image-qanunla-reklam
image-1695019618-1df1e942-9463-326e-acb6-ff8e44300262_850

Erməni terroru

image-lady-day-az

Erməni terroru

Xalqımıza qarşı həyata keçirilən erməni terror aktlarının tarixi hələ XVIII əsrdən başlayır. İlk erməni terror təşkilatları “Hnçaq”, “Armenakam”, “Daşnaksütyun”durki,  bu təşkilatların həyata keçirdiyi terrorun əsas hədəfi azərbaycanlılar olublar. Ümumiyyətlə, erməni terrorunun başlıca məqsədini xəyali “Böyük Ermənistan” dövlətinin yaradılmasına mane olanlara qarşı mübarizə təşkil edirdi. Mənfur planlarını həyata keçirən ermənilər 30 ilə yaxın Azərbaycan torpaqlarını qanunsuz şəkildə işğal altında saxladılar. Lakin ermənilər 30 il ərzində özlərinə müstəqil dövlət qura bilmədilər. Onlar hələ də xarici dairələrdən və xarici hərbi yardımdan asılı durumdadırlar.

2020-ci ilin 27 sentyabrından 9 noyabr tarixinə qədər davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, ölkənin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı. İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi.

Bu gün də ermənilər işğaldan azad edilmiş ərazilərdə müxtəlif terror aktları törədirlər. Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdur.

Bu xüsusda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və  mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər tərəfimizdən aparılan müşahidələrlə təsbit edilmişdir. Ermənistanın Azərbaycana qarşı apardığı bu proseslər məqsədyönlü və planlı terror siyasətinin davamı idi.  Azərbaycan dövləti ermənilərin yaratdığı bu təxribata qarşı səssiz qalmadı və düşmən layiqincə cavablandırıldı.

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana   qarşı terror aktlarını həyata keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə olunmuşdur

Azərbaycanın şanlı tarixinə parlaq, qürurverici  8 noyabr günü qızıl hərflərlə daxil oldu. Uzun illərboyu  xalqımız bu tarixi ədalətin təntənəsini gözləyirdi. 44  günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Nəhayət, Azərbaycan bu tarixi ədaləti təkbaşına bərpa etdi. Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bunu düşmən də, onun havadarları da gördü. Ən önəmli məqam isə ondan ibarətdir ki, dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf etdi, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı. Azərbaycan təkcə döyüş meydanında deyil, həm də diplomatiya sahəsində qalib gəldi. Azərbaycan xalqının bu tarixi qələbəsi ilə erməni lobbisinin onilliklər boyu  formalaşdırdığı güclü anti-Azərbaycan informasiya məkanı darmadağın edildi.

Qalib Azərbaycanla Ermənistan arasında 10 noyabr 2020-ci ildə Bəyanat imzalanmasına baxmayaraq ermənilər qaydalara əməl etmədilər, daim terror əməliyyatları apardılar. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur.

“Laçın” sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Bir müddət bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri tərəfindən aşkarlanmış minalar Rusiya sülhməramlı kontingentinin və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin nümayəndələrinə göstərilmiş və onlardan ciddi tədbir görülməsi tələb edilmişdir. Bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır. Bu, bir daha onu göstərir ki, bu minalar İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün məqsədyönlü şəkildə gətirilmişdir.

Ermənilərin  terror təxribatları cavabsız qalmadı və Azərbaycan yenidən parlaq qələbə qazandı.

Şabəyim Ağayeva- Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir

2020-ci il sentyabr ayının 27-də ölkəmizə qarşı törədilən  növbəti təxribata qarşı əks hücumla başlanan Vətən müharibəsi  Ermənistanın  işğalçılıq siyasətinə böyük zərbə vurdu. Bu müharibə Ermənistan və onun havadarları üçün gözlənilməz oldu. Azərbaycan Silahlı Qüvvələrinin  Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti ordumuzun peşəkarlığı və xalqımızın birliyi sayəsində 44 günlük bu müharibədə hər gün yeni uğurlar əldə edilirdi. İşğal altında olan rayonlarımız kəndbəkənd alınırdı.Bu qalibiyyətdə   bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayır, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyir, uğurlara sevinirdi. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Həmrəylik bizim böyük sərvətimizdir, böyük dəyərimizdir.

Dinc durmayan ermənilərin törətdikləri terror əməliyyatları nəticəsində  sentyabrın 19-da  Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində mülki şəxslər həlak oldu. Dəfələrlə hərbi qulluqçularımızın həlak olması və yaralanması kimi faktlar  Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamıdır.

Antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıqlarını bütün dünyaya sübut edərək  qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmiş, hərbi texnikaları isə sıradan çıxarılmışdır.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır

İkinci Qarabağ müharibəsindən qalib çıxmağımız tarixə qızıl hərflərlə həkk oldu. Bu müharibə də Azərbaycan Ordusu işğala son qoydu. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. “Dəmir yumruq” Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzidir. Vətən Müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşdi.. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamı nümayiş etdirmişdir.

Müzəffər Ordumuzun qarşısında tab gətirə bilməyəcəyinin anlayan Ermənistan dövləti 2020-ci il noyabr ayının 10-da üçtərəfli bəyanata imza atmaqla təslim oldu. Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası demək idi. Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Bəyanatın imzalanmasına baxmayaraq Ermənistan müddəaları qanunsuz bir şəkildə pozurdu.

Kapitulyasiya aktına imza atmasına rəğmən işğalçı ölkə təxribatçılıq fəaliyyətinə də son qoymurdu. Öz havadarlarına arxalanan erməni separatçılarının məqsədi münaqişəni yenidən alovlandırmaq, vəziyyəti gərginləşdirməkdən ibarət idi.

İkinci Qarabağ müharibəsi Azərbaycanın parlaq qələbəsilə başa çatdıqdan sonra  Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika , radioelektron mübarizə vasitələri yerləşdirilmişdir. İki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğuları bu ərazilərdə toplamışlar. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır.

Ermənilərin törətdikləri terror əməliyyatlarına cavab olaraq Azərbaycan dərhal lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırmışdır. Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir

Azərbaycanın dəyərləri əsas dəyərlərdir. Azərbaycan dəyərləri ümumbəşəri dəyərlərin tərkib hissəsidir. Hər bir xalqın özünəməxsus dəyərləri olduğu kimi bizim xalqımızında özünə xas olan dəyərləri var. Biz onları qoruyuruq, qorumalıyıq. Bu gün Azərbaycan o qədər sürətlə inkişaf edir ki, Vətəni sevən hər bir insan qürur hissi ilə deyir: Mən Azərbaycan vətəndaşıyam! Hər bir insan öz Vətənini sevməlidir. Ümumiyyətlə hər bir vətəndaşda vətənpərvərlik, bilik, savad, fiziki hazırlıq, öz keçmişinə bağlılıq, milli ruhda tərbiyə bizim üçün əsas amillər olmalıdır. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik yoxdur.

Bu gün Azərbaycanda azad cəmiyyət formalaşıb, bütün demokratik təsisatlar var və onlar uğurla fəaliyyət göstərir. Bütün azadlıqlar – söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı var. Heç bir senzura yoxdur. Azərbaycan cəmiyyəti azad cəmiyyətdir və bu, bizim böyük nailiyyətimizdir.

Azərbaycan ta qədimdən müxtəlif dinlərə, mədəniyyətlərə məxsus, dil və etnik fərqliliklərə malik xalqların yaşadığı məkan olub. Çoxmədəniyyətlilik bu gün də Azərbaycanın zənginliyi, milli sərvətidir. Azərbaycan qədim dövrlərdən bu günə kimi bu sərvətini qoruyub saxlayır.

Azərbaycan Respublikasında  Ermənistandan fərqli olaraq demoqrafik vəziyyət çox müsbətdir: Hər il orta hesabla 170-180 min körpə dünyaya gəlir. Əhalinin artımı ki,  Azərbaycan dövləti üçün böyük güc mənbəyidir. Günü-gündən inkişaf edən Azərbaycan dövlətində iş yerlərinin, yeni müəssisələrin açılması prosesi sürətlənmişdir ki, işsizlik aşağı səviyyədə olsun. Hazırda işsizlik beş faiz səviyyəsindədir. Bəzi bölgələrdə işsizlik orta hesabla daha da yüksəkdir. Siyasi islahatların, eyni zamanda, iqtisadi islahatların dərinləşməsi nəticəsində son 10 ildə bir milyondan artıq yeni iş yeri açılıb.

Azərbaycan bu gün  dünyada tam müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir. Son illər həyata keçirilən xarici siyasətin təhlilinin ümumi mənzərəsindən də tam aydın olur ki,  Azərbaycan nəinki Cənubi Qafqaz, həmçinin Avropa  və dünya məkanında fəal aktora çevrilib. Bu mövqe həyata keçirilən  siyasi-hüquqi, iqtisadi islahatların  nəticələrinə və bunun əsasında təşəkkül tapmış siyasi naliyyətlərə söykənir.

Bu gün Azərbaycan olduqca fəal xarici siyasət həyata keçirir. Bu siyasət rəqabətə deyil, dostluq, əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanır. Azərbaycan dünyada gedən proseslərdə, ümumi rifahı təmin edəcək dünya nizamının formalaşmasında tutduğu konstruktiv mövqe ilə də fərqlənir. Son illər ölkəmizin əldə etdiyi nailiyyətlər ölkənin beynəlxalq aləmdəki nüfuzunu xeyli artırıb. Dünyanın ən nüfuzlu beynəlxalq qurumları ilə sıx əməkdaşlıq həyata keçirilir və xarici siyasətdə regional əməkdaşlıq məsələləri prioritet xarakter daşıyır. Bütün bu nailiyyətlər Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətinin nəticəsində baş vermişdir.

 Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki