image-qanunla-reklam
image-1695715094-d166ff509bfdc14bb0f00084c7c4efcd

İfrat millətçilik üzərində qurulmuş Daşnaksutyun siyasəti

image-lady-day-az

İfrat millətçilik üzərində qurulmuş Daşnaksutyun siyasəti.

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmış, tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunub.

Azərbaycan-Ermənistan münaqişəsinin dərin tarixi kökləri XIX əsrin əvvəllərində Rusiya İmperiyası tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına ermənilərin köçürülməsilə qoyulmuşdur.1905-1906 və 1918-1920-ci illərdə Azərbaycanlılar qəddar kütləvi terror və qanlı soyqırıma məruz qalması mərhələlərindən keçmişdir. Azərbaycanda ermənilərin məskunlaşdırılması xalqımızın tarixi ərazisinin parçalanmasına, azərbaycanlıların bir millət olaraq məhvinə və müstəqil dövlətimizin mövcudluğunun qarşısının alınmasına xidmət etmişdir. Ermənilər bu mənfur prosesdə ən qəddar rolu ifa edən vasitə olmuşlar.Kütləvi deportasiyaların və soyqırımı aktlarının yeganə məqsədi Cənubi Qafqazda qüdrətli müsəlman və türk dövlətinin formalaşmasına mane olmaqdan ibarət idi.

XX əsrin 20-ci illərində Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra ermənilər əsrlərlə arzu etdikləri erməni dövlətini yaratmaq və qonşulara qarşı ərazi iddiasını irəli sürmək siyasətinə keçdilər.Son iki əsrdə Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə siyasəti nəticəsində xalqımız min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradıldıqdan  sonra Qarabağda ermənilər fəallaşmış,öz himayədarlarının köməyilə Azərbaycan ərazilərini Ermənistana birləşdirmək səylərini davam etdirirmişlər.Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn bütün prinsip və normalarına zidd olaraq,mülki əhalini məqsədyönlü şəkildə əsas hədəf kimi seçmişdi.

1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırıma məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.

Gülər Ağayeva-Zərdab rayon Alıcanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Rəsmi İrəvanın “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasının qurbanları.

Ermənistanda azərbaycanlılara qarşı 1918-1920-illərdə soyqırım və 1930-1938-ci illərdə kütləvi repressiya və sürgün aksiyaları həyata keçirilməsinə baxmayaraq, Ermənistanın Türkiyə və İran sərhədləri, eləcə də Azərbaycan və Gürcüstan sərhədləri boyunca yenə də əsasən azərbaycanlılar yaşayırdılar. İrəvan şəhərinin ətraf rayonları ən münbit torpaqlar hesab edilirdi və həmin rayonlarda da azərbaycanlılar əksəriyyət təşkil edirdilər. Ermənistan rəhbərlərinin qarşısında duran başlıca vəzifə İrəvan ətrafında və Türkiyə ilə sərhəd boyu münbit torpaqlarda yaşayan azərbaycanlıları həmin ərazilərdən köçürməyə nail olmaqdan ibarət idi.

1948-1956-cı illərdə öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1987-ci ildən başlayaraq daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.

Keçən əsrin 80-cı illərində meydana atılan «yenidənqurma» və «aşkarlıq» Azərbaycanın DQMV-də milli münaqişə ocağının yenidən alovlanmasına gətirib çıxardı. 1987-ci ilin noyabrında Parisdə Qorbaçovun əlaltılarından olan Aqanbekyanın Dağlıq Qarabağın Ermənistana verilməsinin məqsədəuyğunluğu barədəki bəyanatı ilə başlanmış bu proses Azərbaycan üçün çox mənfi nəticələr verdi.
Ümumiyyətlə götürüldükdə, cəmiyyətdə baş vermiş proseslər SSRİ-nin varlığına son qoyulması ilə nəticələndi. 1991-ci ilin dekabrın 29-da Azərbaycanda ümumxalq referendumu keçirildi, dövlət müstəqilliyinin qəbul olunması yekdilliklə rəsmiləşdirildi və müstəqil Azərbaycan Respublikası təsis olundu. Həmin hadisələrin Azərbaycanın tarixi-siyasi coğrafiyasına da ciddi təsiri oldu. Bir tərəfdən Azərbaycan ərazisi müstəqil Azərbaycan Respublikasının tərkibində birləşdirildisə, digər tərəfdən ərazilərimizə qarşı erməni iddiaları çoxaldı. Rus hərbi hissələri ilə birləşmiş erməni dəstələri ilk vaxtlardan Azərbaycan torpaqlarını işğal etməyə başladılar. Dağlıq Qarabağ və ətraf ərazilər işğala məruz qaldı. Problemin «həlli» üçün görülmüş «tədbirlər» heç bir səmərə vermədi. Rus əsgərlərinin yaxından iştirakı ilə ermənilər yeni-yeni ərazilər zəbt etdilər. Kərkicahan, Malıbəyli, Quşçular, Xocalı kəndlərini zəbt edən ermənilər 1992-ci ilin mayın 8-də Şuşanı ələ keçirdilər. Daha sonra Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonları işğal olundu. Bu dövrdə Azərbaycan çox ağır günlər yaşadı.

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Hərbi cinayətkar rejim

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.

Xocalı faciəsinə gedən yol 1988-ci ilin fevral ayından Stepanakertdə ermənilərin mitinqləri ilə başladı. Ermənilər müxtəlif tələblər irəli sürürdülər. Bu tələblərin içərisində isə Dağlıq Qarabağın müstəqilliyi daha çox səslənirdi. 1988-1991-ci illər ərzində Dağlıq Qarabağ ətrafında çox ziddiyyətli, mürəkkəb vəziyyət yaranmışdır.

1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq təlafatlar törətdilər. 366-cı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra üç istiqamətdən hücuma keçərək dinc əhaliyə divan tutdu.

Azğınlaşmış ermənilər Qarqar çayı istiqamətində, “Donuzçuluq ferması” deyilən yerdə dinc əhaliyə qarşı əsl soyqırım törətdilər. Həmin vaxt yüngül atıcı silahlarla döyüşən özünümüdafiə qüvvələri istisna olmaqla şəhər demək olar ki, müdafiəsiz qalmışdı. Qısa müddətdə şəhəri alov bürüdü, vahiməyə düşən sakinlər evlərini tərk edib gecənin qaranlığında meşəyə tərəf üz tutdular. Qarşıda isə onları nələrin gözləməsindən tam xəbərsiz idilər. Mənfur ermənilər tərəfindən gecənin zülmət qaranlığında uşaqlar, qadınlar, qocalar, əlillər şiddətli atəşə məruz qalaraq xüsusi amansızlıqla qətlə yetirildi.

Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. Bütövlükdə isə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncə verilib.

Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrilib. Təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olundu, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinmişdir.

Bu gün isə çox qürur hissi ilə qeyd edilməlidir ki, Azərbaycan mənfur düşməndən öz torpaqlarını geri aldı. Artıq Xocalıda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Xocalının intiqamı alındı.

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Erməni vandalizmi

Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın  işğal altında saxladığı Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar şanlı Azərbaycan Ordusu tərəfindən işğalçılardan təmizləndikcə xalqımıza məxsus tarix və mədəniyyət abidələrinin vandalizmə məruz qaldığı, yerlə-yeksan edildiyi, bir qisminə isə toxunulmadığı, saxtalaşdırılaraq erməniləşdirildiyi ortaya çıxır. Elə bu günlərdə işğaldan azad edilmiş Qarabağ ərazisində ermənilərin “saxta tarix” istehsal edən müəssisəsi aşkar olunub. Belə ki, ermənilər həmin sexdə tarixi abidələr, daşlar üzərində iş aparır, yeni metodlarla qədim abidələr düzəldirmişlər.

Qədim hərflər və şəkillər, xaçlar daşlara çəkilir, döyülür və bir müddət sirkə həllində saxlanılır, sirkənin təsirindən turşuma prosesi gedir və rəngini dəyişən “tarix nümunələri” qədim və köhnə görünüş qazanır. Sonra bu daşları Qarabağ ərazisində basdıraraq özlərinin buradakı tarixi və mədəniyyəti kimi qələmə verirlər. Məlumatlara görə, Ermənistanda da belə müəssisələr çoxdur və onlar son onilliklərdə müasir elmin də nailiyyətlərindən istifadə etməklə, xeyli “qədim erməni abidəsi” düzəldiblər.

Göründüyü kimi erməni vandalizmi sərhəd tanımır, bu proses xalqın qədim tarixi abidələrinin, mədəniyyət nümunələrinin dağıdılmasına yönəlib. Xalqımız Ermənistan tərəfindən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibəti dünya irsinə qarşı yönələn təhdid kimi dəyərləndirir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi dağıdılıb. Bununla yanaşı, 100 mindən çox eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı erməni vandalizminin qurbanı olub.

Bundan başqa, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən çox tarix və mədəniyyət abidəsi, o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri, Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri, Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə, Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri – Azıx mağarası, Şuşa Dövlət Tarix Memarlıq Qoruğu talan edilib.

Qarabağın məhv edilən tarixi və talan edilən mədəniyyəti ermənilərin iç üzünü ortaya qoymaq üçün kifayətdir. Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir.

Şabəyim Ağayeva- Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 

Azərbaycan xalqı işğalla heç zaman barışmamışdır

Azərbaycan xalqı heç bir zaman erməni qəsbkarlarının zorla torpaqlarımızı işğal etməsi ilə barışmamışdır.2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı.
Bu aprel döyüşləri kimi tarixə yazıldı. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin  keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.

Azərbaycanın şanlı zəfər qazandığı Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan Tovuz döyüşləri olmuşdur. Ölkəmizə qarşı təxribatçı əməllərindən əl çəkməyən Ermənistan ordusunun növbəti diversiyasının qarşısının alınması ilə başlayan beşgünlük iyul döyüşlərində rəşadətli ordumuz düşmənə sarsıdıcı zərbə vurdu.

Tovuz döyüşlərində Azərbaycan Ordusu tərəfindən düşmənə ağır zərbələr endirildi və xeyli canlı qüvvəsi, hərbi texnikası məhv edildi. Bu döyüşlərdə düşmənin 100-dən çox hərbçisi məhv edilib, döyüş texnikaları sıradan çıxarılıb. Tovuz döyüşlərinin ən böyük önəmi həm də xalqımızın düşmənə qarşı Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancasına döyüşən ordumuzla yüksək həmrəylik nümayiş etdirməsi idi. Döyüşlərin davam etdiyi günlərdə on minlərlə insan, xüsusilə gənclər paytaxtımızda və bölgələrdə yürüş edərək Azərbaycan Ordusu ilə həmrəylik nümayiş etdirdi. Minlərlə azərbaycanlı gənc ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət etdi.

Tovuz döyüşləri Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Vətən müharibəsinə gedən yolda ən mühüm mərhələlərdən biri oldu. Bu döyüşlərdən təxminən iki ay yarım sonra düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-hücum əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək, torpaqlarımızı işğaldan azad etdi. Düşmənə sarsıdıcı zərbə vuran qəhrəman əsgər və zabitlərimiz şəhidlərimizin qanını yerdə qoymadı, xalqımıza sonsuz qürur və sevinc hissi yaşatdı.
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun rəşadəti və şəhadəti şərəf sayan xalqımızın vəhdəti hesabına Vətən müharibəsindəki qələbəmizə aparan yol, təməl Tovuz döyüşlərindən başladı: “Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun qüdrəti və peşəkarlığı, xalqın birliyi bir daha nümayiş olundu.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 

Azərbaycan xalqının “səbir kasasına” son qoymuş hərbi təxribat

2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.

Müzəffər Azərbaycan Ordusu çıxdığı bu şərəfli yolda 44 günlük Zəfər yürüşü ilə doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi uğrunda rəşadətlə mübarizə apardı, bu müqəddəs savaşda böyük zəfərlə Azərbaycan xalqını sevindirdi. Bu şanlı Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi, qüdrətli Ordumuzun qəhrəmanlığı və əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. 44 günlük Vətən Müharibəsi Azərbaycanın müstəqillik tarixinə qızıl həflərlə yazıldı.

Döyüş meydanında ağır məğlubiyyətlərlə üzləşən Ermənistan ordumuzun hər yeni uğuruna yalnız bir o qədər aciz, azğın və namərd şəkildə reaksiya verirdi. Ermənistan ordusu dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların məskunlaşdığı Azərbaycan torpaqlarını hədəf alaraq raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan terror aktları törətdi.

Yaşanan dəhşətli hadisələr bütün dünyanı sarsıtsa da, xalqımız döyüş ruhunu, birliyini və iradəsini itirməyərək daha da əzmlə və mərdcəsinə Ali Baş Komandanı və ordumuzu dəstəkləməyə davam etdi. Həyatını itirmiş mülki həmvətənlərimizin qisasını isə rəşadətli ordumuz döyüş meydanında müvəffəqiyyətlə aldı. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və Böyük Zəfərimizi xalqımızın tarixinə həkk etdi. Bu əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Dövlətçiliyimizin ən şərəfli səhifələrini yazan bu Zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoymaqla yanaşı, bir güllə atmadan, bir şəhid vermədən Ağdamı, Kəlbəcəri və Laçını işğaldan azad etdi və dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiqlədi.

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir

Azərbaycanda ordu quruculuğunun yeni əsaslar üzərinə qoyulmasının və qısa müddət ərzində yeni ordunun formalaşdırılmasının başlıca şərtlərindən biri də məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən bütün xalqın bu prosesə cəlb edilməsi idi. Ölkədə mövcud olan ən müxtəlif mürəkkəbliklər arasından Ulu öndər Heydər Əliyevin müstəsna fəaliyyəti ilə respublikanın siyasi böhran və girdabdan çıxarılması adi baxışdan inanılması bir qədər çətin olan bir möcüzəyə oxşayırsa, ordunun böhrandan çıxarılması həmin möcüzənin təkrarı idi. Bu sahədə mövcud olan problemlər son dərəcə çoxşaxəli idi və müəyyən hallarda qeyri-adekvat tədbirlərin həyata keçirilməsi zərurəti də son dərəcə aktual idi. Lakin bu problemlər də həll edildi.Ümummilli Lider  Heydər Əliyev bu sahədə də bir möcüzə yaratdı, Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas etdi, qısa müddət ərzində güclü və təşkilatlanmış bir ordu yaratdı, ordu quruculuğuna münasibətdə yeni bir baxış formalaşdırdı və Azərbaycan Ordusunu da Azərbaycanın müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirdi.

Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi.

2020-ci ilin iyulunda düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısını rəşadətlə alan cəsur Azərbaycan Ordusu çox keçmədən xalqımıza öz tarixinin ən şanlı qələbəsinin sevincini yaşatdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu.

Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən, prinsipial siyasət nəticəsində daxili və xarici siyasətdə əldə etdiyimiz uğurlar xeyli çoxdur. Eyni zamanda Azərbaycanda güclü iqtisadi potensialın formalaşdırılması bizim siyasi gücümüzü şərtləndirən əsas amillərdəndir. Digər mühüm faktor – güclü və müasir, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik Silahlı Qüvvələrin formalaşdırılması idi. Bu faktorlar ayrı-ayrılıqda vacib olsa da əsas məsələ təbii ki, hakimiyyətin qısa zamanda, çevik şəkildə bütün resursları səfərbər etmək və vahid məqsədə istiqamətləndirmək bacarığı idi. Cənubi Qafqaz kimi mürəkkəb regionda həlli 30 ilə yaxın müddətdə uzadılan münaqişənin həllinə nail olmaq təbii ki, yüksək səviyyəli liderlik xüsusiyyətləri, xalqa qələbə əzmi aşılamaq bacarığı tələb edirdi. Ali Baş Komandan İlham Əliyev dünya miqyasında nüfuzlu siyasətçi kimi qəbul olunmaqla yanaşı, sözümüzü imzamıza çevirən mahir strateq kimi hərbi əməliyyatlara şəxsən rəhbərlik edərək, bütün məsələləri nəzarətdə saxladı. Bizim böyük qələbəmizi şərtləndirdi.

Ordu quruculuğu mürəkkəb, daimi prosesdir və hər gün yenilənir. Hər yeni gün müasir texnologiyalar tətbiq edilir. Dövlətimiz də Azərbaycan Ordusunun hərbi potensialının güclü olması üçün onun dünyanın ən qabaqcıl ölkələrinin müasir silahları ilə təmin olmasına çalışır. Şəxsi heyətin qidalanmasına, geyim, silah-sursat təminatına, işğaldan azad edilmiş ərazilərdə müasir kazarmaların və zastavaların tikilməsinə, ordunun daim təlim keçməsinə, təchizatına, kadr potensialına və davamlı islahatların aparılmasına xüsusi diqqət ayrılır. Ordumuzun Türkiyə modelinə keçməsi yönündə də xeyli addımlar atılıb və qarşıya böyük hədəflər qoyulub. Ali Baş Komandanın nəzarəti altında qısa müddətdə mühüm işlərin görülməsi planlaşdırılır.

Vətən müharibəsindən sonra Azərbaycana riyakar münasibət bəsləyən, qısqanc yanaşan dövlətlər də artıq məcbur olaraq ölkəmizin ortaya qoyduğu mövqeyi ilə hesablaşırlar. Bu mövqe beynəlxalq hüquqa və Azərbaycanın suverenliyinə, milli maraqlarına əsaslanır. Ölkəmizin milli maraqlarından bir addım geri çəkilməyəcəyini artıq dünyada qəbul edirlər. Öz ərazi bütövlüyünü, müstəqilliyini daim qorumaq üçün ölkəmiz güclü orduya, müasir silahlara malikdir. Türkiyə, Pakistan və İsrail kimi müttəfiqləri olan Azərbaycanın yürütdüyü siyasətinə dünyanın bir çox ölkələri hörmətlə yanaşır. Bütün bunların hamısı Cənab Prezident İlham Əliyevin apardığı müdrik siyasətin nəticələridir.

Aytac Həşimzadə- Zərdab rayon İsaqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi

Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin azad edilməsi prosesində Türkiyə tam qətiyyətli mövqe nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində Azərbaycanın çətin günlərində Türkiyə daim yanımızda oldu. 44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi.

Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və əməkdaşlıq münasibətləri özünün ən  yüksək səviyyəsindədir. Bu iki dövlət arasındakı münasibətlər tarixin sınağından keçmişheç bir qüvvə bu birliyi poza bilməmişdir.Hər iki dövlət və millət şərəflə ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın   sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqətini dünyaya nümayiş   etdirir. Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.

Bu gün türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini şərtləndirən ən mühüm    amillərdən biri də məhz Azərbaycan- Türkiyə münasibətləridir.

Azərbaycanla Türkiyə arasındakı dostluğun zaman keçdikcə daha da möhkəmlənməsi ölkələrimizin qarşılıqlı münasibətlərinin uğurlu şəkildə inkişaf etdiyini göstərir. Elə dövrlər oldu ki, kənar qüvvələr Azərbaycan-Türkiyə qardaşlığına zərər vermək istəyiblər. Amma iki liderin qətiyyəti və uzaqgörənliyi ona gətirib çıxardı ki, iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq əlaqələri genişlənməyə başladı. Hazırda əməkdaşlıq əlaqələrinin hüquqi bazasını müxtəlif saziş və müqavilələr təşkil edir.      Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra Cənubi Qafqazın gələcəyinə dair quruculuq prosesində Türkiyə və Azərbaycanın birgə mövqeyi bir daha ortaya qoyuldu. Ölkələrimiz dünya ölkələri arasında da önəmli yerə malikdir və əminliklə söyləmək olar ki, bu mövqe daha da güclənəcək. Bütün bu proseslərdə təbii ki, prezidentlər İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın dünyaya baxışı və qətiyyəti çox vacib rol oynayır.

Mətanət Ağayeva- Zərdab rayon Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlərin təsis olunması

44 günlük Vətən  müharibəsinin  Azərbaycanın hərb tarixində ən parlaq səhifə təşkil etdiyi birmənalıdır. Cəmi 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən ordusunu daramadağın edən Azərbaycan Silahlı Qüvvələri işğaldakı torpaqları erməni faşistlərindən azad etmiş, ölkəmizin suverenliyinə nail olmuşdur.

Vətən müharibəsi və onun nəticələrinin təhlili göstərir ki, bu müharibədə Azərbaycanın qələbəsi sadəcə ölkəmiz üçün deyil, bütövlükdə bəşəriyyət üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycanın faşizm üzərindəki zəfəri 30 il ərzində işğalda saxladığı torpaqlardan cinayətkar məqsədlərlə istifadə edən Ermənistanı öz bəd əməllərini davam etdirmək imkanından məhrum etmiş, bu torpaqları bəşəriyyət üçün təhlükə mənbəyi olmaqdan çıxarmışdır.  Ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları, eləcə də Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş igidlər cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.

2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.

Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri  təsis olunub.  “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunun 1-ci maddəsinə  “Azərbaycan Respublikasının ən yüksək təltifi – “Heydər Əliyev” ordeni hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilib: “Zəfər” ordeni və “Qarabağ” ordeni.

Cənab Prezident İlham Əliyev  “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında qanunu və  “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında əsasnaməni  təsdiqləmişdir. Əsasnamədə qeyd olunur ki, “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir. “Vətən Müharibəsi Qəhrəmanı” adının xüsusi fərqlənmə nişanı “Vətən Müharibəsi Qəhrəmanı” medalıdır.

“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci maddəsinə “Qızıl Ulduz” medalından (Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı) əvvəl “Vətən Müharibəsi Qəhrəmanı”, “İgidliyə görə” medalından sonra isə  “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları əlavə olunub.

Səbinə Məhəmmədli- Zərdab rayon Böyük Dəkkə kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq    Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin     birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir

2020-ci ilin 27 sentyabrından 9 noyabr tarixinə qədər davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, ölkənin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı. İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi.

Son günlərdə ermənilər işğaldan azad edilmiş ərazilərdə müxtəlif terror aktları törədirdilər. Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdur.

Bu xüsusda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və  mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər tərəfimizdən aparılan müşahidələrlə təsbit edilmişdir. Ermənistanın Azərbaycana qarşı apardığı bu proseslər məqsədyönlü və planlı terror siyasətinin davamı idi.  Azərbaycan dövləti ermənilərin yaratdığı bu təxribata qarşı səssiz qalmadı və düşmən layiqincə cavablandırıldı.

Dinc durmayan ermənilərin törətdikləri terror əməliyyatları nəticəsində  sentyabrın 19-da  Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində mülki şəxslər həlak oldu. Dəfələrlə hərbi qulluqçularımızın həlak olması və yaralanması kimi faktlar  Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamıdır.

Antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıqlarını bütün dünyaya sübut edərək  qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmiş, hərbi texnikaları isə sıradan çıxarılmışdır.

Ermənilərin törətdikləri terror əməliyyatlarına cavab olaraq Azərbaycan dərhal lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırmışdır. Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki