image-qanunla-reklam
image-376894489_872331497579963_6864048312639930024_n

Logistik layihələrin potensialı

image-lady-day-az

Logistik layihələrin potensialı

İkinci Qarabağ müharibəsinin başlamasından bugünədək dünya Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndiyinin şahidi olur. Prezident cənab İlham Əliyevin bütün çıxışlarının əsasında bu məqam xüsusi qeyd edilir ki, qardaş Türkiyə Vətən müharibəsi başlandığı andan sonadək ölkəmizə mənəvi və siyasi dəstəyini əsirgəmədi. Bu dəstək Azərbaycana güc verdi.  Sentyabrın 25-də Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata birgə bəyanatlarında da  Prezident cənab İlham Əliyev bu kimi məqamlara xüsusi diqqət yönəldərək bildirmişdir ki, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır: «Türkiyə və Azərbaycan iki qardaş ölkədir. «Bir millət, iki dövlət» düşüncəsi ilə bu günə qədər addımladıq. İndiyə qədər addımladığımız bu yolda bundan sonra da qərarlı şəkildə yolumuza davam edəcəyik.» Sentyabrın 25-də Türkiyə Prezidentinin Naxçıvan səfəri zamanı iki dost, qardaş ölkənin həmrəyliyi bir daha bütün dünyaya nümayiş etdirildi. Azərbaycan və Türkiyə prezidentləri Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında, İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak etdilər. Qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra qardaş ölkələr arasında əlaqələrin inkişafında möhkəm hüquqi baza olaraq əhəmiyyətli rol oynayacaq  Azərbaycan-Türkiyə sənədləri imzalandı.

Türkiyə və Azərbaycan bölgədə və dünyada sülhün, təhlükəsizliyin, iqtisadi  və nəqliyyat-daşınma logistikanın inkişafına  mühüm töhfə verməkdədir.  Təməlqoyma mərasimi keçirilmiş İğdır-Naxçıvan qaz kəməri bu gün Naxçıvanın qazla təchizatında ciddi rol oynayacaqsa, gələcəkdə Zəngəzur dəhlizi açıldıqdan sonra yeni boru kəmərləri ilə Azərbaycandan Türkiyəyə birbaşa qaz ötürülməsi üçün imkanlar yaradacaq və nəhayət Avropanın da enerji təhlükəsizliyinə töhfə verəcək. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin, ağrılı-acılı vaxtlarda daim bir-birinin yanında olub,  birlik nümayiş etdirərək sevinclərini, kədərlərini bölüşüblər. Bu dostluq və səmimi münasibətlər o qədər inkişaf etmişdir ki, hətta müxtəlif tədbirlərdə belə bir-birinin yoxluğunu auditoriya hiss edə bilmir. Dünya bu qardaşlığın növbəti  nümunəsini Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında, dünyanın ən ali kürsüsündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan dövlətinin maraqlarının  ifadə edilməsi ilə gördü. Dövlət başçısı İlham Əliyevin  qeyd etdiyi kimi,  İkinci Qarabağ müharibəsi zamanı bütün Türkiyə xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən «Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır» kimi bəyanatın verilməsi bir çoxları üçün ciddi mesaj idi.

Hər zaman oluğu kimi, bu dəfə də Türkiyə və Azərbaycanın prezidentlərinin görüşü həm ölkələrimizin, həm də regionun inkişafı üçün  yeni perspektivlər vəd edir.  Keçirilən tədbirlər, imzalanan sənədlər bu iki qardaş ölkə arasında münasibətlərin səmimi və dərin olmasını bir daha nümayiş etdirməklə yanaşı, gələcəkdə regionda sülhün və təhlükəsizliyin bərqərar olması, o cümlədən enerji təhlükəsizliyi baxımından təqdirəlayiqdir. İki qardaş ölkənin hərtərəfli münasibətləri  regionda sülhün, rifahın, inkişafın modelini yaradır. Müşahidələrimizə əsaslanıb deyə bilərik  ki, bir çox ölkələr  istər Azərbaycan, istərsə də Türkiyə ilə yaxından əməkdaşlıq etməyə qərar verirlər.

Gəlmə kənd tam orta məktəbin direktoru – Rasif Qaçayev

 

 

Şuşa Bəyannaməsi.

Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyev tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcı hesab edilir. Bu, həm də regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir.

Bu Bəyannamə ilə iki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəldi. Hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin həyata keçirilməsinə dair razılıq əldə olunması Azərbaycan və Türkiyə arasında münasibətlərin necə sıx və prinsipial olduğunun göstəricisidir. Bu o deməkdir ki, bundan sonra Azərbaycan və Türkiyənin Təhlükəsizlik şuraları müntəzəm olaraq birgə iclaslar keçirəcək və təhdidlərə qarşı birgə fəaliyyət göstərəcəklər. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Təbii ki, öncə söhbət bölgədə əsrlərdir erməni məsələsi adı altında öz dövlət maraqlarını reallaşdıran aktorlardan və dövlətlərdən gedir. Bundan sonra bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar.

Qısası, Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar bütün region üçün yeni inkişaf perspektivləri yaradıb. Bu reallıqlara uyğun olaraq iki qardaş ölkənin bölgədəki geosiyasi layihələri də uğurla icra olunur. Məhz sentyabrın 25-də Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Naxçıvan Muxtar Respublikasına səfəri və Przident İlham Əliyevlə görüşü yeni qardaşlıq münasibətlərinə töhvə vermiş oldu. Xüsusilə burada imzalanan iqtisadi əməkdaşlıq müqavilələri Şuşa Bəyannaməsi  qədər önəmlidir.

Əlibəyli kənd tam orta məktəbin tarix müəllimi – Gülnar Tağıyeva

 

 

Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər.

Dünyada, eləcə də regionda baş verən mühüm geosiyasi proseslər fonunda Azərbaycan Prezidenti cənab İlham Əliyevlə  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşlər təkcə Türkiyə və Azərbaycanda deyil, xaricdə də ekspertlərin, siyasətçilərin və ictimaiyyətin diqqətini daim cəlb edir. Görüş zamanı ikitərəfli iqtisadi əməkdaşlıqla yanaşı, bir sıra mühüm siyasi-strateji məsələlərə dair da çağırışlar oldu. İlk növbədə qeyd etmək lazımdır ki,  bütün sahələrdəki münasibətlərdə kompleks yanaşma müşahidə olunur.  Bu isə  ikitərəfli əməkdaşlığın daha səmərəli və faydalı olması üçün  önəmlidir. Prezident cənab İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşün əsas məqamlarından biri  dövlət başçılarının İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirakı idi. Prezident cənab İlham Əliyev mətbuata birgə bəyanatı çərçivəsində bu qaz kəmərinin yaradılmasının vacibliyinə çox ətraflı diqqət çəkərək, bildirdi ki, Qaz kəmərinin tikintisinin əhəmiyyəti Avropanın enerji təhlükəsizliyi üçün də mühüm əhəmiyyət kəsb edir  və bunu prezident Rəcəb Tayyib Ərdoğan da təsdiqləyərək vurğuladı ki, layihənin həyata keçirilməsinin avropalı tərəfdaşların maraqlarına müsbət təsir göstərəcəkdir. Təbii ki, qaz kəmərinin çəkilməsi enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm addımdır. Ölkə başçısı Naxçıvanın gələcəkdə  yaşıl enerji ixracında da xüsusi rol oyna biləcəyini də qeyd etdi: “  Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır”.

Bu görüşdə bir daha  hər iki ölkə iqtisadi əməkdaşlığı dərinləşdirmək üçün əlavə imkanların yarandığını  bildirdilər. Bütövlükdə, Azərbaycan və Türkiyə yüksək səviyyədə iqtisadi tərəfdaşlıq nümayiş etdirməkdə davam edir və bu, ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur. Prezident cənab İlham Əliyev mətbuata açıqlamasında ötən illər ərzində bu göstəricinin yaxşılaşdığını, Azərbaycanın və Türkiyənin qarşısında duran böyük hədəfin olduğunu qeyd edib. ” Bütün istiqamətlər üzrə, o cümlədən ticarət dövriyyəmizin artırılması istiqamətində önəmli addımlar atılmışdır. Bizim ticarət dövriyyəmiz keçən il 6 milyard dollardan çox olub. Ancaq bu ilin yeddi ayında 40 faiz daha artmışdır və əminəm ki, daha da artacaq. Düzdür, hədəf çox, yəni yüksək rəqəmlərlə ölçülür. Bir müddət bundan əvvəl 15 milyard dollar ticarət dövriyyəsi hədəfləmişdik. O zaman ticarət dövriyyəsi təqribən 2 milyard dollar idi. Amma indi 6 milyard dolları ötübdür, yəqin ki, yaxın gələcəkdə buna da çatacağıq. Preferensial ticarət anlaşması da imzalanmışdır və o siyahıda olan məhsulların sayı da artır. Ona görə əminəm ki, biz buna da uğurla çatacağıq”

Qaravəlli kənd tam orta məktəbinin tarix müəllimi – Xəyalə Abdulxalıqova

 

 

Qardaşlıq jesti.

25 sentyabr 2023-cü il  tarixində Türkiyə Prezidentinin Naxçıvana səfəri Birləşmiş Millət Təşkilatının Təhlükəsizlik Təşkilatının Baş Assambleyasında keçirilən iclasdan  sonra baş tutmuşdur. Həmin ərəfədə isə Azərbaycanın  mülki şəxsləri və polis işçiləri  erməni təxribatı nəticəsində həlak olmuşdular. Buna cavab olaraq Azərbaycan lokal xarakterli anti-terror tədbirləri həyata keçirməyə məcbur oldu.  Və belə bir vaxtda yenə də ilk dəstək Türkiyədən, onun prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən gəldi. Bu dostluq, qardaşlıq dəstəyini qeyd edən Prezident İlham Əliyev  qeyd etdi ki: “ bu hadisə baş verəndə Siz Amerikada, Nyu-Yorkda idiniz, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmişdiniz və orada dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar vermişdiniz, ədalətli bəyanatlar vermişdiniz, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar vermişdiniz: Qarabağ Azərbaycan torpağıdır. Bu, həm həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur. Eyni zamanda, Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır. İkinci Qarabağ müharibəsi zamanı Siz və bütün Türkiyə xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməyiniz bir çoxları üçün ciddi siqnal idi, mesaj idi. Azərbaycan xalqı bu siyasi və mənəvi dəstəyi heç vaxt unutmur və unutmayacaq. Tarix bir daha sübut edir ki, biz sevincini və kədərini bölüşən bir millət iki dövlətik.  Bir daha qeyd etmək yerinə düşər ki, iki dost  və qardaş ölkənin timsalında  bütün dünya qardaşlığın, müttəfiqliyin, dostluğun unikal nümunəsinə şahidlik edir.

İki dövlət başçısı tərəfindən Naxçıvandan mühüm sülh mesajı verildi. Azərbaycan Prezidenti vurğuladı ki, “ Biz bir-birimizə dəstək verməklə, eyni zamanda, regional məsələləri də düz istiqamətə yönəldirik. Yəni, bizim müştərək maraqlarımız ondan ibarətdir ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibələr olmasın, ölkələrin ərazi bütövlüyü təmin edilsin”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikri inkişaf etdirərək  bildirdi ki: “ Son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılmışdır. Bu fürsətin dəyərləndirilməli olduğuna inanıram. Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz. Bölgəmizdə sülh, sabitlik və rifahın yaranması xalqlarımıza olan borcumuzdur. Biz bu borcu yerinə yetirməkdə qətiyyətliyik, səmimiyik. Arzumuz qarşı tərəfin də eyni səmimiyyəti göstərməsidir. Beləliklə, bir daha Azərbaycan və Türkiyə hər zaman olduğu kimi sülh, rifah, həmrəylik  və təhlükəsizlik çağırışları ilə dünyanın diqqətindədir

Şıxbağı kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi – Turanə Həsənli

 

 

İkinci Qarabağ müharibəsi zamanı bütün Türkiyə xalqı bizim yanımızda idi.

Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz. Azərbaycan-Türkiyə qardaşlıq, dostluq, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər, özünün ən qürurverici anlarını yaşayır. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Tariximizin ən önəmli anlarında Azərbaycan və Türkiyə bir yerdə oldular. Vətən müharibəsindən sonra Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxış etmələri, 2021-ci ildə də Zəfər paradında iki ölkənin dövlət başçılarının birlikdə olması qardaşlığın rəmzi, birliyin təntənəsi idi. Tarixi Şuşa Bəyannaməsindən sonra rəsmən strateji müttəfiqlik zirvəsinə ucalan Türkiyə və Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində və.s İki qardaş ölkənin yaxından iştirakı ilə reallaşdırılan qlobal layihələr regionun mənzərəsini dəyişir.    Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görülür.      Zəngəzur dəhlizi nəinki Azərbaycanın, həmçinin regionun iqtisadi inkişafına böyük töhfələr verəcək. Əlbəttə ki, iki dövlət arasında aparılan bu siyasət bütün  bölgədə dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsi məqsədi daşıyır.

Bu gün regional işlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Bütün bu şanlı tarix bizim müştərək tariximizdir. Çünki İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə eədərk bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam etdi. Bu, bizə əlavə güc verirdi, bu, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qarşısını aldı. Beləliklə,  Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı. Bu gün bərpa edilən Qarabağda və Şərqi Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük. Türkiyə şirkətləri bu işlərdə fəal iştirak edirlər. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir.

 Zərdab şəhər 2 nömrəli tam orta məktəbin – Aytac Xəlilli

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki