstəqillikdən söhbət gedə bilməzdi. Biz asılı vəziyyətdə ola bilərdik. Necə ki, bu gün bir çox ölkələr asılı vəziyyətdədir və məhz buna görə öz iradəsini ortaya qoya bilmirlər. Siyasi müstəqillik imkan verdi ki, biz bütün tərəfdaşlarla bərabərhüquqlu, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında münasibətlər qura bildik. Beləliklə, torpaqlarımızın azad edilməsi üçün əsas şərtlərdən biri təmin edilmişdi”.

Artıq Şuşa, Ağdam məscidlərindən və bütün işğaldan azad olunmuş torpaqlarımızdan azan , Cıdır düzündən muğam səsləri, Vaqifin məqbərəsi önündən isə söylənilən şeirlərin sədası eşidilir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, bax, budur reallıq. 30 ildən sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin düşünülmüş siyasi kursu nəticəsində xalqımız bu reallığı qazandı. Dünyada baş alıb gedən ikili standartlara, islamofobiyaya, ədalətsizliyə, beynəlxalq təzyiqlərə, hədə-qorxulara baxmayaraq, xalqımız yumruq kimi birləşdi, qəhrəman ordumuzun arxasında dayandı. Biz bu tarixi, şərəfli missiyanı yerinə yetirdik və şanlı tariximizin parlaq səhifəsini yazdıq.

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbin direktoru-Sabir Əhmədov

 

 

Qardaşlıq jesti

Sentyabrın 25-də dünyanın diqqəti Naxçıvan Muxtar Respublikasına yönəldi. Azərbaycana növbəti rəsmi səfərini edən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı Türkiyəni türk dünyası ilə birləşdirən Naxçıvanda qarşıladı. Türkiyə Prezidentinin Naxçıvan səfəri zamanı iki dost, qardaş, müttəfiq ölkənin sarsılmaz birliyi, həmrəyliyi bir daha bütün dünyaya nümayiş etdirildi

Bu gün iki qardaş ölkə hər zaman birlik, həmrəylik çağırışları ilə dünyanın diqqətindədir. Dünya bu iki dost ölkənin timsalında qardaşlığın, müttəfiqliyin nümunəsini görür. Böyük öndərlər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fikirləri bütün dövrlər üçün aktuallığını qoruyur, münasibətlərin yüksələn xətlə inkişafına bələdçilik edir. Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata birgə bəyanatları iki qardaş ölkənin münasibətlərinin dünəninə, bu gününə və gələcəyinə bir daha işıq saldı.

Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır. Dövlət başçısı cənab İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı andan qardaş ölkənin yanımızda olduğunu, Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” çağırışını bir daha xatırlatdı və bildirdi ki, bu, bir çoxları üçün ciddi siqnal, mesaj idi. Azərbaycan xalqı bu siyasi və mənəvi dəstəyi heç vaxt unutmur və unutmayacaq. Rəcəb Tayyib Ərdoğan bu qardaşlığı “Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk” fikirləri ilə ifadə etdi. Bildirdi ki, təməli qoyulan İğdır-Naxçıvan qaz kəməri layihəsi Azərbaycan ilə enerji sahəsində ortaqlığımızı daha da dərinləşdirəcəyi kimi, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək. Ümumiyyətlə, nəqliyyat, logistika və enerji sahələrindəki əlaqələri inkişaf etdirmək üçün iradə ortaya qoyuldu.

Zəngin tarixə, sıx dostluq, qardaşlıq münasibətlərinə əsaslanan Azərbaycan-Türkiyə müttəfiqliyinin daha da dərinləşməsi üçün geniş imkanlar mövcuddur. Bu münasibətlər liderlərin şəxsi münasibətlərinin, səmimiyyətin əsasında daha da möhkəmlənir. Dünyaya nümunə olan bu dostluğa edilən əlavələr, Azərbaycan-Türkiyə birliyi ümumilikdə türk dünyasının həmrəyliyinə böyük töhfədir. Zəngəzur dəhlizinin açılması türk birliyini daha da möhkəmləndirəcək.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin müəllimi-Səidə Tağıyeva

 

 

Şuşa Bəyannaməsi

15 iyun 2021-ci ildə Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Həqiqətən də Türkiyə-Azərbaycan münasibətlərinin çox dərin kökləri var. Bu gün bu münasibətlərin yeni müstəviyə çıxdığını, qədəm qoyduğını görürük. Bu baxımdan da demək lazımdır ki, Türkiyə-Azərbaycan münasibətləri elə bir geosiyasi amilə çevrilib ki, artıq dünya da onunla həm razılaşır. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.

Azərbaycan-Türkiyə müttəfiqliyini ehtiva edən Şuşa Bəyannaməsi ilə Qafqazın tarixinin yenidən yazıldığını demək olar. Həqiqətən də burada iki qardaş ölkənin xidmətləri misilsizdir. 44 günlük vətən müharibəsindən sonra Türkiyənin Cənubi Qafqazdakı rolu haqqında səslənən fikirlərə, müzakirələrə də Şuşada cavab verildi. Artıq Türkiyə Cənubi Qafqaz regionunda iki böyük gücdən biri hesab edilir. Türkiyə Azərbaycanla birlikdə işğaldan azad olunmuş torpaqlarda quruculuq-bərpa işlərini bərabər aparacaq. Eyni zamanda vurğulandı ki, bir daha bu hadisələrin yaşanmaması üçün də Azərbaycan Türkiyə birgə addımlar atacaq. Bu baxımdan, ən vacib məqam ondan ibarət idi ki, bundan sonra Azərbaycana ediləcək hər hansı bir təhdid, hücum Türkiyəyə qarşı edilmiş kimi qəbul olunacaq və Türkiyə anında Azərbaycanla bərabər bu məsələlərə cavab verəcək. Eyni zamanda, Türkiyəyə qarşı da ediləcək bu kimi addımlar Azərbaycana qarşı da edilmiş olacaq və Azərbaycan birmənalı olaraq hər şeyi ilə Türkiyənin yanında olacaq. Bu Bəyannamə ilə Azərbaycanın Cənubi Qafqazda yeri və rolu daha da güclənməklə yanaşı, Türkiyənin rolu, Türk dövlətlərinin birliyi də güclənir. Artıq bu bölgəyə pis niyyətlərlə əl uzadanlara da çox ciddi bir cavab idi.

Bir müddət əvvəl həm də, Azərbaycan və Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə səyahət etmələri haqqında razılaşma əldə edilib. Deməli, Şuşa Bəyannaməsi ilə iki ölkə arasında turizm, ticarət əlaqələrində yeni səhifənin açılmasına şahidlik edəcəyik. Bu, həm də, bundan sonra iki dövlət arasında sərhədinin formal xüsusiyyət daşıdığının göstəricisidir.

Qeyd edək ki Şuşa Bəyannaməsini Azərbaycan cəmiyyəti ilə yanaşı, Türk dövlətləri, dost dövlətləri də izləyirdi. Bu Bəyannamə Azərbaycan-Türkiyə arasında əməkdaşlığı gücləndirməklə yanaşı, türk dövlətləri arasında əlaqələri, əməkdaşlığı da gücləndirəcək təkanverici qüvvədir. İşğaldan azad edilmiş torpaqlarımızda, Türkiyə və Azərbaycan bayraqlarımızın birgə dalğalandığı Şuşada qardaş ölkə prezidentləri arasında imzalanan bu Bəyannamə əslində dünyada analoqu olamayan Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyə doğru sürətli inkişafını özündə əks etdirir.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin müəllimi-Aliyə Rüstəmova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki