image-qanunla-reklam
image-0a11818416307738914554373071086138

Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmaq istəmirdi

image-lady-day-az

     Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmaq istəmirdi.

 

Ermənilər tarixən Qafqaza gəldiklərindən bəri “Böyük Ermənistan” nağılını uyduraraq xəyala qapılmışdılar. Qafqazın gözəlliyini, yerüstü və yeraltı sərvətlərini görən ermənilər bunu özlərinə bir növ fürsət bilib özlərini  guya, tarixən Qafqaz bölgəsinə aid olan bir millət kimi dünyaya göstərməyə çalışmışlar. Məhz bunun nəticəsidir ki, onlar hər zaman özlərini “məzlum” qiyafəsinə bürümək üçün daim erməni lobbisinin əli ilə Azərbaycana qarşı müxtəlif yalan və böhtan kampaniyaları təşkil etmişlərdir.

Cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 8 noyabr 2023-cü il tarixində Xankəndi şəhərində şanlı  Zəfərimizin ildönümünə həsr olunan hərbi paraddakı çıxışı zamanı da Ermənistanın öz xoşu ilə bizim torpaqlarımızdan çıxmaq istəmədiyini qeyd etmişdir.

Cənab Prezidentin həmin çıxışından:

“Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmaq istəmirdi. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olmuş vasitəçilər faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar, hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Ancaq, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmaq fikrində deyildi və mən dəfələrlə bunu müxtəlif kürsülərdən bəyan etmişdim ki, biz bu vəziyyətlə barışmayacağıq. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyik və danışıqlar nəticəsiz başa çatsa, güc tətbiq edərək beynəlxalq hüquq əsasında öz doğma torpaqlarımızı döyüş meydanında işğalçılardan azad edəcəyik”.

Cənab Prezidentin çıxışı, illərdir davam edən danışıqların  nəticəsiz bitməsinin Ermənistanın illərdən bəri davam edən məkrli siyasətindən irəli gəldiyini bir daha xatırladdı.

Azərbaycan xalqının mərd, qəhrəman övladları öz canları bahasına, öz sağlamlıqları bahasına doğma Vətənimizi düşməndən qorudular, xalqımızı qalib xalq etdilər. Bu gün hər bir azərbaycanlı qəhrəman şəhidlərimizə minnətdardır. Şəhidlər ölməz. Şəhidlərimiz bizim hər zaman qürur yerimizdir.

Tarixə nəzər salsaq görərik ki, SSRİ hakimiyyəti dövründə, yəni, 7 iyul 1923-cü ildə SSRİ mərkəzi hakimiyyətinin (Moskvanın) təzyiqləri nəticəsində, Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsi, Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmasına dair qərar qəbul etmək məcburiyyətində qalır. Bundan sonra ermənilərin bu əraziləri “mənimsəmək istəyi” daha da güclənir. Sonralar,      20 fevral 1988-ci ildə Birinci Qarabağ müharibəsi başlayır. Bu müharibə nəticəsində torpaqlarımızın 20%-i Ermənistan tərəfindən işğal olunur, xalqımıza qarşı qırğınlar törədilir, müharibə dövründə, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə xalqımıza qarşı Xocalı Soyqırımı törədilir, bu, Ermənistanın xalqımıza qarşı etdiyi qırğınlardan sadəcə biri idi.

Nəhayət, 2020-ci ildə Ermənistan məğlub oldu, haqq-ədalət zəfər çaldı.2023-cü ildə Xankəndi şəhərinin separatçılardan təmizlənməsindən sonra Ermənistan hakimiyyəti başa düşdü ki, illərdən bəri ermənilərin etdikləri özlərini təcrid etməkdən başqa heç nəyə yaramadı. Ali Baş Komandanın düzgün siyasəti nəticəsində həm diplomatik müstəvidə, həm müharibə meydanında qələbə qazandıq. Xalqımız, adına yaraşan şəkildə qələbə qazandı. Ordumuz dinc əhali və mülki obyektləri hədəf almadan möhtəşəm zəfər qazandı.

Şəhid və qazilərimiz sayəsində biz bu zəfəri qazandıq. Bu gün Azərbaycan xalqı şəhidlərimizlə fəxr edir, onlar bizim qürur və iftixar yerimizdir. Şanlı bayrağımız Vətənimizin hər bölgəsində əzəmətlə dalğalanır. Biz bunu şəhidlərimizə və qazilərimizə borcluyuq.

 

Zaminəli Əhmədli

Saatlı rayonu Hacıqasımlı kənd tam orta məktəbin müəllimi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki