image-qanunla-reklam
image-316225482_665205548480069_4672592006178682429_n

Hərdən düşünürəm ,biz niyə belə olduq deyə?

image-lady-day-az
Nədən bu qədər soyuq,ehtinasız, məsuliyyətsiz olduq?
Sürətli inkişaf təsir etdi ,həyatımıza, yoxsa xasiyyətimiz dəyişdi ?
Əvvəllər qapımız hər zaman açıq olardı.İndi qapımızı qıfılını bərk baglayıb ,açarımızı ən dərin yerdə gizlədirik.. Əvvəllər dükandan alıb əlimizdə gətirdiyimizi yolda rastlaşdıgımıza təklif edərdik, indi uzaqdan gələn oldugunu görüb gizlədirik.Hətta satıcıya görünməyən sumkaya qoy deyib xahiş edirik.Gözdən ,nəzərdən qorxuruq , yoxsa paylaşmaqdan qorxuruq?
Yadımdadı ata nənəm təndirdə çörək bişirərdi .Qonşu uşaqların hər birinin adına çubuga keçrilmiş balaca kökəsi olardı.Qohum – qonşu təzə bişmiş o ləzzətli təndir çörəyindən kəsməmiş evinə getməzdi. Qapının nə açarı vardı ,nə də qıfılı.Bizim qapıdan keçən Əcəb xalagildəydi ,ordan gələn Şərqiyyə xalagildə .Ev telefonumuz çöldə stolun üstündəydi.Kim istəsə gəlib yıgıb danışardı.Qapını baglayıb ( darvaza) evdən çıxanda hamımız çıxardıq,açarı hasarın üstünə qoyardı atam. Bir dəfə susl verdim. – Ay ata,hamımız çıxırıq,açarı ora niyə qoyursan? Dedi; – yeri oradı, qızım .Bəlkə kiməsə lazım oldu. Biz belə gördük hər şeyi. Atamı axtarardım tapmazdım. Maraqlı olardı mənə hara gedib deyə .Bilirdim ki hansısa qonşuya köməyə gedib.Ya işıqlarında problem var,ya nəsə tikilir həyətdə ,ya evdə peç qurulur və s. Ən maraqlısı nə idi bilirsiniz ? Eyvanımızdan tekniki cihazlar əskik olmurdu.Kimin oldugunu bəzən bilmirdik.Ehtimal edirdik,Nazxanım xala gətirib,yox deyəsən Firuzə xalanındı , yox Lalə gəlinbacıgilindi.Atama düzəltmək üçün gətirirdilər .O da həvəslə , borcuymuş kimi düzəldib qoyardı.Hərdən təəccüblə baxırdım. Atam nə fikirləşdiyimi anlayıb gülürdü. – Geniş ol ,qızım.Adam geniş olar! Yadımdadı rəhmətlik Xanlar əmi ( atamın dayısı oglu) atamın , ya mamanın əlində bir balaca sumkayla gəldiyini görsə tez gəlib əlindən alıb ,düz eyvana kimi gətirərdi. O da yadımdadı qonşu uşaqlarla oglanlı qızlı futbol oynayardıq , ataları da gəlib bizə qoşulardı. Harasa gedərdiksə qonşumuzun oglanlarına tapşırardılar bizi. Zamanə dəyişdi ,yoxsa insanlar? Bibim,xalam bizə gələndə sevindiyimizdən bilməzdik nə edək? Baldızlarmı dəyişdi? İlqar əmimə elə əmi deyərdikki ,elə bil ondan başqa iki əmimiz yoxdu ( adətən əmi çox,olanda adlarıyla deyirlər) Rəna gəlinbcı ( əmimin yoldaşı) deyəndə elə bilirdik xalamızdı ,bibimizdi ( indi də elədi) .Qonşuya yeni gəlin gələndə bir gəlinbacı deyərdik, 5- i də agzımızdan tökülərdi.İndi noldu bizə? Qonşuda kiminsə toyu olanda elə bilirdik bizim evdədi o toy.Sevinə – sevinə gedərdik o toya.Nələr dəyişdi görəsən? Müəllimi müqəddəs sayardıq biz.Baxmayaraq ki evimizdə iki müəllim var idi, elə bilirdim müəllimlər yemək yemir.Qəribədi məktəbdə atama,xalama da müəllim kimi yanaşırdım.Düşünürdüm ki məktəb qapısından girəndən sonra onlara yaxınlaşmaq olmaz. Mental dəyərlərmi itdi ,adət – ənənədənmi uzaq düşdük biz? Yoxsa Avropalaşıb müasir olduq? Bu qədər nədən soyuq olduq ,dərd dinləməz olduq.Nədən hər şeyi pul həll edir deyib puldan asılı olduq. Onda varlı idimi insanlar? Yox , əslində daha da kasıb idi.Nə bu qədər çeşid var idi ,nə bu də qədər bəhəs .Nə də bu qədər nəfis var idi. Nəfisinin qurbanınamı çevrildi insan? O vaxt bu qədər din də təblig olunmurdu,bu qədər namaz qılıb ,oruc tutan da yox idi axı? Agsaqqal var idi ,agbirçək var idi.Onlara hörmət var idi.İctimai qınaq var idi. Qonşu qonşuya torpagını verirdi.Eşitdiklərim var ,filan torpaq mənim babamın olub.Nədən indi bir qarış torpaq üstündə bir – birini bıçaqlayır insanlar? Qonaqlı qaralı idik. İndi aylarla qonşuları görmürük. Bir qonşudan o birini xəbər alırıq. Qonşumuz Şərqiyyə xala vardı, günaşıra gəlib əhvalımızı xəbər alardı. Səmimilik vardı, canıyananlıq var idi. Ən əsası inam var idi. Əsl sevgi var idi. Film kimi sevgilər var idi. Abır – həya var idi. Böyük kiçik var idi. Heyvanlara belə sevgi fərqli idi. Yadımdadı qonşumuz Nicatın itini gəlib qırmayla öldürmüşdülər. Nicat neçə il özünə gələ bilməmişdi. Bir itimiz vardı Reks. Öləndə qonşunun uşaqları yıgışıb gül gətirmişdilər üstünə. Uşaqlıgımız da fərqli idi bizim. Yarıac, yarıtox böyüdük biz . Amma böyük ürəklə böyüdük. İndiki uşaqların hər şeyi var, amma hey nəyisə axtarırlar Mütaliə ilə qidalandıq biz. Bir müəlliməmiz vardı Rəfiqə müəllimə . Ədəbiyyatdan əsərləri oxumayana qiymət yazmırdı. Kitabxanalarda kitablara baglanmışdıq biz. Yaşımıza uygun olmayan kitablar oxumazdıq. Televizorda bizə aid olmayan verlişlərə baxmazdıq. Çox düşünürəm harda səhv etdik biz? Bəlkə də yaşımızdan tez böyüdük. Valideyinlərimiz bizimlə böyük kimi davrandıgı üçün bizlər də “ böyük” olduq. Ən böyük dərsi bizə həyat keçdi bəlkə də. Reallıqlar aydın oldu, insanlar saf oldu. Bizim dərsimiz də anlaşılan oldu. İndiki kimi məktəblərdə dərs yükünə gileylənmədik.Müəllimlərimiz bizi maddi sərvət kimi görmədi. Bilmirəm bəlkə mən fərqli düşünürəm, fərqli görürəm? Gördüyüm odu ki, tam başqa dünya görürəm. Çalışdıgım qədər dünyaya öz dünyamdan baxıb rəng qatmaga çalışıram. Dünyanızı rəngli edin ki , dünyamız rəngə boyansın!
Leyla Yaşar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki