image-qanunla-reklam
image-1695229576_ilham_aliyevv

Fransa 2020-ci ildən başlayaraq bu günə qədər qeyri-konstruktiv və təxribatçı rol oynayır

image-lady-day-az

Fransa 2020-ci ildən başlayaraq bu günə qədər qeyri-konstruktiv və təxribatçı rol oynayır

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan tarixi Zəfərlə ərazi bütövlüyümüzü bərpa etmişdiksə və 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi təmin edildi. Azərbaycan dövləti bu məsələni uğurla həll etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman ordumuz öz xilaskarlıq missiyasını şərəflə yerinə yetirdi. Dünya güclərinin, BMT-nin, artıq gorbagor olmuş ATƏT-in Minsk qrupunun illərnən edə bilmədiklərini rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə döyüş meydanında cəmi 44 gündə və 24 saat ərzində yerinə yetirdi. Milli maraqları nəyi tələb edirdisə, Azərbaycan onu da etdi. Ölkəmizin suveren ərazisi bərpa edildi. Döyüş meydanında böyük itki verən, ağır, dağıdıcı zərbələr alan Ermənistanın işğalçı qüvvələri və onun törtöküntüləri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən geri çəkildilər, daha doğrusu qovuldular.

Bir həqiqət də var ki, Azərbaycanın döyüş meydanında təkcə işğalçı Ermənistanı deyil, ermənilərin havadarlarını da məğlub edərək hərbi, siyasi-diplomatik müstəvidə qələbə qazanması artıq bədxahlarımızı həqiqətləri qəbul etməyə məcbur etdi. Ancaq gizli deyil ki, Azərbaycanın illərdi davam işğala son qoyması Ermənistanla yanaşı, uzun müddət təcavüzkarı dəstəkləyən bəzi ölkələrdə ciddi təşviş yaratdı. Belə ölkələrdən biri də Fransadır.  Bu ölkənin prezidenti Emmanuel Makron isə daim Azərbaycana qarşı gizli və aşkar şəkildə düşmənçiliyini ifadə edir.  Qırx dörd günlük Vətən müharibəsi zamanı, eləcə də postmünaqişə dövründə Fransanın ölkəmizlə bağlı yürütdüyü ikili siyasət bunun əyani təsdiqidir. Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi bədnam qətnamələr isə fransızların siyasi riyakarlığının növbəti təsdiqi oldu. Bu qətnamə layihəsi milli dözümsüzlük, irqçilik, eləcə də ölkədə geniş vüsət almış türkofobiya və islamofobiyanın təzahürüdür. Təbii ki, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu qətnamələr bir daha Fransanın qərəzli siyasi mövqeyini, beləliklə, bitərəf və ədalətli vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirir. Göründüyü kimi, ayrı-ayrı dövrlərdə təcavüzkar Ermənistanı dəstəkləyən Fransanın erməni sevdasından əl çəkə bilməməsi səbəbsiz deyil. Belə ki, bu ölkə təcavüzkar Ermənistan kimi, daim beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirib, başqa xalqlara qarşı soyqırımlar, kütləvi qırğınlar və müharibə cinayətləri törədib. Elə buna görə də böyük bacı olan Fransa hələ də Ermənistanın Azərbaycanda törətdiyi müharibə cinayətlərinə səssiz qalır, eləcə də bölgədə gərginliyi artırmaq və sülhə mane olmaq siyasətini davam etdirir.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

 

 

Mülki əhaliyə qarşı törədilmiş hərbi cinayətlər

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olduğu, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlamışdır.

İlk gündən Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanılmış əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər əraziləri işğaldan azad edilmişdir. Vətən torpaqlarını işğaldan azad edən rəşadətli Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar. Belə ki, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarını ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulmuşdur. 04, 05, 08, 11 və 17 oktyabr 2020-ci il tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 26 nəfər həlak olmuş, 175 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Bərdə rayonunda 29 nəfər həlak olmuş, 112 nəfər yaralanmış, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olmuş, 454 mülki vətəndaş yaralanmış, ümumilikdə 13360 yaşayış və qeyri yaşayış sahəsinə, 346 nəqliyyat vasitəsinə ziyan dəymiş, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilmişdir.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib

Qarabağda 2023-cü ilin sentyabrın 19-da başlayan və bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan qarşıya qoyulan hədəflərə nail oldu. Bütün kommunikasiyalar, yollar, yüksəkliklər nəzarətə götürüldü. Əgər Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra ərazi bütövlüyümüzü təmin etmişdisə, 23 saatlıq antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam bərpa edildi. Bundan sonra Qarabağ iqtisadi rayonunun bütün ərazisində Azərbaycan Konstitusiyasının və digər qanunlarının işləməsi, siyasi hakimiyyətin bərqərar olması təmin olunacaq. Bundan sonrakı mərhələdə qarşıda dayanan əsas məsələlərdən biri Qaraba­ğın erməni sakinlərinin Azərbaycan cə­miyyətinə reinteqrasiyasına nail olunma­sıdır. Bu istiqamətdə atılan hər bir addım, necə deyərlər, yüz dəfə ölçülür, bir dəfə biçilir. Azərbaycan dövlətinin məqsədi 30 ildir bu bölgənin qondarma rejim tərəfindən talan edilməsinə son qoymaq, orada yaşayan insanlara azadlıq, haqq-ədalət, barış və rifah gətirməkdir. Ölkəmizi olmazın məsələlərdə ittiham edən yaxın-uzaq xa­ricdəki bəzi xəbis niyyətli dairələrin söylə­diklərinin əksinə olaraq, hər bir Azərbay­can vətəndaşı kimi, Qarabağda yaşayan ermənilərin də həyatı dövlətimiz üçün çox qiymətlidir. Məhz buna görə də Qarabağ­da ölkəmizin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçi­rilən lokal xarakterli antiterror tədbirləri ilə bağlı bölgədə yaşayan erməni sakin­lərə müraciətdə tədbirlər həyata keçirilən zaman hərbi hissələrdən, obyektlərdən, hərbi texnikadan, qanunsuz rejimin fəa­liyyət göstərdiyi bütün inzibati binalardan uzaq durmaq çağırışı edilmişdi.

Müraciətdə deyilirdi: “Ermənistanın və Qarabağdakı cinayətkar rejimin apardığı təbliğat erməni əhalidə belə bir qənaət yaradıb ki, Azərbaycan etnik təmizləmə siyasəti həyata keçirmək, Qarabağdan erməniləri çıxarmaq istəyir. Əgər belə bir niyyət olsaydı, Azərbaycan 2020-ci ilin noyabr ayında müharibəni dayan­dırmazdı. Həmin dövrdə heç bir qüvvə Azərbaycan Ordusunun Zəfər yürüşünün qarşısını almaq gücündə deyildi. Amma Azərbaycan dövləti sülh yolunu seçdi, Qarabağda yaşayan əhaliyə dostluq əlini uzatdı. Çünki Azərbaycan çoxsaylı xalq­ların bir yerdə mehriban yaşadığı ölkədir. Biz əminik ki, insanlar arasında barış və birgəyaşayış mümkündür. Sizin də bu həqiqəti qəbul etməyiniz və bu ölkənin vətəndaşları kimi yeni gözəl həyata qo­vuşmağınız lazımdır”. Gən­cəni, Bərdəni, Tərtəri uzaqmənzilli raket­lərlə atəşə tutan Ermənistan hərbi-siyasi rəhbərliyindən fərqli olaraq, Azərbaycan müharibəni ləyaqətlə apardı. Beynəlxalq humanitar hüququn bütün norma və prin­siplərinə əməl olundu. Nəticədə Qara­bağda mülki şəxslər arasında ölüm-itim halları minimum oldu. Azərbaycan bu məsələdə də bütün dünyaya nümunə göstərdi.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Reinteqrasiya prosesi intensiv şəkildə davam edir

Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra ərazi bütövlüyümüzü təmin etmişdisə, 23 saatlıq antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam bərpa edildi. Bundan sonra Qarabağ iqtisadi rayonunun bütün ərazisində Azərbaycan Konstitusiyasının və digər qanunlarının işləməsi, siyasi hakimiyyətin bərqərar olması təmin olunacaq. Bundan sonrakı mərhələdə qarşıda dayanan əsas məsələlərdən biri Qaraba­ğın erməni sakinlərinin Azərbaycan cə­miyyətinə reinteqrasiyasına nail olunma­sıdır. Müharibədən sonra Azərbaycan üçün məsələnin siyasi tənzimlənməsi mər­hələsi başlanıb. Bu mərhələdə ölkəmiz Qarabağda yaşayan, bir vaxtlar Azər­baycan vətəndaşı olmuş, son 30 ildə isə Ermənistanın və qanunsuz rejimin giro­vuna çevrilmiş erməni sakinlərin ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatına reinteqrasiya etməsinə çalışır. Azərbay­can 30 illik işğal faktı bitdikdən az sonra özünün erməni sakinləri ilə təmas qurma­ğa hazır olduğunu bildirib. Amma biz xa­ricdən ixrac olunmuş “Ruben Vardanyan” layihəsi ilə Qarabağda yeni reallığın ya­radılmasına, vəziyyətin 1988-ci ilə gətiril­məsinə, yeni status-kvonun yaradılması­na cəhdlər edildiyini gördük.

Bu məsələyə hələ ötən ilin noyabrın 17-də Avropa İt­tifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Aİ-nin və bir sıra üzv ölkələrin Şərq Tərəf­daşlığı üzrə məsul şəxslərinin daxil oldu­ğu nümayəndə heyətini qəbul edərkən Prezident cənab İlham Əliyev də münasibət bildirmişdi. Dövlətimizin başçısı demişdi: “Hesab edirəm, vacib odur ki, Ermənis­tan, əslində, istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermə­nilərlə danışmağa hazırıq, amma ciblə­rində rus xalqından oğurladığı milyardlar­la pula sahib Vardanyan kimi insanlarla yox. O, oraya çox aydın gündəliklə gön­dərilib. Biz Qarabağda yaşayan və ora­da yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni, kənardan müdaxilə olmasa və həmin prosesi da­yandırmaq cəhdləri edilməsə, onda he­sab edirəm ki, proses daha dinamik gedə bilərdi. Lakin bunun Paşinyana və onun hökumətinə heç aidiyyəti yoxdur.” Beləliklə, reinteqrasiya artıq qaçılmaz prosesə çevrilib və şübhəsiz ki, yaxın dövrün ən aktual, bəlkə də ən çox mü­zakirə olunacaq mövzularından biridir. Bu gün Qarabağ ermənilərinin, necə deyərlər, qapısını reinteqrasiya “döyür”. Prosesin mürəkkəb və davamlı olduğu­nu hamı dərk edir. Onun müxtəlif inkişaf mərhələlərində nəzərdə tutulmayan və proqnozlaşdırılması çətin olan amillər meydana çıxa bilər. Ancaq bütün ehtimal­lara rəğmən reinteqrasiya prosesində ən vacib və ən prinsipial məsələ siyasi ira­dənin mövcudluğudur. Dövlət başçımız həmin siyasi iradəni sentyabrın 20-də xalqa müraciətində həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyətə növbəti dəfə aşkar şəkildə nümayiş etdirdi. Prezi­dent cənab İlham Əliyevin “Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır” sözləri Qarabağ ermənilərinin reinteq­rasiyası ilə bağlı Azərbaycan dövlətinin prinsipial mövqeyinin təsbitidir.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Qarabağ əsrlər boyu, minilliklərlə bu ərazidə yaşamış azərbaycanlıların məskunlaşdığı qədim torpaqdır

Tarixin bütün dövrlərində xalqımız müxtəlif siyasi- hərbi münaqişələrə cəlb olunmuş, nəticədə zaman-zaman əraziləri işğal olunmuş, insanları qətlə yetirilmişdir. Müharibələr nəticəsində xalqın minilliklər boyu formalaşmış mənəvi-dini-milli dəyərlərinə ziyan dəymiş, torpaqlarının bir hissəsi əldən getmiş, Cənubi Qafqaz Çar Rusiyasına birləşdirildikdən sonra bu proses güclənmişdir. Hər dəfə xalqımızın faciələri, ərazilərinin işğalı səbəbləri ilə bağlı materialları, əski sənədləri araşdırarkən belə bir qənaət yaranır ki, tariximizin bütün qanlı səhifələri Azərbaycanın Çar Rusiya ilə İran arasında bölüşdürülməsinə gətirib çıxarmış Gülüstan və Türkmənçay müqavilələrindən başlayır. Çar Rusiyasının Azərbaycana qarşı ekspansionist siyasəti rəsmən 1804-1813-cü illər rus-İran müharibəsi ilə başlayır. 1805-ci ildə Azərbaycanın Qarabağ və Şəki xanlıqları ilə Rusiya arasında Kürəkçay müqaviləsi imzalanır. Müqaviləyə görə, bu xanlıqlar Rusiyaya ilhaq edilir və müstəqil xarici siyasət yürütməkdən məhrum olur. Bu mərhələ başa çatdıqdan sonra İranın Rusiya ilə müqavilə bağlaması reallaşır və sülh danışıqları başlayır. 1813-cü il oktyabrın 16-da Gülüstan kəndində, rus ordugahında məşhur Gülüstan müqaviləsi imzalanır. Bu müqavilə Çar Rusiyasının Azərbaycanı işğal etdiyini rəsmən təsdiqləyir. 1826-cı ildə Qacarın qoşunlarının Çar Rusiyanın nəzarətində olan Azərbaycan torpaqlarına daxil olması ilə Rusiya-İran müharibəsi yenidən başlayır. Döyüşlərdə Qacarın qoşunları ağır məğlubiyyətə düçar olur. 1828-ci il fevralın 10-da İngiltərənin səfiri MakDonaldın vasitəçiliyi ilə Təbriz yolunun üstündə yerləşən Türkmənçay kəndində I Nikolay ilə Fətəli şah arasında sülh müqaviləsi imzalandı. Bununla da Azərbaycanın işğalı başa çatdı. Müqavilənin 15-ci maddəsinə əsasən, erməni əhalisinin İrandan Cənubi Qafqaza hərəkətinə icazə verildi. Rus-İran müharibəsində həlledici sonluq olan Türkmənçay müqaviləsi Azərbaycanı param-parça etdi.

Gülüstan müqaviləsindən fərqli olaraq, Türkmənçay müqaviləsinin ağır şərtləri daha tez reallaşdı. Köçürülmüş ermənilər hüsabına yeni işğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının torpaqları “erməni vilayətləri” elan edildi. Halbuki qədim İrəvan torpaqları lap qədimdən türk-müsəlman yurdu olmuş, düşmən qüvvələri qarşısında möhkəm dayanmışdı. Hətta rus-İran müharibəsində burada yaşayan azərbaycanlılar çarın işğalçı qoşunlarına qarşı qəhrəmancasına döyüşmüşdülər. Ermənilər Türkmənçay müqaviləsinin şərtlərindən çox məmnun idilər. Tarixçilər erməniləri Türkmənçayın övladları adlandırırdılar, çünrki Türkmənçay müqaviləsindən əvvəl ermənilər vətənsiz olublar. Erməni tarixçisi Anahid Terminasın qeyd etdiyi kimi, “ermənilər 1917-ci ilədək Qafqazın heç bir məntəqəsində çoxluq təşkil etməmişlər və onların müəyyən bir əraziləri də yox idi”. O vaxtdan bəri Azərbaycan tarixinin hər səhifəsində erməni qanının izi var. Erməni terrorçuları havadarlarına arxalanaraq bütün dövrlərdə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda qan tökmüş, torpaqlarımızı zəbt etmişlər. Adı “sülh müqaviləsi” olsa da, Türkmənçayın kəsdiyi yerdən hələ də Azərbaycanın qanı axır.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki